Sizin Reklam Burada

Həkim: Tofiq Yaqublunun həyatına təhlükə var

12-09-2020, 07:49   



Adil Qeybulla müxalif fəalın azad olunması üçün prezidentə müraciət etdi
Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu onuncu gündür ki, həbsdə aclıq aksiyasını davam etdirir. Sentyabrın 11-də ailəsinin inandığı həkim Adil Qeybullanın saxlandığı istintaq təcridxanasında onu müayinə etməsinə icazə verilib.
İki saata yaxın davam edən müayinə və tibbi müdaxilədən sonra Meydan TV-yə açıqlama verən A.Qeybulla T.Yaqublunun həyatına real təhlükə olduğunu bildirib. Həkimin sözlərinə görə, bunu T.Yaqublunun özünün də nəzərinə çatdırıb, ondan aclığı dayandırmasını xahiş edib. Amma o, razılaşmayıb və sonadək aclığı davam etdirməkdə israrlı olduğunu deyib:
“Yayda bədəndən su çox buxarlanır. O isə uzun müddətdir suyu da düzgün qəbul eləmir. Onun həyatı üçün çox ciddi təhlükənin olduğunu izah etdik. Belə aclıqda elə olur ki, insan baxır, hiss edir, amma birdən-birə ürəyin dayanması, başqa fəsadlar baş verir. Bəzi vitaminlər, əvəzolunmaz turşular var ki, onlar orqanizmə ancaq kənardan, qida vasitəsilə daxil olur. Onun kimi yaşı 60-a çatmış, müharibədə döyüşüb travmalar almış, bronxial astması olan, bu yaxında əməliyyat keçirmiş adam üçün 10 gün aclıq nə dərəcədə ciddidir, bunu ona izah etməyə çalışdıq. Amma yenə də davam etdirmək qərarında olduğunu dedi. Onda xahiş etdim ki, heç olmasa, venaya iynə vuraq. Bir litr maye, bəzi vitaminlər köçürdük. Ürək fəaliyyətinin tənzimlənməsi üçün dərman köçürdük. Bunu ilkin tibbi yardım kimi elədik”.
T.Yaqublunun həyatına təhlükə olduğunu qeyd edən həkim onun həbsdən buraxılması üçün siyasi hakimiyyətə, o cümlədən dövlət başçısı İlham Əliyevə müraciət edib:
“Bir həkim kimi, vəziyyətin ciddiliyini bəyan edirəm. Təşəkkür edirəm ki, buraxdılar, ailəvi dostumu görə bildim, həkim kimi, müəyyən yardım etdim. Amma bu yetərli deyil. Siyasi hakimiyyətdən, Prezident İlham Əliyevdən xahiş edirəm, həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılsın. Onun müalicəsinin həbsdən kənar şəraitdə davam etməsi üçün bizə yardımçı olsun”.
A.Qeybullanın sözlərinə görə, T.Yaqublu çox arıqlayıb, onun zahiri görkəmindən də vəziyyətinin təhlükəli olduğu görünür: “Xeyli çəki itirib. Həkim kimi, vizual olaraq da təhlükəni aydın görürəm. Onun yaşı, yanaşı xəstəlikləri də nəzərə alınmalıdır. Xahiş edirəm, prezident bizim müraciətimizi nəzərə alsın. Onun Qarabağ qazisi olması, müstəqillikdəki xidmətləri nəzərə alınmalıdır”.
Adil Qeybulla
Adil Qeybulla
Mənbə: Meydan TV
Həkimin sözlərinə görə, T.Yaqublu təcridxananın tibb heyətindən narazılığı olmadığını bildirib. Deyib ki, hər gün çəkisi, təzyiqi ölçülür, həkimlər daim nəzarət edir: “Mən təcridxananın sanitar-tibbi hissəsində baxış keçirdim. Karantin rejimi qaydalarına əməl olunur. Tofiq Yaqublu maskada idi. Amma aclıq edən adam tək olmalıdır. Adi infeksiyadan təhlükə yarana bilər”.
A.Qeybulla deyir ki, aclığın ikinci həftəsində artıq təzyiq oynamaları müşahidə edilir. T.Yaqublu sentyabrın 10-da bu üzdən huşunu itirərək yıxılıb: “Aclığın başqa fəsadları da olur. Məsələn, psixi dəyişiklik də baş verə bilər. Geridönməz hal olsa, sosial fiqur kimi itirə bilərik onu. Ola bilər ki, həyatını xilas edə bilərik, amma sosial baxımdan faydalı insan kimi cəmiyyətə qayıtmaya bilər. Bizə isə lazımdır ki, həm sağlamlığı yerində olsun, həm də cəmiyyətə faydalı olsun”.
Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar