Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tibbi işçilərini aldadıb, pullarını düzgün vermirlər - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi izahat verməlidir

11-05-2020, 15:57   




Tibbi işçilərini aldadıb, pullarını düzgün vermirlər.

Onların əmək haqqına əlavələr aylıq deyil, növbədə olduqları günlərin sayı əsasında aparılır.

Mart ayında onlara orta hesabla 60 manat , birdəfəlik ödəminin 30 faizi qədər vəsait ödənilib.

Bəşəriyyətin mövcudluğunu təhdid edən koronavirus pandemiyası ilə mübarizədə tibb işçiləri – həkimlər, tibb bacıları, texniki heyət – indi döyüşün ön sıralarında yerini almış əsgər və zabitləri xatırladırlar. Onlar bizim üçün öz sağlamlıqlarını, həyatlarını təhlükəyə ataraq gözəgörünməz düşmənlə savaşırlar. Nə qədər ağır olsa da, dünyasını dəyişənlər və yoluxanlar arasında bizim həyatımızı qurtarmaq üçün mücadilə verən tibb işçiləri də var. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü təcili tibbi yardım briqadasında çalışan həkim Zakir Xəlilov koronavirus infeksiyasının qurbanı olub.
İnsanlığın ən böyük sınaqlardan biri ilə üz-üzə qaldığı bu ağır günlərdə ölkəmizin fədakar tibb işçilərinə hər birimiz minnətdar olmalıyıq və hökümət olaraq onların qayğısını çəkməliyik. Xatırladım ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət bölməsində əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışan tibb işçilərinin orta aylıq nominal əmək haqqı 1 yanvar 2019-cu il tarixə 335,7 manat təşkil edib. Bu məbləğə sosial sığorta və digər ödənişlər də daxildir.
Bu il mart ayının 18-də İlham Əliyevin imzaladığı 1947 nömrəli Sərəncamda koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulurdu. Bu sərəncamın icrasını təmin etmək məqsədilə 25 mart 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib ki, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə edilsin. Lakin, mənə edilən müraciətlərdən məlum olur ki, Nazirlər Kabinetinin qərarında sadalanan kateqoriyaya uyğun gələn dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr nəzərdə tutulan məbləğdə edilməyib. Belə ki, onların əmək haqqına əlavələr aylıq deyil, növbədə olduqları günlərin sayı əsasında aparılır. Bu isə ödəniləcək əlavə məbləğin azaldılmasına hesablanıb. Çünki, həkimlər və tibb işçiləri ay ərzində maksimum 12 is gunu növbədə ola bilərlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin açıqlamasına görə, mart ayında 10 mindən çox tibb işçisi koronavirusla mübarizəyə cəlb edilib və onlara əlavə olaraq 6 milyon manat vəsait ödənilib. Yəni 1 nəfərə orta hesabla 60 manat, birdəfəlik ödəminin 30 faizi qədər əlavə məbləğ ödənilib.
Hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi izahat verməlidir.
Eyni zamanda fədəkar tibb işçiləri məndən onların qarşılaşdığı problemi ictimailəşdirməyi xahiş edirlər. Odur ki, mən də sizlərdən və mətbuatdakı dostlardan xahiş edirəm ki, bu məlumatı paylaşmaqla və dərc etməklə ictimailəşdirin. Xahişimə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirəm.

ADR sədri Qubad Ibadoğlu
azadliq.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar