Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tofiq Yaqublu bundan sonra nələri edə bilməz?

18-09-2020, 19:13   



Ev dustaqlığına buraxılmış partiya funksionerinə elektron qolbaq vurulmalıdır 

Sentyabrın 18-də Müsavat Partiyası funksioneri Tofiq Yaqublu haqqında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzləndi. Ona nəzarətlə bağlı elektron bilərziyin taxılacağı gözlənilir. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında qərar 2018-ci il aprelin 15-dən qüvvədədir.
Musavat.com xatırladır ki, 2020-ci ilin birinci yarısında 4 781 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. 3 129 nəfər elektron qolbaq tətbiq edilmiş məhkuma  Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi tərəfindən fasiləsiz nəzarət həyata keçirilir, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 652 məhkumdan elektron qolbaqlar çıxarılıb.
Həmin 163-cü maddə...
2bcb105f-825c-35cf-bfaf-71583c296133_850.jpg (68 KB)
Ev dustaqlığı qətimkan tədbiri Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir:
163.1. Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.
163.2. Ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.
163.3. Ev dustaqlığını ayrı-ayrılıqda tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər:
163.3.1. yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağan qoyulması;
163.3.2. telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;
163.3.3. müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağan qoyulması;
163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması;
163.3.5. nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması;
163.3.6. təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi;
163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi.
163.4. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.
163.5. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.
163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.
24060_view.jpg (98 KB)
Məhkumlar üzərində 1983-cü ildən tətbiq edilir
Dustaqlar üçün nəzərdə tutulan elektron bilərzik 1950-ci ildə Harvard Universitetinin alimləri tərəfində icad edilsə də, ilk dəfə məhkumlar üzərində 1983-cü ildə tətbiq edilib.

Elektron bilərziyin işləmə mexanizmi sadədir. konfiqurasiyasından asılı olaraq ev dustaqlığına buraxılmış şəxs müəyyən edilən ərazini tərk etdikdə nəzarət orqanına bu haqda siqnal ötürür. Həmin siqnal xüsusi quraşdırılmış monitora verilir və ona nəzarət edən operatora yazılı mesaj - həyəcan siqnalı çatır. Operator da həmin həyəcan mesajını arestantın nəzarətini birbaşa həyata keçirən ərazi üzrə nəzarətçiyə ötürür. Nəzarətçi əvvəl həmin siqnalın hər hansı texniki xəta olub-olmamasını araşdırmaq üçün ev dustaqlığına buraxılanın ev telefonuna zəng edir. Bu halda evdə kabel telefonunun olması ən əsas şərtdir. Ev dustağı zəngə cavab vermirsə, bu dəfə onun evinin qapısı döyülür. Statistika göstərir ki, “elektron ev dustağı” edilmiş şəxslərin 99 faizi bu şərtlərə əməl edir. Elektron bilərziyin  tətbiq edildiyi bütün ölkələrdə nəzarət mexanizmi, demək olar ki, bu cür həyata keçirilir.
Rəhim Qazıyev də ev dustağıdır
Yada salaq ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan sabiq müdafiə naziri Rəhim Qazıyev də sentyabrın 4-də ev dustaqlığına buraxılıb.
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar