Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fikir ayrılıqları arasında Qafqazda Sabitlik Platforması

12-12-2020, 12:48   

Çap versiyası

Dekabrın 10-da Bakıda keçirilən hərbi paradda və ondan sonra Türkiyə və Azərbaycan prezidentlərinin Cənubi Qafqazda və xüsusən, Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərində yeni dünya tarixinin başlaması zərurəti haqqında sülh təşəbbüslərinə çox az insan diqqət yetirib.
Prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğan Yerevana sülh əməkdaşlığına dəvət mesajı göndəriblər və 2008-ci ildə irəli sürülmüş “Qafqazda sabitlik və əməkdaşlıq platforması” ideyasının canlanmasını sınamağa çalışıblar.
“Bu platformada iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər”, deyə Əliyev bildirib.
“Bunu (platformanı – Turan) cənab Putin də qəbul etdi. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur”, deyə Erdoğan bildirib.



Erdoğanın son 12 ildə bu ideyanı ikinci dəfə və yenə müharibədən sonra səsləndirməsi bir qədər rəmzidir. O, “Qafqazda sabitlik və əməkdaşlıq platforması” ideyasını ilk dəfə 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən dərhal sonra irəli sürmüşdü.
Platforma Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin “beşlik” və ya “3+2” formatında əməkdaşlığını nəzərdə tuturdu. Daha sonra Erdoğan bildirib ki, danışıqlarda BMT də iştirak etməlidir.
Erdoğan təşəbbüsü 11 avqust 2008-ci il tarixində Moskvaya səfəri zamanı Rusiya prezidenti Dmitri Medvedevlə müzakirə etmişdi. Moskvadan sonra təşəbbüs Bakıda və Tbilisidə də müzakirə olunmuşdu və təqdirlə qarşılanmışdı.
13 fevral 2009-cu il tarixində yüksək səviyyədə Rusiya-Türkiyə danışıqlarının yekunlarına həsr edilmiş mətbuat konfransında Medvedev deyib: “Biz onun (platformanın – Turan) həyata keçirilməsini və daha sıx, bəzən qeyri-formal dialoq həyata keçirilməsini, regionun iqtisadi problemlərinin, nəqliyyat, energetika problemlərinin həllinə şərait yaradılmasını mümkün hesab edirik”.



Amma o, qeyd edib: “Biz bu cür problemlərin öhdəsindən özümüz, regiondan kənar dövlətlərin iştirakı olmadan da gələ bilərik”. Bu mövqe regionda strateji maraqları olan Qərbi təşəbbüsdə iştirakdan uzaqlaşdırırdı, bu da platforma ideyasının nəticəsiz qalmasına səbəb olub.
Sonradan region ölkələrinin və üçüncü dövlətlərin maraqlarının toqquşması ilə əlaqədar bu təşəbbüsə tələb olmayıb. Rusiya Qafqaza öz mülkü kimi baxırdı və Türkiyənin regiona gəlməyini istəmirdi. İran da tarixi rəqibi olaraq Türkiyənin iştirakında, xüsusən də Türkiyəpərəst sərhəd qonşusu olan Azərbaycanda iştirakında maraqlı deyildi. Azərbaycan torpaqlarını işğal etmiş və DQR-in müstəqilliyinə nail olmağa çalışan Ermənistan ərazilərini genişləndirmək planları üçün təhlükə təşkil edən tarixi düşməninin (Türkiyənin) Qafqazda güclənməsinə imkan verə bilməzdi. Bu məsələdə Erdoğanın yeganə müttəfiqləri ərazi bütövlüklərini bərpa etmək və çoxməqsədli Xəzər Dənizi-Avropa nəqliyyat-energetika dəhlizinin yaradılması üçün sabitlikdən faydalanmaq istəyən Azərbaycan və Gürcüstan oldu.
Sabitlik platformasının yaradılması ideyası yeni deyil. Ulu siyasətçilər - əvvəlcə Eduard Şevardnadze 1999-cu ildə “Dinc Qafqaz naminə” ideyasını irəli sürür, daha sonra “Qafqazda sabitlik paktı” ilə Türkiyə prezidenti Süleyman Demirel, Azərbaycan prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan onu dəstəkləyir. Amma, təəssüf ki, bu təşəbbüslər yuxarıda bəhs olunan maraqların toqquşması ilə əlaqədar gələcək varislər üçün vəsiyyət olaraq qalır.


Nəzərə almaq lazımdır ki, ABŞ və Avropa ittifaqı 21-ci əsrin qovşağında və 2008-ci ildə bu təşəbbüsləri soyuq qarşılayıblar, belə ki, qarşılarına üç region dövlətini Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq vəzifəsi qoymuşdular, bu, onların regiona nüfuz etmək və Cənubi Qafqazı Qərbin təsir sahəsinə cəlb etmək maraqlarına uyğun idi. Bu, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və NATO səviyyəsində müxtəlif platformaların – “Genişlənmiş Avropa – Yeni qonşular”, “Sülh naminə tərəfdaşlıq” kimi layihələrin həyata keçirilməsində hiss olunurdu. Amma bu, birtərəfli deyil, qarşılıqlı hərəkat idi – Cənubi Qafqaz ölkələri, daxili ziddiyyətlərə baxmayaraq, Qərb yarımkürəsi ilə inteqrasiya siyasəti qururdular.
Tərəflərin hələ də bir-birinin ünvanına hərbi, ifşaedici bəyanatlar səsləndirdiyi yenicə başa çatmış müharibə şəraitində Ermənistanın Türkiyə və Azərbaycan prezidentlərinin hazırki təşəbbüsünə reaksiyası təxmin edilən idi.
“Əliyevin Azərbaycanın Qarabağ problemini hərbi yolla həll etməsi haqqında iddiaları müharibənin və güc tətbiqinin təşəbbüskarının kim olduğunu və kimin regionu gələcəkdə də sabitliyin pozulması və müsibətlər yolundan aparmağa çalışdığını bir daha göstərir”, deyə baş nazirin mətbuat katibi Mane Qevorkyan bildirib.
Digər region ölkələri, hətta Rusiya belə təşəbbüslə bağlı heç bir şərh verməyib. Baxmayaraq ki, Erdoğan Bakıda prezident Putinin dəstəyini aldığını qeyd edib. Təşəbbüs noyabrın 10-da səslənib və bəlkə də, qısa müddət sonra onun diqqətdən kənarda qalması və ya bir-birinə zidd maraqların mövcudluğu haqqında nəticə çıxarmaq tezdir.


Amma Azərbaycanda başlamış Türkiyə-Rusiya kompromisinə, Ermənistanı dinc birgə yaşamaq ideyasını yenidən düşünməyə vadar edən məğlubiyyətinə baxmayaraq, hələ də problemlərin qaldığını görməmək olmaz. İran əvvəlki kimi Türkiyənin güclənməsində maraqlı deyil. Avropa İttifaqı Aralıq Dənizində Yunanıstanla qarşıdurmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib və daha əvvəl İkinci Qarabağ Müharibəsində Azərbaycanı dəstəklədiyinə görə onu qınayıb. Layihənin iki mümkün iştirakçısı – Rusiya və İranla sanksiya müharibəsi aparan ABŞ da bununla bu alyansın potensial əleyhdarına çevrilə bilər. Odur ki, bu məsələdə Qərb və Şərqin dünyagörüşününü və maraqlarının toqquşduğunu görürük. Və bu dünyagörüşü və maraqların güzəştli uzlaşmasına nail olmadan Qafqazda Sabitlik Platforması ideyası baxılması üçün gələcək nəsil siyasətçilərə buraxıla bilər.
English Русский 
ASTNA.biz
 


 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar