Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vaksinasiya başladı - koronavirusun üçüncü dalğası xəbərdarlığı

15-01-2021, 09:50   



“Əksər ölkələrdə olduğu kimi, vaksin ilk olaraq səhiyyə nazirimiz və digər rəsmi şəxslərə vurulsun”

Gürcüstanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının üçüncü dalğasının fevral ayının ikinci yarısında başlayacağı gözlənilir. Bu barədə Gürcüstanın səhiyyə naziri bildirib. O qeyd edib ki, üçüncü dalğa ilə mübarizədə dünya təcrübəsindən istifadə ediləcək və yoluxmanın minimuma endirilməsi istiqamətində iş aparılacaq.
Xatırladaq ki, hələ ötən ilin noyabrında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin ilk aylarından dünyada koronavirusun üçüncü dalğasının ola biləcəyini xəbərdar etmişdi. Beləliklə, artıq dünya koronavirusun üçüncü dalğa qorxusunu yaşayır.
Bəs Azərbaycanda da koronavirusun üçüncü dalğası ola bilərmi? Ekpsertlər bu haqda nə düşünür?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, vaksinasiyaya başlasaq, bu prosesə isti yanaşsaq, əlavə problemlər ortaya çıxmasa, Bakı və Abşeron yarımadasında xeyli insanın virusa yoluxduğunu nəzərə alaraq, deyə bilərəm ki, ölkəmizdə koronavirusun üçüncü dalğasının çox aqressiv keçə biləcəyini gözləmirəm. Amma əlbəttə ki, indidən bu haqda dəqiq proqnoz vermək mümkün deyil”.
Yanvarın 14-dən etibarən qardaş Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib.Tibb işçilərindən sonra yaşlı insanların peyvənd olunacağı bildirilib.  Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.
Sinovac aşı nedir, Çin'den ne zaman Türkiye'ye aşı gelecek? Koronavirüs  aşısı Sinovac ne kadar? | Gündem Haberleri
Azərbaycanın da yaxın günlərdə bu peyvəndlərlə vaksinasiyaya başlayacağı gözlənilir. TƏBİB artıq öncə kimlərə vaksin tətbiq ediləcəyini konkret olaraq açıqlayıb. Həmçinin bildirilib ki, peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistemi olacaq. Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər.
Daha bir məsələ, bildirilib ki, peyvənd olunmuş şəxslərin cari qeydiyyatı elektron qaydada aparılacaq. Zərurət yarandığı halda, xarici ölkələrə səfər zamanı və ya digər səbəblərdən vətəndaş müraciət edərsə, təsdiqedici sənəd təqdim olunacaq. Həmçinin vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmamışdır.
TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
TƏBİB digər mövcud suallara da aydınlıq gətirib: "Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər «Sinovac» vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmamışdır".
Bir sıra ekspertlər qeyd edir ki, jurnalistlər də daim cəmiyyət, insanlar arasında olduğu üçün onların da risk qrupuna salınması doğru olardı. Hansı ki, məlum olduğu kimi, ölkəmizdə də bir sıra jurnalistlər var ki, onlar mütəmadi olaraq qazi, şəhid ailələrindən, həmçinin işğaldan azad olunan ərazilərdən reportajlar, xəbərlər hazırlayır. Jurnalistlərin də həmin risk qrupuna salınmasına zərurət varmı?
Ramiz Mehdiyevin kürəkəninin hədələdiyi jurnalistlər ona cavab verdilər »  Xəbərim Var!
Məsələ ilə bağlı bir neçə jurnalistin rəyini öyrənməyə çalışdıq. “Yeni Müsavat” qəzetinin jurnalisti, daim bölgələrdən, şəhid və qazi ailələrindən reportaj hazırlayan İlkin Muradov qeyd etdi: "Koronavirus yayılandan bu günə qədər işimdə heç bir fasilə verməmişəm.  Vətən müharibəsində də cəbhə bölgələrindən reportajlar hazırlamışıq, indi də bölgələrdə şəhid ailələri və qazilərimizlə bağlı reportajlar hazırlayırıq. Şükür ki, bu günə qədər koronavirusdan qoruna bilmişik. Amma iş yoldaşlarımızdan, həmkarlarımızdan koronavirusa yoluxanlar olub. Uzun müddət keçsə də bu bəladan qurtulmaq mümkün olmadı. Virusun tamamilə yox olacağını heç kim deyə bilmir. Uzun müddət bu virusla yaşayacağımızı, hətta bundan sonra bu virusla yaşamağa öyrəşməyimizi tövsiyə edənlər də var. Normal həyata qayıtmaq üçün tək çıxış yolu vaksindirsə, bunu etmək lazımdır. Amma istəyərdim ki,  əksər ölkələrdə olduğu kimi, vaksin ilk olaraq səhiyyə nazirimiz və digər rəsmi şəxslərə vurulsun. Bu, həm vaksinin vurulmasının vacibliyini göstərəcək, həm də insanların vaksinə inamını artıracaq. Bundan sonra da hər birimiz üzərimizə düşəni edərək, vaksin vurduraq".

APA-nın fəal müxbiri, hazırda işğaldan azad olunmuş ərazilərdən reportajlar hazırlayan Mirmehdi Ağaoğlu isə peyvəndlərə bir qədər şübhəli yanaşdığını dedi: "Doğrusu, peyvənd barədə bir az şübhəliyəm. Məndən olsa bir az gözləyərdim, görüm  peyvəndin  təsiri necə olacaq,  fəsadları varmı və sairə, yalnız ondan sonra qərar verərdim. Odur ki, hələlik köhnə qaydalar,  spirt və maskadan istifadə etməklə, sosial məsafə saxlamaqla qorunmağa davam etməyi düşünürəm. Jurnalistlərin risk qrupuna aid edilməsinə gəldikdə isə müəyyən  mənada belə hesab etmək olar. Amma məncə bizdən də riskli  qruplar var: məsələn, mağazalardakı satıcılar. Axı onlar gün ərzində minlərlə insanla ünsiyyətdə olurlar. Hələ fikirləşsək, başqa peşə sahiblərindən də risk  qrupuna daxil etmək olar. Onun üçün özümü  risk qrupuna aid edib, kiminsə haqqına girmək istəməzdim, qoy bu barədə peyvəndləməni aparacaq əlaqədar təşkilatlar özləri qərar versinlər. Bu daha ədalətli olardı".
Adil Qeybulla: “Özünə xüsusi həkim tapan, ev şəraitində sağalanlar çoxdur"
Professor Adil Qeybulla Çin vaksinləri haqqında da danışıb: “Niyə Çin vaksinləri? Məlum olduğu kimi, vaksinlərin çoxlu növləri var. Onlar bir qayda olaraq ya virusun zəiflədilmiş, artıq xəstəlik törətmək qabiliyyətini itirmiş formasını və yaxud onun genomuna aid hansısa hissəsinin bədənə yeridilərək, onda immunitet yaranmasına nail olmaqdır. Bu zaman orqanizm özü əks cisimləri acılayır və immunitet yaranır ki, buna da aktiv immunizatsiya deyilir. Beləliklə, Çində istehsal olunan vaksinlərə ”barmaqarası" yanaşmaq olmaz. Onlar tradision üsulla hazırlanıb, onların immunitet yaratmaq imkanı yüksəkdir. ABŞ-ın və Avropanın birlikdə hazırladıqları vaksinlərin saxlanılması, daşınması isə çətinliklər yaradır. Ona görə də bizə uyğun olan elə Çin istehsalı vaksinlərdir.
Həkimlər, tibb işçiləri, xəstələrlə kontaktda olan texniki işçilər, asayiş qoruyucuları, yəni polislər risk qrupuna aiddirlər. Əlbəttə, ön cəbhədə olan jurnalistlər də risk qrupundadırlar. 65 yaş və ondan yuxarı olan insanlar, yanaşı xəstəlikləri olanlar risk qrupuna aiddir ki, ilk növbədə onlara vaksin tətbiq edilməlidir. Vaksinasiya xəstəlik keçirməyən, bədənində immunitet formalaşmayan şəxslərə olunmalıdır".
Hər kəsi düşündürən daha bir məsələ, qeyd olunduğu kimi son iki həftədə ölkəmizdə gündəlik koronavirusa yoluxanların və virusdan dünyasını dəyişənlərin sayında xeyli azalma var. Bu azalma nə qədər reallığı əks etdirir? Yoluxma sayı ilə bağlı azalma statikası evdə müalicə alan xəstələrə də aiddirmi?
Adil Qeybulla mövzuya bu cür şərh bildirdi: "Son bir neçə həftədə ölkədə gündəlik yoluxma halında xeyli azalmalar var. Biz bunu edilən müraciətlərdən də hiss edirik. Amma bir məsələ də var ki, indi çox insan testdən keçmək istəmir, özü evdə müalicə almağa üstünlük verir. Yəni, bu faktlar da var. Lakin ümumilikdə azalma tendensiyası hiss olunur".
Xalidə GƏRAY
“Yeni Müsavat”
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar