Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

35-ci dairənin favoritləri: İqbal Ağazadə faktlar göstərdi, Rauf Arifoğlu “Mən qalibəm” dedi

10-02-2020, 20:50   


Dünən ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin nəticələr açıqlansa da, 6 dairə bu statistikada yer almayıb.

 

Mərkəzi Seçki Komissiyası həmin dairələr üzrə hələ ki, liderin müəyyənləşmədiyini bildirib. Məlumata görə, bu dairələrlə bağlı araşdırmalar aparılır.

 

Nəticəsi məlum olmayan dairələrdən biri gərginliklə yadda qalan 35-ci seçki dairəsidir.

 

Burada sabiq dostlar, keçmiş deputat, “Ümid” partiyasının rəhbəri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu (Abbasov) mübarizə aparırdı.

 

Exit-poll nəticələrinə görə, liderliyi elan olunan R.Arifoğlu dünən qərargahında qələbəni qeyd etsə də, MSK bu dairə üzrə nəticələri hələ də açıqlamayıb.

 

Rauf Arifoğlu yaranmış vəziyyət barədə fikirlərini bölüşüb. Onun sosial şəbəkə üzərindən paylaşdığı açıqlamasını təqdim edirik:

 

“Deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir. MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, bu şikayətlərə həssaslıqla baxılacaq, bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. (Ümumilikdə 8 dairə)


Təbii ki, seçki mürəkkəb bir tədbirdir, böyük bir yarışdır, on minlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisədir. Bu baxımdan, gərginlik, çəkişmə, mübahisə gözləniləndir. O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik.


Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm.

 

Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundur. Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək.

 

Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək.

 

Millətimizə və dövlətimizə xeyirli olsun!”

 

Modern.az-a bu barədə danışan Rauf Arifoğlunun rəqibi İqbal Ağazadə isə dairənin bir çox məntəqələrində səslərin sayılması zamanı çəkilən videogörüntülərin MSK-ya təqdim olunduğunu söyləyib:

 

“Bütün məntəqələrdə seçkini qazanmışıq. Düzdür, mətbuata sıra ilə açıqlamağım çətindir, ayrı-ayrı məntəqələr üzrə tək-tək nəticələri təqdim edə bilərəm.

 

Məsələn, 1 saylı məntəqədə 310 səs İqbal Ağazadə, 25 səs Rauf Arifoğlu,  2 saylı məntəqədə 240 səs İqbal Ağazadə, 11 səs Rauf Arifoğlu, 17-ci məntəqədə 290 səs İqbal Ağazadə, 37 səs Rauf Arifoğlu, 18-ci məntəqə 192 səs İqbal Ağazadə, 20 səs Rauf Arifoğlu

 

Bu məntəqələri ona görə qeyd edirəm ki, mətbuatın yaxşı tanıdığı jurnalistlər həmin dairələrdə Rauf Arifoğlunun müşahidəçisi olublar. Məsələn, jurnalist Sevinc Telmanqızı 18 saylı dairədə müşahidəçi olub, səslərin sayılması prosesini də görüb. Cavanşir Abbaslı 8-ci məntəqədə müşahidəçi olub. Burada 220 səs İqbal Ağazadə, 44 səs Rauf Arifoğlu toplayıb. Həkim Seyfəddin Əsəd müşahidəçi olduğu məntəqədə 166 səs İqbal Ağazadənin, 5 səs Rauf Arifoğlunundur. Keçmiş maliyyə naziri, elmlər doktoru, professor Saleh Məmmədov 12-ci məntəqədə müşahidəçi olub. Burada 168 səs İqbal Ağazadə, 12 səs Rauf Arifoğlu yığıb. Müşahidəçilərin gözlərinin qarşısında olan bu mənzərəni danmaq mümkün deyil”.

 

İ. Ağazadə qalibiyyətinə əminliklə qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bu qədər sübutun qarşısında onun qələbəsini tanımalıdır: “Əgər qələbəmiz tanınmazsa, dairənin ləğv olunmasını vacibdir. Amma kiminsə mənim qələbəmi etiraf edəcəyini də gözləmirəm”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar