Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dövlət media məzmununa müdaxilə etməməlidir

16-01-2021, 20:30   


Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması ilə bağlı prezident fərman imzaladı. Daha sonra isə yeni agentliyin nizamnaməsini təsdiq etdi. Amma, ümumiyyətlə, medianın tənzimlənməsi, medianın inkişafı dövlətin qayğısı olmalıdırmı? İllərdir bu mövzuda xeyli müzakirələr gedir. Bu istiqamətdə yeni agentliyin yaradılması və təsdiq olunmuş nizamnamədəki nüanslar da xeyli suallar yaradıb. Bütün bunlarla bağlı hüquqşünas, media məsələləri üzrə ekspert Xalid Ağəliyev ASTNA-ya danışıb.
***
-Xalid bəy, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, yəni qısa olaraq MEDİA (Media Development Agency of the Republic of Azerbaijan) KİV-ə Dövlət dəstəyi fondundan nə ilə fərqlənəcək? Yəni, məsələ yalnız ad və ya struktur dəyişikliyindən ibarət olacaq, yoxsa yeni agentliyin nizamnəsində yeni nələrsə var?
Xalid Ağaliyev-İndiki mərhələdə bu mövzudakı suallara ölkəmizin reallıqları, müşahidə etdiyimiz təcrübənin işığında fərziyyələrimizlə cavab verə bilərik. Yeni yaranmış qurum var, fəaliyyəti yoxdur, ona görə dəyərləndirmə üçün bir qədər tezdir. Deyə bilərik ki, 11 il əvvəl yaradılan KİV-ə Dövlət Dəstəyi Fondu Azərbaycanda medianın nəzarətdə saxlanması baxımından əsas rol oynayan qurumlardan idi. Bu qurum 2009-cu ildən başlayaraq tədricən media sahəsinə nüfuz etməyə başlamış, qısa müddətdə çap mediasını demək olar ki, tamamilə özündən asılı duruma sala bilmişdi. Məncə, sənədlərində yazılmasa da həm bu qurum, həm də bu sahədəki digər qurumlar yaradılarkən onların qarşısına qoyulmuş başlıca missiya da elə bu olmuşdu. Ancaq bu Fondun imici, xüsusilə son 2-3 ildə ciddi zədələnmiş, əsas missiyası tam ifşa olmuşdu. Bu baxımdan hökumətin Fondu ləğv edəcəyi və ya yeni imicdə təqdim edəcəyi tamamilə gözlənilən idi. Ona görə də mən ləğv edilmiş və yeni yaradılan qurum arasında prinsipial olaraq ciddi fərq görmürəm. Güman ki, Fond reallıqda hansı missiyanı daşıyırdısa, yeni qurum da eynisini daşıyacaq. Bu yanaşmanı yanlış çıxarmaq üçün yeni qurum inqilabi işlər görmək zorundadır. Yeni agentliyin KİV-ə Dövlət Dəstəyi Fondundan müsbət və ya mənfi planda nə ilə fərqlənəcəyini zaman göstərəcək. Qurumun fəaliyyətini düzənləyəcək sənədlərə gəlincə, mətn fərqliliyi var, bu, xüsusilə onlayn mediaya yönələn fəaliyyətlərlə bağlıdır, ancaq məzmun aşağı-yuxarı eynidir.



-Bu qurumun medianın inkişafına müsbət və ya mənfi hansı təsirləri ola bilər?
-Biz bu məsələdə qurumun sənədlərində təsbit olunan hüquq və vəzifələrindən çıxış edərək fərziyyələr irəli sürə bilərik. Texniki baxımdan qurumun xeyli geniş səlahiyyətləri, vəzifələri var. Medianın maliyyə dayanaqlılığının təmin edilməsi, reklam məsələlərinin tənzimlənməsi ilə bağlı qurum belə görünür ki, geniş imkanlara malik olacaq. Bu sahədə tənzimləmə mexanizmləri yaradılacaqsa, medianın reklam gəlirlərinə çıxışı təmin ediləcəksə, bu, inkişafa töhfə olacaq. Qurumun eyni zamanda medianın məzmununa müdaxilə imkanları mövcud olacaq. Məzmuna görə, cəzalandırma, məzmuna yönvermə kimi səlahiyyətlər çox təhlükəlidir. Dövlətin yaratdığı bir quruma belə imkanların tanınması ifadə azaldığı hüququ ilə qətiyyən bir araya sığmır. İfadə azadlığının sərhədlərini onsuz da qanunvericilik cızıb və bundan kənar hər hansı müdaxilə yolverilməzdir. Bütün hallarda pozitiv və neqativ təsirləri daha aydın zamanla görə biləcəyik.
- Agentliyin nizamnaməsində göstərilir ki, fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi, eləcə də dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək. Yəni, bunun özü informasiya almaq hüququna zidd deyilmi? Bu müddəalar jurnalistlərin, medianın işinə məhdudiyyət, senzura gətirmək deyilmi?
-Qurumun fəaliyyətini düzənləyən sənədlərdə belə sual doğuran məqamlar xeylidir. Sadaladıqlarınız ilk növbədə yeni qurumun adı ilə uyuşmur. Medianın inkişafını hədəfləyən qurum medianın hər zaman maraq dairəsində olan bilgilərin qorunması rolunu niyə üzərinə götürsün ki? Əslində belə bir qurum bilgi əldə etmək imkanlarının daha da genişləndirilməsi yönündə çalışmalı deyilmi? Bu kimi suallar çoxdur və haqlı olaraq məhdudiyyət şübhələrini yaradır.


- Nizamnamədə həmçinin göstərilir ki, agentlik media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində və medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görməlidir. Sizcə, dövlətin yaratdığı hansısa qurum medianın iqtisadi müstəqilliyində maraqlı ola bilərmi? Ümumiyyətlə, dövlətin yaratdığı bir qurum medianın inkişafına maliyyə təminatı yaratmaq üçün nə edə bilər ki? Yenə də  medianın inkişafı adı ilə dövlətin pulları ortalıqda fırlanacaqmı?
-Azərbaycanda medianın iqtisadi durumu, maliyyəyə çatım imkanları o qədər acınacaqlı hala gətirilib ki, bu durumdan çıxmaq üçün dövlətin çox ciddi addımlar atması lazımdır. Medianın başlıca maliyyə qaynağı biznes, reklam pulları ola bilər. Biznes də bizdə böyük ölçüdə elə siyasətin əlindədir. Ona görə siyasətçilərin, hökumətin məhz bu aspektdə hər hansı formada müdaxiləsi nə zamansa baş verməlidir. Bu baxımdan yeni qurum məhz bu istiqamətdə faydalı ola bilər. Söhbət büdcə pullarının medialara paylanması, bölüşdürülməsindən yox, reklam bazarının formalaşdırılmasından gedir. Azərbaycanda medianın reklam büdcəsi qonşu Gürcüstanla müqayisədə qat-qat azdır. Bu kasad büdcəni dirçəltmək, medianın ona çatımını təmin etmək, beləliklə, maliyyə asılılığından qurtulmaq yönündə proqramların həyata keçirilməsi lazımdır və yeni qurum bu yöndə faydalı işlər görə bilər.
- Xalid bəy, son olaraq medianın inkişafı üçün dövlətin hər hansı bir formada, qurum yaratmaqla, vəsait ayırmaqla mediaya diqqət ayırmasına ehtiyac varmı, yoxsa mediaya tam azadlıq və müstəqillik vermək bu məsələni özü tənzimləyəcək? Siz nə təklif edərdiniz?


-Daha əvvəl də qeyd etdiyim kimi, ya zəlzələdən, ya vəlvələdən medianın durumu acınacaqlıdır. Media bilavasitə və ya dolayısı ilə hökumətdən, hökumətə bağlı insanlardan gələn maliyyədən asılı vəziyyətdədir. İstər qurum yaratmaqla olsun, istər siyasət sənədlərinin hazırlanıb həyata keçirilməsi ilə olsun, dövlət duruma müdaxilə etməlidir. Qanunlar yaxşılaşdırıla, medianın, jurnalistlərin gözünü qorxudan mexanizmlər ləğv oluna, jurnalistika üçün azad iqtisadi əsaslar yaradıla bilər. Məqsəd doğrudan da azad, öz ayağı üzərində dayana biləcək media formalaşdırmaqdırsa, bunlarsız mümkün deyil.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar