Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Novruzovun istefasına YAP-çılardan sensasion reaksiya

24-08-2020, 13:53   




13:03
Hesab edirəm ki, bu addım Siyavuş Novruzovun öz davranışına adekvat reaksiyasıdır.
Bunu Axar.az-a açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov həmkarı Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa məktubu yazmasına münasibət bildirərkən deyib. Elman Nəsirovun sözlərinə görə, indiki halda məlum toy qalmaqalı fonunda baş verənlər çox böyük rezonansa səbəb olub:
“Siyavuş müəllim təcrübəli siyasətçidir. Vəzifədən istefa verməklə bağlı addımı yəqin ki, ölçüb-biçdikdən sonra atıb. Onun müraciətindən belə bəlli oldu ki, Ramiz Mehdiyev Siyavuş müəllimi aldadıb. İstənilən halda aldanmağın özü də məsuliyyətdən azad etmir. Aldadan tərəfin özü də məsuliyyət daşıyır. Həmin aldadan tərəfin özü də adekvat cəza ilə üz-üzə qala bilər. Eyni zamanda aldanılan tərəf də cəzalanıb”.
YAP-ın digər deputatı, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qeyd edib ki, artıq partiyanın sədri də bununla bağlı münasibətini bildirib:
“Bu məsələdə partiya da öz fikrini bir daha qətiyyətlə ifadə edib”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı da bildirib ki, Siyavuş Novruzovun istefası çox doğru qərardır:
“YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov koronavirus pandemiyası dövründə karantin qaydalarını və qanunu pozaraq AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlunun qızının toy məclisində iştirak edib. Bu, cəmiyyətdə çox ciddi narazılıq yaratmışdı. Həqiqətən də Siyavuş Novruzov və toyda iştirak etmiş digər vəzifəli şəxslərin bu hərəkəti qəbuledilməz və bağışlanmaz hərəkətdir”.
Onun sözlərinə görə, ictimaiyyət və partiya üzvləri bu qərarı səbirsizliklə gözləyirdi:
“Ümumiyyətlə, hesab edirəm ki, pandemiya dövründə AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlunun qızının Bakıda keçirilən təntənəli toy mərasimi qanuna ziddir. Bu toyda iştirak edən dövlət məmurları və deputatlar da qanun çərçivəsində cavab verməli və cəzalandırılmalıdır”.
Deputat bildirib ki, cəza ilə bərabər, həmin şəxslər ictimaiyyətdən üzr də istəməlidir:
“Koronavirus pandemiyası və karantin qaydalarından əlavə biz Tovuz müharibəsində qəhrəman kimi ər igidlər şəhid vermişik. Sıravi əsgərdən generala qədər. Xalqımızın adət-ənənəsinə görə 40 gün matəm olmalıdır. Həm toy təşkilatçıları, həm də toyda iştirak edənlər şəhid ailələrindən də xəcalət çəkməlidirlər. Biz “ağsaqqal” deyəndə ağarmış saqqal nəzərdə tutmuruq, ağsaqqal müdriklik rəmzidir. Hər alimə və ya hər universitet bitirənə ziyalı deyilmir. Ziyalının həm də əxlaqı olmalıdır. Və ya siyasətçinin mənəviyyatı olmasa, seçicinin bütün arzuları puç olar. Bu mənada hər kəs qanun qarşısında cavab verməli və öz günahlarını yumaq üçün müvafiq adekvat addımlar atmalıdırlar”.
Deputatın sözlərinə görə, bu partiya Ulu Öndərin parlaq ideyaları və onun rəhbərliyi ilə yaradılıb və bu, xalqın öz xilaskarından israrlı tələbi idi:
“Çünki o dövrdə ölkə dağılmaq təhlükəsində idi. Xalq da Ümummilli Liderimizin ətrafında birləşmək istəyi ilə ona müraciət edirdi. Həyat da bu qərarın nə qədər müdrikcəsinə verildiyini təsdiqlədi. Dahi dövlət adamı Heydər Əliyev ölkəni, müstəqilliyimizi və xalqımızı fəlakətdən qorudu. Bu gün hər birimiz bilməliyik ki, necə ki müstəqil dövlətimiz, necə ki Heydər Əliyev siyasətinin varisi, möhtərəm Prezidentimiz bizə, xalqımıza müqəddəs əmanətdir, eləcə də YAP bizim hər birimiz üçün əziz əmanətdir. Eyni zamanda 800 mindən artıq YAP-çının hər biri bu əmanəti sədaqətlə qorumalı və ona xidmət etməlidir. Hər birimiz gələcəyimiz naminə öz töhfələrimizi verməliyik. Həm şəxsi nümunəmizlə, həm də əmək fəaliyyətimizlə dövlətçiliyimizə, partiyamıza xələl gətirməməliyik, əksinə, cəmiyyətdə müsbət fikir və rəy formalaşdırmalıyıq. 2003-cü ildən isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev YAP-a rəhbərlik edir. İnsanlar partiyamızın sədrinə olan sevgi, inam, etimad və güvəncə görə bu partiyaya üzv olmaq üçün müraciət edirlər. Ona görə kimliyindən, tutduğu vəzifədən və nə vaxtsa gördüyü xidmətlərdən asılı olmayaraq hər kəs qanunun aliliyi qarşısında cavab verməlidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar