Azərbaycandakı repressiyalar Türkiyə mətbuatında

4-01-2015, 16:53   
Azərbaycandakı repressiyalar Türkiyə mətbuatında
Azad medianın susdurulması və hakimiyyətin Qərblə savaşı qardaş ölkədə də diqqət mərkəzinə gəldi

Azərbaycanda baş verən hadisələr, hakimiyyətin daxili və xarici siyasətdəki addımları dünya mətbuatının da diqqətindən yayınmır. Dünyanın nüfuzlu media orqanları ölkədəki anti-demokratik vəziyyətdən, repressiyalardan, korrupsiyadan bəhs edir və Azərbaycanla bağlı geniş məqalələr yazırlar.

Son dövrlər Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı apardığı “qara kampaniya”da diqqətdən yayınmayıb. Belə ki, Türkiyənin “Dünya bülteni” xəbər portalı “Azərbaycan ABŞ qarşıdurması böyüyür” başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, Azərbaycan-ABŞ münasibətlərindəki gərginlik ölkə telekanallarının da əsas gündəminə çevrilib və telekanallar ABŞ əleyhinə proqramlar hazırlayırlar.

“Son aylar ərzində Azərbaycan hakimiyyəti ABŞ-a qarşı tənqidlərin dozasını artırıb. Bunun səbəbi isə ABŞ-ın insan haqları və demokratiya tələblərinə rəğmən, Azərbaycan hakimiyyətinin Kreml sarayı ilə bağları gücləndirməsidir. Həm Azərbaycan telekanalları, həm də hakimiyyət təmsilçiləri ABŞ-ı ittiham edir, İraqda, Əfqanıstanda baş verənlərə görə bu ölkəni günahlandırırlar. Azərbaycan hakimiyyəti bəyan edir ki, heç bir ölkə insan haqları məsələsində Azərbaycana təlimat verə bilməz. 2014-cü ilin son günlərində daha bir önəmli hadisə baş verdi. “Azadlıq radiosunun Bakı ofisi möhürləndi və radionun işçiləri prokurorluğa çağırılaraq dindirildi. Prokurorluq bunu belə izah edib ki, işçilərin bank hesabları nəzarətə götürülüb və müəyyən şübhəli məqamlar var. Şübhə doğuran məqamın isə müəyyən yeyintilərin ola biləcəyi iddia edilir. Radionun işçiləri isə ittihamların əsassız olduğunu bildirirlər” - deyə Türkiyə mətbuatı yazır.


Türkiyənin “Radikal” qəzeti isə Azərbaycanda azad mətbuatın ağır vəziyyətindən bəhs edən “Hakimiyyət gücləndikcə qəzetlərə təzyiq artır” başlıqlı məqalə dərc edib: “Türkiyədə son dövrlər yaşanan basqılar, həbslər təəssüf doğurur. Biz “paralel dava”larla məşğul olduğumuz vaxtda bir yandan da Qafqazdakı ən böyük müttəfiqimiz Azərbaycanda ifadə azadlığı ayaqlar altına salındı. Son günlər Azərbaycanda müxalifyönlü mətbuata təzyiqlər artıb, “Azadlıq” radiosu qapadılıb. ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan prezidenti İlham Əliyevlə ölkədəki siyasi məhbuslar və ifadə azadlığı ilə bağlı telefon danışığı hadisələri daha da tətiklədi. Bu telefon danışığından 5 gün sonra “Azadlıq” radiosunun işçiləri saxlanıldı, onların ifadələri alındı. Bu proses uzun müddətdir davam edir və son dövrlər daha da yüksəlməyə başlayıb” - deyə qəzet yazır.

“Radikal” qəzeti "Azadlıq" radiosunun Praqa ofisinin işçisi Arzu Qeybullayevanın fikirlərinə də ter ayırıb: “Son dövrlər hakimiyyət Qərbə qarşı addımlar atmağa başlayıb. Azərbaycan hakimiyyəti ABŞ-ı korrupsiyada, qanunsuzluqda itiham etməklə məşğuldu. Hansıki, bu saat Azərbaycanda 15-ə yaxın jurnalist və blogger peşə fəaliyyətinə görə həbs edilib. “Zerkalo” qəzeti qapandı. BBC, “Amerikanın səsi”, “Azadlıq” radiolarının FM tezlikləri 2008-cil ildən dayandırılıb. “Azadlıq” qəzetinə təzyiqlər davam edir. İlham Əliyev son illər daha da zənginləşdi və ipin ucunu itirdi. Hakimiyyət azad mətbuatdan o qədər qorxur ki, onları susdurmaq üçün istənilən vasitəyə əl atmağa hazırdır. 2010-cu ilin parlament seçkilərindən sonra təzyiqlər daha da artdı. Son olaraq Xədicə İsmayıl həbs edildi və bu həbsin səbəbi onun korrupsiya ilə bağlı araşdırmalar aparmasıdır”.

Sonda qəzet yazır ki, ifadə azadlığının çərçivəsi hər gün bir az da daralır. Sanki, Rusiyada Putinin müxalifətçiləri məhkəmələrə çəkib həbs etməsi, kiçik postsovet ölkələrinə də sıçrayan bir diktatorluq dominosu yaradıb.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.