Sizin Reklam Burada

Rusiya böyük matah saydığı Su-30SM təyyarələrini niyə Azərbaycana satmaq istəməyib? –TƏHLİL

26-08-2020, 13:01   

Dünən Beynəlxalq Ordu Oyunları 2020 çərçivəsində “Dəniz Kuboku” yarışının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqların gizli detalı mediayaya sızdırılıb.
Rusiyanın İnfoteka24 portalı ölkənin Silahlı Qüvvələrindəki mənbələrə istinadən bildirib ki, görüşdə Azərbaycan prezidenti Şoyqudan “Ermənistanın daha əvvəl satın aldığı Su30-CM qırıcılarının təchizat imkanlarını nəzərdən keçirməsini” istəyib. Şoyqu da guya bu istəyi qəbul etməyib. Loru dildə desək, anlaşılan budur ki, Azərbaycanın S-30SM təyyarələrini almaq istəyi Rusiya tərəfindən geri çevrilib.
Xatırladaq ki, Ermənistan tərəfi bir müddət əvvəl Su-30SM qırıcı təyyarələrinin yeni partiyasının alınması barədə Rusiya ilə razılığa gəlindiyini açıqlamış və əlləridəki Su-25 qırıcılarının da ruslar tərəfindən modernləşdiriləcəyini bildirmişdi. 
Ermənistanın bu açıqlamalarından sonra Azərbaycan hərbi kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya ölkəmizlə aktiv döyüş aparan qonşumuza müharibənin qızğın çağında 400 tondan artıq hərbi silah-sursat göndərib. Məlumata görə, bu yüklər iyul ayının 17-dən avqust ayının 4-dək 7 təyyarə reysilə həyata keçirilib. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Gürcüstanın sadəcə qonşu, Qazaxıstan, Türkmənistan və İranın həm də qardaş ölkə olduğunu nəzərə alsaq, Rusiyanın bu hərəkətinə sərgilənən iki fərqli mövqeni məşhur atalar sözüylə özətləyə bilərik: “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır”.
Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında hərbi gərginliyin artdığı bir zamanda Rusiyanın düşmən dövlətə külli miqdarda silah göndərməsi rəsmi Bakının ciddi narazılığına səbəb olub və ölkə başçısı İlham Əliyev rusiyalı həmkarına zəng edərək öz kəskin etirazını bildirib. Maraqlıdır ki, Rusiya tərəfi bu telefon danışığının əsas detalını ictimailəşdirməməyə çalışdığı halda, Azərbaycan Prezidentinin Mətbuat Xidməti sözügedən faktı açıq şəkildə dilə gətirib. 
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə İlham Əliyevin dünənki görüşündə üzərində durulan əsas məsələlərdən birinin də məhz Ermənistanın silahlandırılması olduğunu dünən yayılan rəsmi məlumatların sətir aralarından da çıxarmaq mümkündür. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, ölkə başçısı həmin görüşündə rusiyalı qonağına deyib: “Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik”.
Bu sətirlər İnfoteka24 portalının məlumatını qismən təsdiqləyir və tərəflər arasındakı danışıqlarda həqiqətən də təkcə Ordu oyunlarının deyil, Rusiyanın Ermənistanı silahlandırmasının da masaya yatırıldığını göstərir. Belə təəssürat yaranır ki, Azərbaycan tərəfi rəsmi açıqlamasında danışıqların digər detallarına yer verməsə də və  diplomatik konfidensiallıq qaydalarına sədaqətini nümayiş etdirsə də, Moskva kondeksdən çıxarılmış bəzi ayrıntıları mediaya sırdırmağı məsləhət bilib. Bunun isə iki mümkün səbəbi ola bilər.
İlk səbəb, yəqin ki, Azərbaycan prezidentinin bir müddət əvvəl rusiyalı həmkarı ilə sərt üslubla danışmasının rəsmən bəyan edilməsiylə Vladimir Putinin zədələnən nüfuzunun bərpasına hesablanıb. Görünür, Moskva Azərbaycan liderinin təklifini qəbul etmədiyini göstərməklə regionun ağası olduğunu, onun üzünə “ağ olanların” xahişlərinin nəzərə alınmayacağını göstərmək istəyib.
İkinci səbəb isə, Rusiyanın Ermənistanı, dolayısıyla öz strateji müttəfiqini hətta Bakıda, yəni düşmən ölkədə dəstəklədiyini göstərmək niyyətindən qaynaqlana bilər. Görünür, Moskva bununla bütün dünyaya “mən həmişə müttəfiqlərimin yanındayam” mesajı verməyə çalışıb.
Sual oluna bilər: Rusiyanın Ermənistana satıb, bizə çox gördüyü S-30SM təyyarəsi nə olan şeydir ki, Moskva bunu ən böyük matahı kimi gözə soxmağa çalışır?
İnsafən, Rusiyanın matah bildiyi Su-30SM qırıcı təyyarələri dünyada öz həmcinsləri arasında yaxşılardan hesab olunur.  Amerika hərbi mütəxəssisi, “CNA Corporation” araşdırma mərkəzinin analitiki Maykl Kofman bu təyyarəni belə xarakterizə edir: “Su-30SM-lər çoxfunksiyalı ağır qırıcılardır. Onlar havadan havaya və böyük yüksəklikdən müəyyən mövqelərə məqsədyönlü şəkildə hücum etməyə qadirdirlər.” 
Bununla belə, hər gözəlin bir eybi olduğu kimi, Su-30SM-lərin də zəif nöqtələri var. Maykl Kofmanın iddialarına görə, bu eyiblər ümumiyyətlə, “Suxoy Su” tipli təyyarələrin hamısına xasdır. Hətta eyibləri o qədər çoxdur ki, NATO-da bu təyyarələri hücumçu yox, yarımmüdafiəçi (fullback”) adlandırırlar:
“Su-30SM-lər “Suxoy Su” ailəsinin daha çox inkişaf etmiş hücum təyyarələridir. Onlar çoxçeşidli bombardmançıdır və “havadan havaya” özünümüdafiə imkanları var. Lakin onlar indiyədək ciddi döyüşlərə girmədiklərindən gerçək qabiliyyətləri barədə çox az şey bilinir”.
London Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hərbi hava məkanı şöbəsinin böyük elmi işçisi Duqlas Barri də rus hərbi təyyarələri barədə yaradılmış miflərin reallığına inanmır. Ekspertin fikrincə, Rusiyanın hərbi təyyarələrinin, o cümlədən Su-30SM-lərin dəqiq hədəfalma xüsusiyyəti çatışmır:
“Rusiya Hərbi Hava Qüvvələrində Qərbdən fərqli olaraq hədəfləri dəqiq aşkarlayan və nişan alan silahlar yoxdur. Bu, Rusiya hava qüvvələri üçün yeni problem də deyil. Məsələ 2008-ci ildə Gürcüstanda müharibə zamanı da gündəmə gəlmişdi.”
Barrinin fikrincə, 2008-ci ildən bəri Rusiyanın Hərbi-Hava Qüvvələri və silah sənayesi ABŞ-ın və Avropanın aparıcı ölkələrinin “irəli sürdüyü məqsədə bənzər silahların istehsalı üçün zəruri hesab edilən inkişafı” təmin etmək üçün səylərini gücləndirib, amma bu qısa zaman ərzində böyük məsafələr qət etmək asan deyil: “Problem Sovet İttifaqının dağılması və qabaqcıl silah sistemlərinə onilliklərlə investisiyaların yatırılması ilə bağlıdır.”
Ekspert Su-25 və Su-24 təyyarələrinin yarımaktiv lazer və elektrooptik idarəolunan raket, həmçinin hədəflərin müəyyənləşdirilməsi üçün lazer sistemləri ilə təchiz edildiyini bildirsə də, bunların xeyli geri texnologiyalara əsaslandığına inanır: “Onlar öz hərbi təyyarələrinə Qərb qırıcılarındakı hədəfaşkarlama və hədəfə raket göndərmə imkanına sahib sistem yerləşdirə bilmirlər.”
Mütəxəssislər onu da vurğulayıblar ki, rusların kəşfiyyat, müşahidə və xəbəralma üçün lazımi səviyyədə pilotsuz uçuş aparatları da yoxdur. Müasir çağımızda bu yardımçı texnologiyalar olmadan qırıcı təyyarələr effektli mübarizə apara bilmirlər.
Deyə bilərsiniz ki, hərbi ekspertlər Su-30SM-dən danışarkən, niyə Su-25-ləri, Su-27-ləri misal gətirirlər? Məsələ burasındadır ki, Su-30SM-lər düz-əməlli döyüş təcrübəsi keçməyib. Döyüş təcrübəsini görmədiyimiz təyyarələrin hansı özəlliklərindən danışmaq olar? Digər tərəfdən, Su-30SM təyyarələri əslində Su-27-lərin modernizə edilmiş variantından başqa bir şey deyil. Necə ki, bizim Kənd Təsərrüfatı naziri İnam Kərimov kombaynların dalına “zinqrov” taxmaqla aqrar sektorda innovativ açılımlar etməyə çalışır, Rusiya da Su-27-ləri özünün sınıq-salxaq texnikaları ilə modernləşdirməklə Su-30SM yaradır. 
Bir sözlə, hər gözəlin bir eybinə göz yumulsa da, rusların öyə-öyə göylərə qaldırdığı hərbi təyyarələrinin eyibləri göz deşir. Görünür, bunun nəticəsidir ki, onun gözəl qız kimi dünyanın 3-cü dövlətlərinə sırıdığı Su-30SM-ləri bəzən üstünə qayıdır. Ötən ilin son aylarında media orqanlarında yer alan bir məlumat da bu iddianı təsdiqləyir.
Məlumata görə, Hindistan Hava Qüvvələri 1998-ci ildə Rusiya Federasiyası ilə 40 ədəd Su-30 qırıcısını almaq barədə müqavilə imzalayıb. Üzərindən xeyli keçdikdən sonra həmin təyyarələri alan Hindistan 2013-cü ildə  onlardan 18 ədədi geri qaytarmaq fikrinə düşüb. Səbəb qırıcıların vektor idarəetmə funksiyasının olmamasıdır. Bildirilir ki, Hindistan Moskva ilə apardığı uzun danışıqlardan sonra nəhayət, 2019-cu ilin iyul ayında daha müasir Su-30MKİ qırıcları almaqla razılaşıb. Moskva da məcbur qalıb Hindistana sırıya bilmədiyi Su-30-larına yeni müştərilər axtarıb. Onlardan yalnız 12-ni Afrika ölkələrindən birinə – Anqolaya 1 milyard dollara sata bilib. Bildirilir ki, ikinci əl olan bu təyyarələr də Su-30SM standartlarına uyğunlaşdırılıb.
2013-cü ildən ötən ilin sonlarınadək Moskvanın digər Su-30SM-lərini satmağa müştəri tapa bilmədiyi bildirilirdi. TASS-ın məlumatına görə, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport” bu təyyarələri ötən il 23-24 oktyabr tarixində keçirilən Rusiya-Afrika sammitində müzakirəyə çıxarıb. Sammitə 54 Afrika ölkəsinin liderləri dəvət edilib. Təyyarələrin həmin sammitdə satılıb-satılmadığına dair hər hansı məlumat yoxdur.
Maraqlıdır ki, rəsmi Bakının sərt reaksiya ilə qarşıladığı Su-30SM qırıcılarının Ermənistana satışı ötən ilin dekabrında reallaşıb. Yəni “Rosoboronexport”-un məlum 6 təyyarəni hərraca çıxardığı Rusiya-Afrika sammitindən cəmi ayyarım sonraRusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyovanın “İnterfaks” xəbər agentliyinə verdiyi məlumata görə, iki ölkə arasında bağlanan müqaviləyə əsasən, Ermənistana 12 Su-30SM təyyarəsi satılacaq. Onlardan 4-ü artıq ötən ilin dekabrında təhvil verilib, digərləri isə gələcək illərdə öz ünvanına çatdırılacaq.
Məlumatların analizi qəribə bir mənzərə ortaya çıxarır. Belə bir ehtimal ortaya çıxır ki, “Rosoboronexport” Afrika sammitində 2 təyyarəsini digər Afrika ölkələrinə sırıya bilib. Yerdə qalanlarını isə, görünür, Ermənistana göndərib. Digər 8 təyyarənin isə istifadə müddəti bitdikdən sonra 2-ci əl məhsulu kimi gələcək illərdə Ermənistana verilməsi nəzərdə tutulur. Bir sözlə, Ermənistan Silahlı Hava Qüvvələrinin Hindistandan Afrikaya qədər 3-cü dünya dövlətlərinin belə sahib çıxmadığı bu köhnə təyyarələrə ilə qürrələnməsi üçün əsas yoxdur. 
Üstəlik, rus hərbi təyyarələri müasir silahlar qarşısında asan yemdirlər. Hər halda amerikalı hərbi ekspert Maykl Kofman bu fikirdədir. Onun bildirdiyinə görə, alçaq təmas döyüşlərində güclü olan bu döyüş təyyarələri Çeçenistan və Gürcüstan müharibələrində böyük uğurlar qazansa da, onların Suriyada geniş istifadə olunan MANPADS silahlarına qarşı zəiflikləri ortaya çıxdı. Azərbaycanın öz müdafiə gücünü daha mükəmməl hava hücumları əleyhinə raketlərlə möhkəmləndirdiyini nəzərə alsaq, Rusiyanın Ermənistana satdığı Su-30SM-lərinin yalnız öz ərazilərində hava atıb erməni xalqına təsəlli verməkdən başqa bir işə yaramayacağı ortadadır. Bu cür tənbəl və bahalı təyyarələrin yerinə çoxfunksiyalı silahlı dronlar almaq və istifadə etmək daha rasional görünür, Azərbaycan bu sahədə nəinki Ermənistandan, bəlkə onun hamilərindən də öndədir. Odur ki, Rusiyanın böyük matah saydığı 2-ci əl Su-30SM-lərini Afrika ölkələrinə və ya Ermənistana satması daha doğrudur və yəqin Sergey Şoyqu da bunu bildiyindən Azərbaycanı aldatmaq istəməyib.
 
Heydər Oğuz
Ovqat.com
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar