Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Pandemiya zamanı insanlar dövlətdən daha ağıllı və səriştəli davranırlar” –POSTKORONAVİRUS DÖVRÜ ÜÇÜN BƏDBİN POQNOZLAR

22-04-2020, 10:39   

Strateq.az aprelin 21-də “RBK” saytının (Rusiya) Livan əsilli amerikalı publisist, filosof, iqtisadçı, “Qara ququşu. Gözlənilməzliyin əlaməti” kitabının müəllifi, “The Times” qəzetinin “müasir dövrün ən dahi mütəfəkkiri” adlandırdığı Nəsim Taliblə müsahibəsindən seçmələri təqdim edib. Günün sonunda həmin sayt müsahibənin tam mətnini dərc edib. Oxucu marağını nəzərə alaraq müsahibənin tam mətnini təqdim edirik.

 

“DST – ƏN SƏRİŞTƏSİZ TƏŞKİLATDIR”

– 3 il əvvəl götürdüyüm müsahibəmdə sizdən nəyi insanlığa ən böyük təhdid hesab etdiyinizi soruşdum. İki təhdidin adını çəkdiniz, onlardan biri epidemiya idi. Gördüyünüz kimi bu proqnoz gerçəkləşdi. Təəccüblüdür ki, Qərb ölkələri bu təhlükəyə, məsələn, Çindən daha az hazır idilər. Niyə belə oldu?

– Əvvəla, Qərbdə yalançı mütəxəssislər zümrəsi qeyri-adi dərəcədə güclü olduğundan belə bir fikir səsləndirirdilər: “İnfarktlar ildə yarım milyon insanı, koronavirus isə yalnız bir neçə min insanı öldürür. Gəlin infarkta görə daha çox narahat olaq”. Statistikada olanı inkişaf etməkdə olan bir şeylə müqayisə etmək axmaqlıqdır, üstəlik, virus elə sürətlə inkişaf edir ki, onun necə davranacağına dair etibarlı statistikaya da sahib deyilik. Yəni indiyə qədər səhv vasitələrdən istifadə olunub. Əslində, geniş miqyaslı bir epidemiyanın qarşısını almaq üçün insanların nə düşündüklərini və nə hiss etdiklərini dinləmək kifayət idi.

Fakt budur ki, hər bir insan təbiətcə paranoiddir: yeni və şübhəli olan hər şeydən qorxur. Bu, paranoyanın uğurlu təkamül əlaməti olmasına görə baş verir; o, insanların yaşamasına kömək edir.

ABŞ-da strategiyalar universitetlərin psixologiya kafedraları tərəfindən formalaşdırılır. Bu psixoloqlar yanlış yanaşmalarını məmurların ağlına soxur, onları rasional davranmağa, yəni instinktlərə qulaq asmamağa çağırır. Ancaq bu saxta mütəxəssislərin gerçəklik haqqında fikirlərini nənənizin düşündüyü, yəni heç bir statistik hesablaması olmayan fikirləri ilə müqayisə etsəniz, onun problemləri daha həssaslıqla qiymətləndirdiyini görərsiniz.

Virusun nə qədər ciddi olduğunu anlamama çox sayda insanın ölümünə səbəb olub. Nəticədə Sinqapur, Tayvan, Cənubi Koreya kimi ölkələrin əvvəldən epidemiyanın öhdəsindən gəldiyini, Böyük Britaniya və ABŞ-ın çox pis davrandığını görürük.

– Mənə elə gəlir ki, pandemiya müasir kapitalizmin özünə şübhə yaradır. İnsanlar onun effektiv bir səhiyyə sistemi kimi ehtiyac duyulan mühüm şeyi vermədiyini başa düşməyə başlayıblar.

– Problem ondadır ki, eyni zamanda həm kapitalizmə, həm mərkəzləşməyə sahib ola bilməzsiniz. Qərb ölkələrində ifrat bürokratiya, ifrat tənzimləmə mövcuddur. Lakin pandemiya zamanı insanların dövlətdən daha ağıllı davrandığı açıq şəkildə özünü büruzə verib. Məsələn, indi sosial şəbəkə istifadəçiləri İsveçdə hökumətin karantin elan etmədiyinə dair fotoları paylaşırlar. Bu fotolarda müştərilərlə dolub-daşan restoranlar əks olunub. Ancaq reallıqda bu cür restoranların sayı azdır: bu məkanlara gələnlərin sayı 90% azalıb. Yəni hökumət karantin tətbiq etməsə də, insanların çox sağlam bir reaksiyasını görürük.

Mərkəzləşdirmə bir çox səriştəsiz təşkilatların yaranmasına səbəb olur. İndi, təcridlənmə vaxtı getdiyim Atlantada yaşayıram. Budur, ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzləri (CDC) var. Sıravi vətəndaşların necə davranaşına baxdıqda, nə qədər ağıllı və diqqətli olduqlarına heyran qalırsan. Məsələn, çoxları maska taxır. Sizin maskanız varmı?

– Bəli, bayıra çıxanda maska taxıram.

– Düz edirsiniz. Lakin CDC hələ də maskaların insanı virusdan nə dərəcədə qoruduğunu araşdırır. İndi bu təşkilat və DST, əsasən, insanları maska taxmaqdan çəkindirir. Təşkilatın nümayəndələri mütəmadi olaraq maskaların virusdan 100% qorunmanı təmin etmədiyini bildirirlər. Yaxşı, başa düşdük, amma maska hər halda infeksiyaya maneədir. Hətta 30 faiz qorunma şansı verirsə belə. Bu nə deməkdir? İnsanlar onlardan istifadə etməyə başlasalar, epidemiyanın yayılması nisbətən azalacaq, yəni maska taxmaqla, yoluxma ehtimalı 3 dəfə azalacaq və başqa bir insanı yoluxdurma ehtimalı da 9 dəfə və s.

Paradoks budur: sıravi insanlar səriştəli davranırlar və Dünya Səhiyyə Təşkilatı planetdəki ən səriştəsiz təşkilatdır. İnsanlar DST-dən daha ağıllı çıxdılar.

Ancaq mərkəzləşdirmə həmişə pis deyil, bunu səlahiyyətli insanlar həyata keçirirsə, bəhrəsini verir. Məsələn, insanları maska taxmağa və bir sıra digər ehtiyat tədbirlərini ciddi şəkildə yerinə yetirməyə məcbur edildiyi Tayvanda virus qurbanlarının sayı 5 və ya 9 nəfərdir.

– Sistemin insanlara daha çox xeyir verə bilməsi üçün hər hansı bir islahat yolu varmı?

– Məncə, həll – yerliçiliyi gücləndirmək, yerli icmaları inkişaf etdirməkdədir, onlar ümumiyyətlə, problemlərə daha həssaslıqla cavab verirlər. Məsələn, Nyu-York indi ABŞ federal hökumətindən daha ağıllı davranır. Fransada Marsel bələdiyyəsi ölkə hökumətindən daha təsirli hərəkət edib. Təşkilatlar, işləri yardımçılıq prinsipinə əsaslanarsa, səmərəli fəaliyyət göstərə bilər.

İntibah dövründə belə, epidemiya başlayanda, bir çox şəhərlər darvazalarını bağlayırdı. Bununla da onlar yoxoluşdan xilas oldu. İndi bu daha elmi səviyyədə icra oluna bilər, məsələn, antikorların olması haqqında sertifikatı olan insanlar sərbəst gəzə bilər. Ancaq sonda hökumət karantin elan etdi və hamımız evdə oturmalı olduq.

 

“VİRUSUN İMMUNİTETLƏ NƏ ETDİYİNİ BİLMİRİK”

– Pandemiya dünyanı necə dəyişəcək?

– Məncə, hazırda sizinlə “Zoom” vasitəsilə danışmağımız faktı öz-özlüyündə hər şeyi deyir: epidemiya onlayn təhsilə keçidi sürətləndirəcək. Adi universitetlərə ehtiyac olmayacaq. Təhsil müəssisələri binalara, maddi-texniki bazaya və sairəyə ciddi qənaət edə biləcəklər. Eyni şey bir çox şirkətdə olacaq.

İlk faks maşınları ortaya çıxanda çoxları onun şəhəri dağıdacağına inanırdılar, çünki indi sənədləri məsafədən asılı olmayaraq mübadilə edə bilərsiniz. İnternet yarandıqdan sonra da eyni şey deyildi. Ancaq indi “Zoom” və digər video telefon proqramları nəhayət, bu proqnozları doğruldacaq.

Atlantada, evdə olarkən, Nyu-Yorkdakı həmkarlarımla ünsiyyət qura bilirəmsə, niyə yarım günü işə getməyə sərf edim ki? Pandemiya sayəsində bir çox şirkət işçilərin evdən işləyə biləcəyini başa düşüb. Bu o demək deyil ki, ofislər tamamilə yox olacaq, onlar sadəcə kiçiləcək və insanlar hər gün oraya getməyəcəklər. Bu o deməkdir ki, bir çoxları şəhərlərdən kəndlərə köçməyə başlayacaq. Bu, çıxardığım ilk nəticədir.

İkincisi, turizm sənayesinin bərpa oluna bilməyəcək: səyahət üçün sifariş edə biləcəyiniz otellər, turizm agentlikləri uzun müddət qazanclarını itirir və pandemiya onları öldürüb. İnsanlar ümumiyyətlə, başa düşmürlər ki, məsələn, aviaşirkətlər qazancın böyük hissəsini çoxdan turizmdən deyil, biznes uçuşlarından əldə edirlər.

– Epidemiya insanların dünyagörüşünə necə təsir edəcək?

– Onsuz da istehlakçı vərdişlərini dəyişdirir. Özünü təcrid vəziyyətində saxlayaraq insanlar bir çox lazımsız şeyləri almağı dayandırırlar. Bu mənada köhnə günlərin geri dönüşü baş verir. Böhran bu tendensiyanı daha da gücləndirəcək. Bundan əlavə, lokalizmə meyl olacaqİndi insanlar həyat səviyyələrinin yaxşı olmasına yalnız ölkənin deyil, həm də konkret şəhərin təsir göstərdiyini başa düşürlər. Məsələn, Ohayo qubernatoru Donald Trampdan daha yaxşı iş görürsə, bu, Ohayoya köçmək üçün səbəbdir.

– Epidemiya bir neçə il davam edə bilərmi?

– Xeyr, pandemiyanın illərlə davam edəcəyini düşünmürəm, amma tez də aradan qalxmayacaq. Bundan əlavə, karantinin ləğvi epidemiyanın sona çatması anlamına gəlmir. Onun sonralar necə inkişaf edəcəyinə dair aydınlıq yoxdur və bu, əsasən virusun necə hərəkət etdiyini başa düşməməyimizlə əlaqədardır.

Epidemiya yeni başlayanda, ilk simptomlar şəxsin yoluxmasından 2 həftə sonra ortaya çıxdığına inanılırdı. Bu, digər viruslardakı əlamətləri xatırladırdı. Ancaq indi məlum olub ki, İngiltərədəki xəstələrin 8%-də simptomlar daha gec görünür. Bu, virusun əvvəllər düşündüyündən daha çox yoluxucu ola biləcəyini göstərir. İkincisi, virusun immunitetlə nə etdiyini bilmirik.

Adətən, mediada ölüm statistikası görünür, lakin hələ də virusun sağlamlığına ciddi ziyan vurduğu insanların sayını heç kim hesablamayıb. Xəstəxanada olduqdan sonra sağalmış insanlar haqqında hesabatları oxudum, amma bu şəxslər indi, məsələn, ağciyər funksiyalarının üçdə birini itirdiyinə görə hərəkət etməkdə çətinlik çəkirlər. Nəhayət, virus beyinə yoluxmuş kimi görünür. Bəzi xəstələr qoxu qabiliyyətinin itirilməsindən şikayətlənir, onların bir qismi ömrünün sonuna qədər həmin durumda qala bilər.

Buna görə də, hakimiyyət üçün indi əsas məsələ tam qeyri-müəyyənlik şəraitində məsuliyyətlə necə hərəkət etməkdir. Səmimi olsaq, yaxın gələcəkdə daha ciddi epidemiya təhlükəsi görürəm. Bu, antibiotiklərin geniş yayılması səbəbindən meydana gələn bakterial müqavimətin artmasıdır. Həmin problem artıq Amerika xəstəxanalarında üzə çıxıb. Zamanla o, bəşər üçün ölümcül aqibətə çevrilə bilər.

– Pandemiya və böhrana görə dünya indikindən daha “kövrək” olacaq?

– Bundan əvvəl də olduqca “kövrək” idi. Daha çox “kövrək” olmasına və ya əksinə, daha az “kövrək” olacağı bizdən asılıdır. Bir nümunə: aviaşirkətlər maliyyə baxımından çox həssasdır. Niyə? Çünki ümumiyyətlə, böhran vəziyyətində buferləri yoxdur, onu yaratmaq əvəzinə, baş direktor səhmdarların razı qalması üçün dividend şəklində pul paylayır və ümid edir ki, nəsə baş verərsə, şirkəti xilas edəcək. Bəli, dövlət, həqiqətən, bu günə qədər onları xilas edir. Əvvəllər də bu səhvi edirdi və indi də təkrarlayır.

Şirkətin “kövrəkliyi”ni yalnız məsuliyyətsiz strategiyaya görə cəza olarsa, azaldıla bilər. Cəza olmasa da, şirkət dərs almır. Amerikada belə nümunələr çoxdur. Son 3 həftə ərzində 20 milyon amerikalı əslində, iş yerlərini itirib. Epidemiya bitdikdən sonra onlardan neçəsi iş tapacaq? Bilmirik. Dövlət ÜDM-in əhəmiyyətli hissəsini onların dəstəyinə sərf etmək niyyətindədir və pul inyeksiyası iqtisadiyyatı daha da kövrək etmək üçün təsirli bir yoldur.

 

“YÜKSƏK MAAŞLI MENECER – KÖLƏDİR”

– Aviaşirkətlərin baş direktorları ilə bağlı vəziyyət bizi son kitabınıza (“Özünüzü dərinizin soyulması riskinə atmaq) müraciət etməyimizə əsas verir. Biz sahibkarlar yox, muzdlu işçi dünyasında yaşayırıq. Hətta prezidentlər, əvvəlki dövrlərin padşahlarından fərqli olaraq, olsa-olsa, muzdlu işçilərdir. Oyundakı risklər o qədər də yüksək deyil, bu da kifayət qədər məsuliyyət daşımayacaqlarını göstərir. Bu şərt dünyanı necə dəyişib?

– Məsələn, bu, iri şirkətlərin səmərəsizliyinə səbəb olub. Mən böyük şirkətləri sevmirəm və korporasiyalar üzərində qurulmuş biznes ekosisteminin uzun müddət işləyə biləcəyinə inanmıram. İqtisadiyyat yalnız kiçik şirkətlərə etibar edilə bilər. Əgər böyüksənsə, deməli, problemlərin var. Digər tərəfdən, şirkətlər özləri üçün işləyən insanların risklərini artırmağın yollarını axtarırlar. Əslində, daimi məşğulluq müasir köləlik formasına çevrilib. Evə santexnik çağırdıqda, kranınızı düzəltməsi üçün ona pul ödəyirsiniz. Şirkətdə işləmək üçün bir insanı işə götürdüyünüz zaman ona vicdanlı iş üçün ödədiyinizdən daha çox pul verirsiniz, çünki onun sədaqətini satın almağa çalışırsınız. Onun nəyisə itirməsinə ehtiyacınız var, yalnız bu halda onu idarə edə biləsiniz.

Bilirsiniz, qədim romalılar öz eşikağalarını qullar arasından seçirdilər. Çünki azad adam bilir ki, əgər ağasının pulunu oğurlayıb əkilərsə, cəzası şiddətli olmayacaq. Ancaq kölənin durumu fərqlidir, buna görə də, ağasına qarşı dürüstdür.

Müasir şirkətlər hətta insanın sevgisini almaq üçün belə ona pul ödəyirlər. Məsələn, taksi sürücüsünün müştərisini sevməsi tələb olunmur. Amma daimi işçidən işəgötürənə sevgi gözləyirlər. Muzdlu işçi dünyasında azadlıq yalnız kiçik fərdi biznes sahibi və ya minimum əmək haqqı üçün işləyən üçün mümkündür. Çünki onun üçün harada işləməyinin fərqi yoxdur. Kölə – “Metropol” otelindəki süpürgəçi qadın deyil, yüksək maaşlı menecerdir.

– Bu yeni köləlik forması ləğv edilə bilərmi?

– Korporasiyalar uzun müddət mövcuddur, lakin zaman keçdikcə onlardan ibarət olan ekosistem özü üçün işləyən çox sayda kiçik sahibkardan, sənətkarlardan ibarət olan fərqli ekosistemlə əvəzlənəcək. Orada insanlar daha sərbəst olacaqlar.

– Hər dəfə böhran başlayanda, təkcə ABŞ-da deyil, Rusiyada da dövlət iqtisadiyyata fəal müdaxilə etməyə çalışır. Siz tez-tez deyirdiniz ki, iqtisadiyyatı sabitləşdirməyə çalışan hökumət əslində, onu daha da zəiflədir. Hökumətlərin səyləri indi nəticəsiz qalacaqmı?

– Əsas dəyəri – insanların təhlükəsizliyini təmin etmək üçün bizə dövlət lazımdır. Pandemiya zamanı dövlət bu məqsədə çatacaq bütün tədbirləri nəzarətə götürməlidir. Amma, məsələn, Avropa İttifaqında dövlətin istənilən səbəbə görə müdaxiləsi və elektrik süpürgəsi sürəti ilə iqtisadiyyatda “qənaət” nümunəsi də var. Problem dövlətin lazım olmaması deyil, problem əsas vəzifələrini zəif icra etməsidir.

– Mənə elə gəlir ki, indi dövlət yalnız təhlükəsizliklə deyil, həm də təhsil sahəsində fəal iştirak etməlidir. Məsələn, koronavirusu sarımsaqla müalicə etməyi məsləhət görən bloqqerlərin yazılarından dəhşətə gəlirəm. Bu, böyük bir problemdir: həqiqi mütəxəssislə demaqoq arasındakı xətt artıq demək olar ki, silinib?

– Məncə, problem əvvəlkindən daha kəskin olub. İnsanların sosial şəbəkədə məlumat almaq istəyi ənənəvi mediaya etibar etmədiklərini göstərir. Heç kim məlumat axını qeyri-müəyyən müddət idarə edə bilməz. Məsələn, “Monsanto” (GMO inkişafı ilə tanınan biotexnoloji korporasiya) bu barədə yazılanları müəyyən dərəcədə nəzarət edir. Amma yenə də həqiqət üzə çıxır. Hər şeyi senzuradan keçirməyə çalışan Sovet İttifaqını xatırlayın, son nəticədə bu alınmadı.

Məlumat mənbəyi kimi İnternetə gəlincə, əlbəttə, yoxlanılmamış məlumatlarla bağlı hay-küy var. Amma insanlar nəyin doğru və nəyin yalan olduğunu başa düşməyə müvəffəq olurlar. Bir bloqqer bir-iki dəfə cəfəngiyat yaza bilər, lakin sonra heç kim ona etibar etmir. Nəticədə, insanlar nə baş verdiyini anlaya bilirlər.

Tərcümə: Strateq.az

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar