Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MDB-nin türk dövlətləri nədən çəkinir? - Kremlin təzyiqi, yoxsa? - BİZİM TƏHLİL

20-10-2020, 16:36   


MDB-nin türk dövlətləri nədən çəkinir? - Kremlin təzyiqi, yoxsa? - BİZİM TƏHLİL

Ermənistanın Dağlıq Qarabağdakı işğalına qarşı aparılan hərbi əməliyyatlara və Gəncə şəhərində dinc əhaliyə qarşı qətliam törədilməsinə Özbəkistan da münasibət bildirib. Bununla bağlı Özbəkistan Ali Məclisinin Sədri Nurdinjon İsmayılov Milli Məclisin Sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Nurdinjon İsmayılov dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.
Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistan Respublikasının prinsipial mövqeyi bir daha diqqətə çatdırılaraq bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır.
Qeyd edək ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsi başlayan vaxtdan etibarən birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Hətta Özbəkistan bu məsələdə tutduğu mövqeyə görə Türkiyə və Pakistan kimi Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib.
Doğrudur, rəsmi Daşkənd və İrəvan arasında diplomatik əlaqələrin yaradılmasına dair 1995-ci ildə əldə edilmiş razılaşma var. Lakin indiyə qədər Özbəkistanın İrəvanda, Ermənistanın isə Daşkənddə səfirliyi yoxdur. Ermənistanla diplomatik əlaqələrin həyata keçirilməsi Özbəkistanın Rusiyadakı səfirinə həvalə edilib. İki ölkə arasında ticarət dövriyyəsi də ən aşağı səviyyədədir və bir neçə min dollarla ölçülür.

Buna baxmayaraq, son vaxtlar Özbəkistan hakimiyyətinin Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə bir qədər ehtiyatlı mövqe tutduğunu hiss etmək olar. Bunu N. İsmayılovun göndərdiyi məktubdan da görmək mümkündür. Özbəkistanın keçmiş prezidenti İslam Kərimovdan fərqli olaraq, Şövkət Mirziyoyev hakimiyyəti bir qədər balanslı mövqe nümayiş etdirir. İslam Kərimov prezidentliyi dövründə Azərbaycanı açıq şəkildə müdafiə edirdi.
Özbəkistan bəyan edirdi ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə, lakin sərhədlərin toxunulmazlığı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Bu isə Ermənistanı qane etmədiyindən iki ölkə arasındakı münasibətlərdə soyuqluq yaşanıb.
Hətta 2013-cü il fevralın 1-də erməni hakerlər Özbəkistanın Azərbaycandakı səfirliyinin rəsmi saytına kiber hücumu etmiş və saytın yerinə “Özbəkistan Dağlıq Qarabağın müstəqilliyini tanıdı” sözlərini yerləşdirmişdilər. Lakin Özbəkistan səfiri Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə rəsmi Daşkəndin mövqeyinin dəyişmədiyini bildirmişdi. 2018-ci ildə Özbəkistanın Bakıdakı səfirliyi bir daha bəyan edib ki, münaqişə yekunlaşana qədər Özbəkistan İslam Kərimovun rəhbərliyi dövründə Ermənistanla diplomatik əlaqələrdən imtina edilməsi kursuna sadiq qalacaq.
2017-ci ilin sentyabr ayında İslam Kərimovun vəfatından sonra Ermənistan Özbəkistanla diplomatik münasibətləri bərpa etməyə çalışdı. Həmin ilin noyabr ayında Ermənistanın sabiq baş naziri Karen Karapetyan özbək həmkarı Aripovla görüşündə hər iki ölkə tərəfindən səfirlik açılmasını xahiş etmişdi. Buna baxmayaraq, prezident seçilən Ş.Mirziyoyev Dağlıq Qarabağ münaqişəsinə yanaşmada İslam Kərimovun siyasətini davam etdirəcəyini bildirdi.
Lakin son zamanlar Özbəkistan rəhbərliyi Azərbaycana əvvəlki qədər qətiyyətli dəstək bəyanatları səsləndirmir. Əslində, rəsmi Daşkəndin Ermənistanda ciddi iqtisadi maraqları da yoxdur. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm strateji hissəsi kimi Mərkəzi Asiyaya çıxış rolunu oynayır. Özbəkistanın baş naziri Bakı-Tiflis-Qars dəmir yolunun açılışında iştirak edib.
Özbəkistan Azərbaycan üzərindən Avropa ilə yükdaşımaları həyata keçirir. Ermənistanla iqtisadi əlaqələrin olmasından isə danışmaq çətindir. Bu səbəbdən, Özbəkistan rəhbərliyinin son vaxtlar mövqeyini ciddi dəyişməsə də müəyyən qədər balansı saxlamaq cəhdləri bu ölkənin Avrasiya İqtisadi Birliyinə müşahidəçi qismində daxil olması ilə izah oluna bilər.
Özbəkistan istəyindən asılı olmayaraq AİB daxilində Ermənistanla siyasi və iqtisadi əməkdaşlıq qurmaq məcburiyyətində qalıb. Təşkilat daxilində ziddiyyətin davam etməsi isə Rusiyanın maraqlarına cavab vermir. Ona görə də Özbəkistana təzyiq mövqeyindən çəkinmək xahişinin Moskvadan da gəldiyi istisna olunmur.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar