Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Qarabağ savaşının Gürcüstana açdığı şans - Bakı və Tiflis tale ortaqları kimi

24-10-2020, 09:24   




Natiq Cəfərli: “Bizim problemimiz eynidir, 30 ilə yaxındır ki, işğal faktından hər iki dövlət əziyyət çəkir...”

Azərbaycanın Böyük Vətən müharibəsi başlayandan bu günə müxtəlif ölkələr fərqli mövqelər səsləndirsələr də, öz tutduğu strateji xətlə Azərbaycanı məmnun edən ölkələrdən biri də Gürcüstan oldu. Rəsmi Tiflis Rusiyanın Ermənistana göndərdiyi silahların öz ərazisindən keçməsinə icazə verməyərək, bu prosesi xeyli zəiflətdi.Gürcüstanın Azərbaycana dəstəyini dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətlərində və çıxışlarında yüksək qiymətləndirib. Azərbaycan Prezidenti həmçinin bu günlərdə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində regional əməkdaşlığın inkişaf etdirilməsi kontekstində Azərbaycanla Gürcüstan arasında əlaqələri yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan  strateji tərəfdaşdırlar, iki ölkə hökuməti arasında mükəmməl əlaqələr mövcuddur, qarşılıqlı münasibətlər qarşılıqlı dəstək, dostluq və yaxın qonşuluq prinsiplərinə əsaslanır.  Bununla yanaşı, Azərbaycanla Gürcüstan birlikdə regionun və daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələri reallaşdırıblar. Bunların arasında  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars və s. xüsusi əhəmiyyətə malik layihələrdir. Azərbaycan Gürcüstanda iki ən böyük investordan və vergi ödəyicisindən biridir. 
Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr reallaşdırır. Gürcüstanın hazırkı hakimiyyəti strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir.
Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
Natiq Cəfərli
Mövzu  ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Gürcüstanla Azərbaycan arasındakı əlaqələr həm siyasi, həm də iqtisadi baxımdan xeyli inkişaf edib və hər iki dövlətə faydalıdır: “İki ölkəni birləşdirən ən böyük amil odur ki, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, iqtisadi bağlantısıdır. Bizim Türkiyəyə və Avropaya iqtisadi bağlantımız Gürcüstan üzərindəndir. Bu da Gürcüstanın həm strateji əhəmiyyətini, həm iqtisadi fürsətlərini genişləndirən əsas amillərdən biridir  və bəlkə də birincisidir. Hamımızın bildiyi böyük layihələr var, Bakı-Tiflis -Ceyhan, Bakı-Tiflis-Qars kəməri, bundan başqa Qarsa qədər uzanan dəmiryolu layihəsi - bütün bunlar böyük layihələrdir, onların həyata keçirilməsindən belə Gürcüstanın həyatına ciddi dividentlər gəlir. Bu günə qədər də tranzit ödənişləri olaraq Gürcüstan büdcəsinə valyuta daxilolmalarına səbəb olan əsas layihələrdir. İndi Cənub Qaz Dəhlizi layihələri TANAP və TAP xətləri çərçivəsində genişləndirilir və bu da Gürcüstan ərazisində son 2-3 ildə iri layihələrin, yenidənqurma işlərinin həyata keçirilməsinə səbəb oldu. Bundan  başqa, Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. İnvestor kimi isə ikinci şirkəti ”SOCAR Georgia"-dır. Buna görə də, Gürcüstanda kifayət qədər iqtisadi fürsətlərimiz və maraqlarımız var ki, onları birgə dəyərləndirə bilirik".
İqtisadçı ekspert vurğuladı ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına töhfələri çox böyükdür: “Gürcüstan ərazisinə ən çox investisiya qoyan 3 ölkədən biri Azərbaycandır. ”SOCAR Georgia" çox böyük investisiya layihələri həyata keçirir. Bundan əlavə, Gürcüstan tranzitdən stabil gəlirlər əldə edir. Neftin və qazın qiymətindən asılı olaraq bu rəqəmlər müxtəlif olur. Ancaq stabil olaraq 50-100 milyon dollar arası tranzit gəlirindən söhbət gedir. Bu da Gürcüstan iqtisadiyyatı üçün böyük rəqəmdir. Azərbaycan vətəndaşları da orada investor kimi çox yaxından çıxış edirlər. Son 10 ildə Azərbaycandan kifayət qədər iş adamları Batumidə , Tiflisdə, Gürcüstanın müxtəlif yerlərində  xidmət sahəsindən tutmuş kənd təsərrüfatına qədər böyük investisiya qoyublar. Azərbaycanlılar fərdi olaraq da Gürcüstanda bizneslə məşğul olan və oraya investisiya yatıran əsas xarici vətəndaşlardan biridir".
N.Cəfərli hesab edir ki, bütün bunlardan başqa, bizim Gürcüstanla tale bağlantılarımız da var: “Həm bizim, həm də Gürcüstanın ərazilərinin işğal altında olması faktı da var. Gürcüstan da uzun illərdir bundan əziyyət çəkir. Hər iki ölkədə eyni vaxtda işğal faktı qeydə alınıb. Bu da siyasi birliyə səbəb olur. Bizim problemimiz eynidir, 30 ilə yaxındır ki, işğal faktından hər iki dövlət əziyyət çəkir. Bu da bizim talelərimizin oxşar olduğunu göstərir. Ona görə də, burada siyasi dəstək də önəmlidir. Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq və dəstəkləyirik, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bəyanatlar verir”.
Qarabağ məsələsində qonşu ölkənin mövqeyinə gəlincə,  N.Cəfərli bildirdi ki, Gürcüstan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin onlar üçün də müəyyən şanslar yaratdığını anlayır: “Gürcüstan daxilindəki Cavaxetiya bölgəsində baş verə biləcək istənilən hadisələrin önlənməsinə səbəb olacaq. Çünki orada da gərgin bir vəziyyətdir, orada da ermənilər istənilən vaxt öz müqəddəratını təyin etmə və ya müstəqilliklə bağlı hərəkata başlaya bilərlər. Bir neçə dəfə buna cəhd ediblər, ancaq Gürcüstan kökündəcə məsələni həll etməyə nail olub. Ancaq hər halda bu təhlükə də qalır. Dağlıq Qarabağ məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, həm Cavaxetiya məsələsini birdəfəlik bağlayacaq, həm də Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün fürsətlər pəncərəsinin açılmasına səbəb olacaq”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar