Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan 30 hərbçi meyitini və bir mülki şəxsi Ermənistana verib

30-10-2020, 09:06   



bayraqŞƏKLİN MƏNBƏYİ,AFP
Şəklin alt yazısı,Hikmət Hacıyev bildirib ki, cəsədlərin verilməsi məsələsində BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi də iştirak edib.
Cümə axşamı günü Rusiya tərəfinin iştirakı ilə Azərbaycandan 30 əsgər və zabit meyitinin və bir mülki şəxsin Ermənistana verilməsi baş tutub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, daha bir nəfər sağlamlıq vəziyyəti imkan verən kimi qarşı tərəfə veriləcək.
Erməni tərəfi 29 hərbçi meyitinin Azərbaycan tərəfindən aldığını və bir mülki şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə bir mülki şəxsin Ermənistana ötürüldüyünü açıqlayıb.
Bu hadisə son illərdə Qarabağ münaqişəsi tarixində baş vermiş ən geniş miqyaslı və bir aydan çoxdur ki, davam edən müharibə dövründə isə ilk belə humanitar addımdır.
Meyitlər Ermənistan-Azərbaycan sərhədindin Tavuş rayonu (Azərbaycan tərəfdən Tovuz rayonu) Ayqepar kəndi hissəsində ötürülüb, erməni tərəfi açıqlayıb.
Bundan sonra erməni tərəfi "Azərbaycan hərbçilərinin cəsədlərini Azərbaycan tərəfinə verməyə hazır olduğunu" açıqlayıb.
"Erməni tərəfi humanitar atəşkəs razılığına sadiq qalaraq, Qarabağ tərəfində qalmış Azərbaycan hərbçilərinin nəşlərini Azərbaycan tərəfinə verməyə, cəbhə boyunca mövqelər arası ərazidə qalan cəsədlərin təxliyə edilməsi və hərbi əsirlərin mübadiləsi haqqında danışıqlar prosesinə başlamağa hazırdır", Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan yazıb.
Bununla bağlı Azərbaycan rəsmiləri hələ ki, şərh verməyib.

Hikmət Hacıyev bu gün Tərtərdə jurnalistlərə deyib ki, 18 oktyabrdan, ikinci atəşkəs razılaşmasından bu yana Ermənistan tərəfi meyitlərin və iki dinc sakinin verilməsi təklifinə cavab verməyib.
Cənab Hacıyev bu məsələdə qarşı tərəfdə öz əlaqələrindən istifadə edən Rusiyanın Müdafiə naziri Sergey Şoyquya təşəkkür edib.
Onun sözlərinə görə, Rusiyanın dəstəyi ilə hər iki tərəf humanitar dəhliz yaradıb və təhvil verilmə təhlükəsiz şəraitdə başa çatıb.
"Bir mülki insan, yaşlı xanım müvafiq tibbi dəstək göstərilməklə Gürcüstan ərazisi vasitəsiylə Ermənistana verildi. Bir nəfər yaşlı kişi var ki, onun 80-dən artıq yaşı var və tibbi şərait imkan verdiyi təqdirdə o da Ermənistan tərəfinə sağ-salamat təhvil veriləcəkdir," - cənab Hacıyev jurnalistlərə deyib.
O bildirib ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi də iştirak edib.
Cənab Hacıyev bu addımın "Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına sadiqliyini" göstərdiyini deyib.
Azərbaycan və Ermənistan ilk dəfə Qarabağda başlayan yeni müharibənin 14-cü günündə humanitar atəşkəs imzalayıb. Məqsəd hərbi əsirlərin verilməsi və döyüş bölgəsində həlak olmuş hərbçilərin meyitlərinin yığılması idi. Ancaq üç dəfə elan olunan atəşkəs razılaşmasından sonra indiyədək heç biri baş tutmamışdı.
Bir neçə gün öncə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bəyan edib ki, onlar "Azərbaycanda saxlanan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazırdır".
"Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad etməyə hazırıq,"- Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bildirib.
Azərbaycan rəsmiləri bəyan ediblər ki, indiyədək Ermənistan əsirlərin və saxlanan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı təklifləri cavabsız qoyub.
Ermənistan Əsir və Girovlar Komissiyası, Müdafiə və Xarici İşlər nazirliklərindən Azərbaycan tərəfinin təklifi ilə bağlı şərh almaq hələ mümkün olmayıb.
Ermənistanda Beynəlxalq Qızıl Xaç Komitəsi ofisinin nümayəndəsi Zara Amatuni də hazırda tərəflər arasında təkliflərin müzakirə olunduğunu istisna etməyib, lakin Azərbaycan tərəfdən Ermənistan belə bir təklif edildiyini nə təsdiq, nə də təkzib edib.
"Təkliflər həmişə var və müzakirə olunur, indi də müzakirə olunur, Amatuni bildirib və əlavə edib ki, Komitə bu prosesdə iştirak etmir və yalnız müzakirələrdən sonra tərəflər bir araya gəlib müraciət etsələr, öz vasitəçilik vəzifəsinin yerinə yetirilməsinə qatıla bilər.
"Bir təşkilat olaraq biz tərəflərin humanitar əməliyyatlarla bağlı müzakirə etdiyi məsələlərin məxfiliyini poza bilmərik. Bizim buna ixtiyarımız yoxdur. Öz təklifləri, müzakirələrin gedişi və nəticələrini aşkar etmək ya məxfi saxlamaq tərəflərin ixtiyarındadır. Kimsə açıqlayır, kimsə ictimailəşdirmək istəmir", - BQXK Yerevan ofisinin nümayəndəsi Zara Amatuni BBC müxbirinə deyib.
Çərşənbə günü Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin sözçüsü İlahə Hüseynova BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurum hazırda münaqişə tərəfləri ilə humanitar fəaliyyətin həyata keçirilməsi ilə bağlı dialoq aparır.
Amma o əlavə edib ki, dialoqun məğzi barədə ictimaiyyətə açıqlama verə bilmir və bu, "ikitərəfli dialoqun məzmunudur".
Bir neçə gün əvvəl Azərbaycan tərəfi "Ermənistandan olan hərbi əsirlərin" müalicə olunması və səlahiyyətli şəxslərin onlarla görüşməsi barədə məlumat yayıb və fotolar dərc edib.
Ermənistan tərəfinin nümayəndəsi isə "Azərbaycandan olan hərbi əsirlərin" müalicə olunması ilə bağlı məlumat yayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar