Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqbal Ağazadədən hakimiyyətə önəmli mesajlar - "Bizi qane etməyən..."

11-11-2020, 18:46   




Ümid Partiyasının sədri İqbal Ağazadə Ermənistanın hərbi kapitulyasiyaya imza atması və Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşməsi ilə bağlı önəmli açıqlama yayıb. Anaxeber.info məlumat verir ki, partiya sədri feysbuk hesabında fikirlərini bölüşüb və mövcud vəziyyətlə bağlı təhlilini yazıb, təkliflərini irəli sürüb. İ. Ağazadənin mövqeyini təqdim edirik:

1. 44 günlük savaş Azərbaycan ordusunun tam üstünlüyünü ortaya qoydu. Əsgər və zabitlərimiz mümkünsüz olan hədəfi belə götürməklə (Şuşa) Cənubi Qafqazda ən güclü ordu olduğunu sübut etdi. (Müasir silahlanma və şəxsi heyət baxımından)

2. 27 il məcburi köçkünlük həyatı yaşayan 700 minə yaxın soydaşımız ata-baba yurduna qayıtmaq imkanı əldə etdi. Bu fakt ölkəmizin iqtisadi, siyasi, demoqrafik həyatına olduqca müsbət təsir göstərəcək. 

Münbit torpaqların azad olunması daxili bazarın tələbatını ödəməyə yardım edəcək, yeni tikilən şəhər və kəndlərimiz işsizlik probleminin aradan qalxmasına yardım edəcək, ayrı-ayrı rayonların, özəlliklə Bakının zamanla yükü azalacaq, yeni turizm imkanları açılacaq, ölkənin su ehtiyatlarından səmərəli istifadə olunacaq.

3. 27 illik məğlub xalq və ordu sindromu dağıldı, artıq qalib və döyüşə bilən ordu, əsgər obrazı yarandı.
 Bu da xalqın gələcək inkişafında güvən faktorunu artıracaq, millətin tərbiyə və ideologiyasında mühüm elementə çevriləcək.

4. Ölkənin dövlət sərhədlərinin qorunması tam şəkildə həyata keçiriləcək, heç bir ölkə ilə sərhədimiz nəzarətsiz qalmayacaq, suverenliyimiz təmin olunacaq. 

5. 44 günlük savaş milli birlik istiqamətində mühüm addımlar atılmasına səbəb oldu, xalq bütövləşdi, millətləşmə prosesi sürətləndi, özünəinam hissi gücləndi. Vətən və milli maraqlar hamını şəxsi və siyasi maraqlarından geri durmağa məcbur etdi.

6. Gələcək aylarda milli birlik və siyasi islahatlar üçün zəmin yarandı, iqtidar-müxalifət arasında vacib körpü quruldu, müharibəyə qədərki sərt ritorika aradan qalxdı, gələcək münasibətlərin  təməlini qoymaq üçün yeni fürsətlər yarandı.

7. Əraziyə Rusiya sülhməramlılarının yerləşməsilə bağlı və açıq qalan suallar barədə mövqeyimi yazmışdım. Buna yenidən toxunmaq istəmirəm, lakin qarşımızda duran vəzifələrə toxunmaq istərdim, çünki indi əvvəlkindən daha çox işləməliyik. Üçtərəfli bağlanan müqavilənin gələcəkdə tam xeyrimizə olması və bizi qane etməyən tərəflərin xeyrimizə dəyişməsi üçün (xüsusilə, Rusiya sülhməramlılarının ərazimizə gəlişi)

- məskunlaşma sürətlə həyata keçirilməli, ilk növbədə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından köçkün düşmüş şəxslər geri qaytarılmalıdır;

- Murovdan Laçın koridoruna kimi yeni yol çəkilməli, təkcə Ağdərədən keçən yolun ümidinə qalmamalıyıq;

- Şuşa şəhərinə xüsusi status verilməli, iqtisadi, turizm imkanları genişləndirilməli, ayrı-ayrı turizm mərkəzlərilə əlaqələr qurulmalıdır;

- işğaldan azad olunmuş bölgələrin rayon mərkəzləri təmas xəttinə yaxın yerdə salınmalı, sürətli inkişafın elementləri yerli ermənilərə nümayiş etdirilməlidir;

- işğaldan azad olunmuş bölgələrdə fəaliyyət göstərmək istəyən şirkətlərə vergi güzəştləri tətbiq edilməli, həvəsləndirici layihələr hazırlanmalıdır;

- gələcək konflikdən və məğlubiyyətdən qaçmaq üçün həmin ərazilərdə hərbi müdafiə xüsusi proqram əsasında qurulmalıdır.

Təkliflər çoxdur, zaman çatdıqca bunları yazacağıq, paket halına salıb səlahiyyətli qurumlara təqdim edəcəyik.

Bu mərhələni əyər-əskiklərinə və çatışmazlıqlarına baxmayaraq 7 rayonun işğaldan azad olunmasıyla başa vurduq, psixoloji, hərbi üstünlüyümüz arzuladığımızdan da çox oldu. Bu qələbələrimizi qorumalı, gələcəyə baxmalı, səhvlərimiz üzərindən pessimizmə qapılmamalı, əksinə, uğurlarımızdan həvəslənib ölkəmizin gələcəyi üçün daha ciddi çalışmalıyıq. Hər şey öz əlimizdədir, gələcəyimizi özümüz yazacağıq.

Şəhid olanlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Xalqımız, Ali Baş Komandan, əsgər və zabitlərimiz bu  günlər ərzində qələbə üçün hər şey etdilər.

Növbəti qələbələr üçün milli birliyimizi qoruyaraq yorulmadan işləməliyik. Geriyə yox, irəliyə baxaq. Hər şey bizim işimizdən asılı olacaq.

Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar