Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyan gizli sənəd imzalayacağını 2018-də bilirdi?

11-11-2020, 13:23   



“Ermənistan hökuməti kapitulyasiya sənədini heç kimin fikrini soruşmadan, xalqın mövqeyini öyrənmədən, ictimai-siyasi qüvvələrlə hər hansı məsləhətləşmə aparmadan gizlicə imzalayıb. Bu isə Paşinyanın və dəstəsinin aşkar satqınlığı, erməni xalqına qarşı açıq-aşkar xəyanətdir”.

Hazırda bir-birinin boğazını gəmirməyə hazır dayanmış qütblərə parçalanan, vətəndaş müharibəsi həddinə gəlib çatan Ermənistan cəmiyyətində dominant fikir məhz budur.

Kapitulyasiya sənədi Ermənistan və dünya erməniliyi üçün birmənalı şəkildə “böyük rüsvayçılıq və tarixi ləkə” sayılır. Paşinyanın istefasını, onun və komandasının məsuliyyətə cəlb olunmasını tələb edənlərin əhatə dairəsi çox genişdir və genişlənməkdə davam edir – burada siyasi partiyalardan tutmuş QHT-lərə, ayrı-ayrı ictimai-siyasi xadimlərdən tutmuş mətbuata, generalitetdən və səhra komandirlərindən tutmuş diasporaya qədər bütün seqmentləri görmək olar. Burada Rusiya kimi supergücün liderinin imzası olan sənədin deratifiksiya olunması (“Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zöhrabyan) tələblərindən tutmuş Paşinyanın həbs və edam olunmasına (politoloq Semyon Bağdasarov) çağırışlara qədər ən müxtəlif fikirləri eşitmək olar.

Bir sözlə, Ermənistanda radikallıq saatbasaat artıb güclənir – bu artım emosiyalara uymamaq, vətəndaş müharibəsinə imkan verməmək, “onsuz da dizi üstə olan ölkəni vurub ağzıüstə yıxmamaq” çağırışlarının sayının artımına düz mütənasibdir. Radikallıq gücləndikcə bunun doğuracağı ən pis ssenaridən qorxanların sayı da, təlaşı da artır. Bu isə gərginliyi sinxron şəkildə artırır. Bir sözlə, Ermənistan indi barıt çəlləyinə dönüb.

Əlbəttə, məğlub ölkədəki bu radikal əhval-ruhiyyənin səbəblərini anlamaq çətin deyil – səbəblər erməni cəmiyyətinin aldığı öldürücü zərbə qədər təzədir və üzdədir, necə deyərlər, adi gözlə görülə biləcək dərəcədə bəsitdir. Qəzəbli kütlənin vurğunu sazişin niyə məhz gizli şəkildə imzalanması məsələsinə salmasının səbəbləri isə nisbətən uzaq keçmişdə gizlənir – 2018-ci ildə...
afaergareg.jpg (36 KB)

Siyasi elitadan (o cümlədən keçmiş prezident Serj Sərkisyanın hazırda Ermənistanda axtarışda olub xaricdə gizlənən kürəkəni Mikael Minasyandan və saziş xəbərini mətbuatdan öyrəndiyini deyən ölkənin indiki prezidenti Armen Sərkisyandan) ta obıvatelə qədər hər kəsi daha çox qəzəbləndirən məsələ məhz bu “şübhəli konfidensiallıq” məsələsidır. Sual da budur: “Paşinyan erməni xalqını niyə aldatdı, təslimiyyət sənədini niyə gizlicə imzaladı?”
Sual təsadüfən belə qəti qoyulmayıb. Mikael Minasyanın bayağılıq həddinə qədər təhqiramiz şəkildə “kəmağıl yarımçıq döl” adlandırdığı Paşinyanın təslimçilik aktına nə vaxtsa gizlicə imza atacağına dair bu şübhələr onun hakimiyyətinin ilk günlərindən – hələ iki il qabaq da olub və dilə gətirilib. Paşinyan buna 2018-ci il avqustun 17-də İrəvanın Respublika meydanındakı çıxışında özü də toxunmuşdu.

Görünür, erməni cəmiyyəti Paşinyanın iki il qabaqkı vədini unutmayıb. Gəlin o vədi bu gün – Paşinyanın həmin sənədi gizlicə imzalamasından iki gün sonra bir də xatırlayaq.
IMG_0849-copy.jpg (117 KB)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq şefi Artur Vanesyanın bu gün “xroniki yalançı” adlandırdığı Paşinyan 2018-ci il avqustun 17-dəki mitinqdə üzünü kütləyə tutub bunları deyirdi: “İndi “Paşinyan torpaqları təslim etmək, Qarabağı vermək üçün hakimiyyətə gəlib” deyənlər var. Onlar bu fikirləri cəmiyyətə yeritmək üçün böyük məbləğdə pullar xərcləyir, mətbuatı satın alır, feyk xəbərlər yayır. Təsəvvür edirsinizmi? Qarabağ məsələsindən hələ bircə kəlmə də danışmamışam, amma onlar “Qarabağı təslim edəcək” deyirlər... Erməni xalqı əmin olsun ki, belə şey olmayacaq. Heç kim sizdən, xalqdan gizli hər hansı bir sənədi imzalayacağımı və ya hər hansı bir addım atacağımı düşünməsin. Əgər belə bir zərurət olsa, gəlib bu meydanda dayanar, hər şeyi xırdalığına qədər sizə danışaram. Qarabağ məsələsinə dair çıxış yolu ilə bağlı qərarı da siz verərsiniz. Bu məsələdə heç kimin heç bir şübhəsi olmasın...”

Bu gün Ermənistanda, İrəvanın elə həmin meydanında kütləvi aksiya təyin olunub. İki böyük qızını Kanadaya qaçıran, həyat yoldaşını isə digər iki uşağı ilə haradasa gizlədən Paşinyan həmin aksiyaya təbii ki, qatılmayacaq. Xalqının qəzəbindən qaçıb Müdafiə Nazirliyinin bunkerində gizlənən (hər halda erməni mətbuatı, “Qraparak” qəzeti belə yazıb) hər hansı liderin elə bu xalqın qarşısına çıxması faktına tarixdə rast gəlinməyib...

Famil Cəfərli, Xüsusi olaraq musavat.com üçün
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar