Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Rus mediasının köhnə şakəri – qərəzli, qeyri-obyektiv və vicdansız...

20-10-2020, 14:21   


Rusiya mediasının ölkəmizə qərəzli yanaşması yeni hadisə deyil, startını 1988-ci ildən, erməni seperatçılarının Qarabağı ələ keçirmək uğrunda başlatdıqları kampaniyadan götürüb və davam edir.

Hələ o zaman mərkəzi televiziyanın “Zaman” proqramının Ermənistanda və Azərbaycanda işləyən telereportyor qrupları belə qaynar bölgədən hazırladıqları 1-2 dəqiqəlik süjetlərdə məsələni elə təqdim edirdilər ki, ermənilər haqlı, biz haqsız çıxırdıq. “Zaman” guya ki, tərəflərə bərabər vaxt ayırırdı, amma ərazisi işğala, əhalisi deportasiyaya məruz qalan ölkə aqressor kimi təqdim edilirdi.Düzdür, rus mediasında ara-sıra vicdanlı ziyalılar (Mixail Zadornov, Stanislav Qovoruxin kimi) tapılırdı və onlar Qarabağ ətrafında gedən oyunların mahiyyətini və prosesin nəylə nəticələnəcəyini açıq-aydın yazır, həqiqətin nədən ibarət olduğunu qeyd edirdilər, amma əksər rus jurnalistlər bütün qəlbləri və cibləri ilə ermənilərin yanındaydılar.
Onların nədən belə mövqe tutmasının iki əsas motivi vardı: 1. Ermənilər bu anneksiya kampaniyasına ciddi hazırlaşmışdılar və informasiya savaşının “muzdlu”larına çox səxavətlə pul-para ayırırdılar; 2. Yeni start götürmüş dinə qayıtma prosesində bir çox jurnalistlər gizli xristian təəssübkeşliyi xətti yeridirdilər.
111.jpg (8 KB)
Üstəlik, bir çox media qurumlarının birinci, ikinci, üçüncü şəxsləri postunda milliyyətcə erməni olanlar vardı və onlar sırf “erməni lütfkarlığı” ilə “kollektivin sevimlisi”ydilər, bu mövqe və statuslarından öz “qədim və əzabkeş xalq”larının “haqq işi” üçün yararlanırdılar.
Həm də bu, o qədər də təhlükəli məşğuliyyət sayılmırdı, Kremldə əyləşən ermənipərəstlər də çox idi və onlar da jurnalistlərin bu cür mövqe tutmalarından yanaydılar. Bir sözlə, necə deyərlər, donuzun könlü şamlıqdaydı, it də onları ora qovurdu.
Həmin durum müəyyən istisnalarla dəyişməyib, Rusiya telekanallarında, media qurumlarında ermənilər yenə çoxdur. Dəyişən odur ki, artıq Kremlin divarları arasında, xüsusilə də qərar verən şəxslər dairəsində aşırı erməni sevgisi yoxdur. 25 günə yaxındır davam edən 3-cü Qarabağ müharibəsinin gedişi bunu aydın göstərir. Əksi olsaydı, hərbi əməliyyatlar sentyabrdan oktyabra keçməzdi. Qoymazdılar.
20 лет назад Армения лишилась верного друга: убили Галину Старовойтову
Qatı ermənipərəst deputat Qalina Starovoytova, Harri Kasparov və Moskva meri Qavriil Popov 
Ancaq rusiyalı siyasətçilər və generalitet arasında, eləcə də ictimaiyyət və mətbuat sferasında ermənilərə rəğbət bəsləyənlər də çoxdur. Hərəsinin də öz motivi var – dini təəssübkeşlik, qohumluq əlaqələri, korporativ maddi maraqlar, hətta ola bilər, informasiyasızlıqdan doğan mərhəmət, əzilənə qahmar çıxmaq hissi.
Əslində insanlarda sonuncu hissi məhz qərəzli media təmsilçiləri yaradırlar.
Adi və parlaq misal.
Oktyabrın 10-da və 17-də gecə saatlarında ermənilər iki dəfə Gəncə əhalisini raket atəşinə tutdu, toplamda 25 nəfər həlak oldu, 100-ə yaxın dinc sakin yaralandı. İndi baxaq, görək, rus mediası bunu necə işıqlandırdı. Əksəriyyəti xəbəri “Bu gecə Gəncəyə iki raket düşüb” kimi verdi. “İki raket düşüb”. Sanki özü düşüb. Kimin atdığı bilinmir.
Bunun qarşılığında elə həmin günlərdə Azərbaycan ordusunun artilleriya atəşi nəticəsində Ağdərədə hərbi hospitalın yaxınlığına düşən mərmi hospitalın pəncələrinin şüşəsini qırıb tökmüşdü, ölən olmamışdı, amma rus jurnalistlər elə qələmə verirdilər ki, sanki şüşələrin qırılması 13 dinc sakinin həlak olmasından, 50 insanın yaralanmasında, iki çoxmənzilli binanın yerlə yeksan olmasından daha dəhşətli hadisədir.
Bundan başqa, rus jurnalistlərin reportajları əsasən cəbhənin qarşı tərəfindən olur, Xankəndidən, Ağdərədən, Şuşadan reportaj verirlər, Tərtərin darmadağın dağıdılmasını isə çəkən, göstərən yoxdur. Heç bizimkilərin çəkib göndərdiyi hazır materialları da yaymırlar.
222.JPG (38 KB)
                               Lenta.ru saytının materialından bir parça
Bir də elə saytlar var ki, Qarabağa dair verdikləri xəbər və yazıların bir yerinə mütləq münaqişənin tarixçəsinə aid abzas pərçim edir və belə şeylər yazırlar: “SSRİ dağılan ərəfədə Azərbaycan Dağlıq Qarabağı zorla işğal etməyə çalışdı, ermənilər müdafiə olundu və Azərbaycan ərazi itirdi”.
Təkcə bu təqdimatda o qədər qərəz və təhrif var ki, gerçəkliyin nədən ibarət olduğunu izah etmək üçün gərək azı 1905-ci il hadisələrindən başlayasan. Uzağa gedərək, Qarabağa ermənilərinin 19-cu sərin ortalarında İrandan köçürülməsini də demək lazım gələr.
Bir neçə gün öncə Prezident İlham Əliyev RBK telekanalına verdiyi müsahibədə rus mediasının qərəzkarlığından danışaraq demişdi:
"Bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək".
Ortada olan odur ki, Azərbaycan və Rusiyanın arasındakı strateji əməkdaşlıq və dostluq münasibətinə ard-arda “SKAD” zərbələri vuran rus jurnalistləri dövlət mənafeyi və milli maraqlar düşündürmür. Onlar öz qazanclarının hayındadırlar və dostluq, qohumluq münasibətlərini ölkənin, xalqın maraqlarından, ən ümdəsi isə haqq-ədalətdən üstün tuturlar.
Ancaq bu tiplər unudurlar ki, internet əsrində, hər kəsin əsl həqiqəti öyrənmək üçün qaynaq və vasitə tapmaqda çətinlik çəkmədiyi bir dövrdə artıq kimisə aldatmaq, kiminsə gözünü boyamaq, yanlış ictimai rəy yaratmaq mümkün deyil. Bir hadisə baş verəndən cəmi 10 dəqiqədən sonra internet resursları real şəkil və videolarla, cürbəcür şərhlərlə dolub-daşır və həqiqət üzə çıxır. Qərəzkarlar isə etibarlarını, tirajlarını itirirlər.

Xalid KAZIMLI
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar