Vaxtilə səhnəmizdə ancaq qarınlı kişilər və əndamlı qadınlar at oynadırdılar. Arıq, fiquralı birini görəndə yəqin xəstədir, qanı azdır, qurdu var kimi iradlar dilə gətirilirdi. Hər gün toylarda, qonaqlıqda olan pullu müğənnilərin kök olması adi qarşılanırdı.
Xarici müğənnilərə həsrətlə baxardıq ki, onlar necə ideal bədənə sahib olur. Xanımları da, kişiləri də göz oxşayırlar.
Əslində belə arzulanan bədənə sahib olmaq heç də asan deyil. Gözəl bədən illərlə idman zallarında edilən məşqlərin bəhrəsidir. Bizim müğənnilərimiz isə günorta
yuxudan durur, səhərə qədər də toyxanalarda olur. Onların idmana getməyə heç vaxtı da yoxdur.
Son dövrlər isə gənc müğənnilər bu stereotipi əməlli başlı sındırmağı bacarıblar. Xaricilər kimi konsertlərdə şou göstərə bilməsələr də, artıq müğənnilər arasında sağlam həyat tərzinə üz tutanların sayı çoxalıb. Məhz bunun sayəsində qarınlı estrada müğənnilərimizin sayı azalmağa başlayıb.
Əslində tanınmışların idmanla məşğul olması və onu təbliğ etməsi çox müsbət amildir. Bu təbliğatla gənclərdə idmana daha çox maraq yaratmaq olar. Çünki statistikaya əsasən, qərbdə əhalinin böyük hissəsi özlərini məşhurlara oxşatmağa can atır.
Müğənni Abbas Bağırovu görmək istəyən varsa, onun getdiyi idman zalının yerini öyrənsin. Müğənni idmana olan sevgisindən həftənin əksər gününü idman zalında keçirir. Məhz bunun sayəsində müğənni əvvəlki görünüşdən əməlli fərqlənməyi bacarıb.
“Eurovizion” təmsilçimiz, Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov da mütəmadi olaraq idmanla məşğul olur. Gənc müğənni formada qalmasını idmana borcludur.
Müğənni Ramal da idmanı həyatının ayrılmaz tərkib hissəsinə çevirib. Yaraşıqlı müğənnini həm də gözəl bədən quruluşuna sahib olmaq üçün idmana həvəs göstərib. Amma Ramal idman zalına adətən tək yox, həmkarı Kərim Abbasov ilə birlikdə gedir.
Ramaldan fərqli olaraq Kərim idmana olan sevgisini və idman etdiyi şəkilləri sosial şəbəkədə daha çox paylaşır. Sosial şəbəkədən müğənninin mütəmadi olaraq idman zalına getməsinin şahidi olmaq olar. Kərim hətta, sosial şəbəkədə onu izləyənlərə məsləhət verir ki, gündə ən azı 30-35 dəqiqə qaçmaq lazımdır.
Düşünməyin ki, idman edən təkcə kişi müğənnilərimizdir. Xanımlarımız da heç bəylərdən geri qalmır.
Xanımlardan danışanda ilk olaraq Aygün Kazımovadan daşlamaq istəyirəm. Müğənniliyə başlamazdan əvvəl həndbol idman növü ilə məşğul olan və komandanın kapitanı olan Kazımova sonradan idmanı atıb və yalnız müğənniliklə məşğul olur. Eks idmançı istədiyi bədən quruluşuna nail olmaq üçün yalnız pəhriz və plastik cərrahiyyəyə müraciət edir. Son bir ili isə xalq artisti plastik cərrahiyəyə yox deyib, yalnız üzgüçülük, böyük tennis və qaçış ilə məşğul olaraq ideal bədənə sahib olub. Əlbəttə ki, pəhriz də öz yerində.
Xalq artisti Brilliant Dadaşova da uzun illərdir sağlam həyat tərzi sürür. Müğənni saatlarla idman zalından çıxmır. İdmanla yanaşı xalq artisti nəfsinə də güc gələ bilir. Hətta, o, maraqlı bir açıqlama da edib: “Əgər ürəyimdən keçən bir paltar mənim əynimə gəlmirsə, mən böyük ölçücüsünü almıram. Arıqlayıram ki, həmin paltarı geyinim”.
Pəhrizi də müğənni maraqlı formada saxlayır. “Qonaqlıqlarda çox oluram. Cürbəcür yeməklər olur. Qarşıma hər şey düzürlər. Kababı götürüb iyləyirəm və deyirəm, çox sağolun, mən doydum”.
Müğənni Günay İbrahimli də mütəmadi olaraq idmanla məşğul olur. Günayı bəlkə də robot müğənni adlandırmaq olar. Müğənni səs yazma studiyasına da, klip çəkilişinə də, toya da, idman da zalına getməyə də vaxt tapır. Günay idmana vaxt tapa bilməyənlər üçün əsl motivasiyadır.
Sevinc və Sevil əkiz bacıları da formada qalmalarını idmana borcludurlar.
Müğənni Sevinc Ağaşirinova isə müğənnidən çox bəlkə də idmançıdır. Yaxın zamanlarda onu hansısa idman turnirində görsək təəccüblənmərik. İncə müğənni özündən ağır çəki daşları ilə squart hərəkəti edir. Əslində bu alqışlanmalıdır.
Kök olub arıqlaya bilməyənlər üçün isə prodüser və aparıcı Təranə Səmədova isə sözün həqiqi mənasında motivasiya rolunu oynaya bilər. Təranə xanım, idman zalına gedib, düzgün formada pəhriz saxlamaqla 30 kq-dan artıq çəki atmağı bacarıb.
Sonda onu da qeyd edək ki, əgər məşhurların idmana olan bu sevgisi Sizi də həvəsə gətirdisə, idmana başlamağa qərar verdinizsə, mütləq idmana məşqçi ilə başlayın ki, sağlam olmaq əvəzinə bədəninizi zədələməyəsiniz.