“Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) günahlandırıb.
“Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir” başlıqlı məqalədə deyilir ki, X.İsmayıl və həmkarlarına qarşı ittihamlara görə, onlar əslində jurnalistlər yox, MKİ agentləridir.
“Bu, tamamilə cəfəngiyyatdır. Bununla belə təəssüflər olsun ki, Amerika da bu bəhanənin irəli sürülməsinə kömək edib. Buna son qoyulmalıdır” -deyə C.Qodmin yazır.
Virtualaz.org saytının Qərb KİV-lərinə istinadən verdiyi xəbərə görə, məqalənin altında C.Qodminlə yanaşı Boston kollecinin tələbəsi, ictimai diplomatiya və ABŞ-ın xaricdəki imici üzrə araşdırmaların müəllifi Marta Baylesin də imzası var.
Məqalədə deyilir ki, “Azadlıq” radiosu 1949-cu ildə Şərqi Avropa və Sovet İttifaqındakı kommunist rejimlərinin informasiya monopoliyasına son qoymaq üçün yaradılmışdı. Və radionun maliyyələşdirilməsi MKİ-dən gizli həyata keçirilirdi. Bu gizli maliyyələşdirmə 1967-ci ildə jurnalist araşdırmaları nəticəsində üzə çıxdı. 1971-ci ildə isə bu maliyyələşdirmə dayandı. 1972-ci ildə Konqres “Azadlıq” radiosunun müstəqil media şirkəti kimi açıq şəkildə maliyyələşdirilməsinə səs verdi.
“Bu gün özəl KİV sektorunda “Azadlıq” radiosunu ABŞ hökumətinin aləti hesab etmək tendensiyası var. Bu, ironiyadır. Çünki “Azadlıq” radiosu hökumətdən məsafə saxlamaq prinsipinə sadiqdir. Ancaq bu, daha geniş sual meydana çıxarır. Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistləri “verbovka” etməlidirmi?” - deyə müəllif sual edir.
Ceffri Qodmin
C.Qodmin yazır ki, Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin “verbovka”
olunması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi belə görünür ki, 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər.
Müəllif yazır ki, bundan 20 il sonra - 1996-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə etdilər.
O vaxtdan bu yana məsələ açıq qalır. Qismən də ona görə ki, MKİ bu praktikadan tamamilə imtina etdiyini açıq şəkildə elan etmir. Və amerikalılar bu imkandan zarafat üçün də yararlanırlar. Məsələn, “Sony Production” şirkətinin çəkdiyi “Müsahibə” filmində televiziya tok-şousunun aparıcısı və onun prodüseri MKİ tərəfindən Şimali Koreya lideri Kim Çen Inı öldürmık üçün “verbovka” olunur.
“Ən azından iki səbəb var ki, MKİ nəhayət jurnalistlərin ələ alınmasının və agentlərin jurnalist adı altında yerləşdirilməsinin qadağan edilməsini elan etməlidir. Birincisi, bu praktika bitərəf jurnalistikanı təhlükəli edir. 1985-ci ildə “Hizbullah” tərəfindən əsir götürülən “Assoşieyted press” reportyoru Terri Andersondan soruşun. Onu MKİ agenti olmaqda ittiham edirdilər. 1991-ci ildə azad olunandan sonra Anderson televiziya verilişləri ilə casusluq arasında fərqlərə qarşı açıq şəkildə çıxış edirdi.
Bu, o demək deyil ki, əgər MKİ-nin siyasəti daha az dumanlı və problemli olsaydı, taliblər “Wall Street Journal”ın reportyoru Daniel Perli öldürməzdilər və ya Azərbaycan polisi Xədicə İsmayılı həbs etməzdi. Lakin məsələ risklərin idarə edilməsinə gələndə jurnalistlərin ələ alınmasına qadağa qoyulması pozitiv addım olacaq. Belə qadağanın olmaması Amerikanın müttəfiqlərini ona etimadına zərbə vurur və düşmənlərinin ocağına yağ tökür” - məqalədə belə deyilir.