Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“QARABAĞDA VURA BİLMƏYƏCƏYİMİZ OBYEKT YOXDUR” – “Laçın dəhlizini aldıqdan sonra düşmənin vəziyyəti daha da gərginləşəcək”

29-10-2020, 08:53   


Oktyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı apardığı hərbi əks-hücum əməliyyatının bir ayı tamam oldu. Artıq bu müddət ərzində ordumuzun tətbiq etdiyi hərbi taktika barədə müəyyən təsəvvür yaranıb. Bu taktika və əsgərlərimizin misilsiz şücaəti sayəsində qarşıya qoyulan məqsədlərə nail olunmaqda, ərazilərimizin işğalçıdan azad olunması davam etdirilməkdədir.
“AzPolitika.info” müharibənin birinci ayının nəticələrilə bağlı istefada olan polkovnik Şair Ramaldanovun fikirlərini öyrənib:
- Yoldaş polkovnik, Azərbaycan Ordusunun ölkənin suverenliyini təmin etmək məqsədilə başlatdığı hərbi əks-hücum əməliyyatının bir ayı tamam oldu. Peşəkar hərbçi kimi son bir ayda aparılan hərbi əməliyyatları necə qiymətləndirirsiniz? Sizcə, ordu, qarşısına qoyulan hədəflərə çata bilibmi?
- Azərbaycan Ordusunun keçirdiyi əməliyyatın nəticəsi göz önündədir. Ali Baş Komandan ordu rəhbərliyi ilə keçirdiyi müşavirə zamanı əməliyyatlara yüksək qiymət verib, döyüşlər haqqında öz fikrini söyləyib. Həmin müşavirədən belə nəticə çıxarmaq olar ki, döyüşlər plan üzrə gedir. Döyüş fəaliyyətini Ali Baş Komandan bilavasitə mərkəzdən idarə edir. Yəni bütün qərarlar ona məruzə edilir və hansı istiqamətdə döyüş fəaliyyəti aparılması qərarını Ali Baş Komandan təsdiq edir. Nəticə də göz qabağındadır.
Nəticə belədir ki, bir ay ərzində Azərbaycan Ordusu İranla dövlət sərhədinə nəzarəti tam bərpa edib. Eləcə də Qubadlının azad edilməsini nəzərə alsaq, ordu Azərbaycan-Ermənistan sərhədinin 200 kilometrə qədər hissəsini nəzarətə götürüb. Ordumuz XXI əsrin tələblərinə cavab verən müharibə aparır. Buna da səbəb bilavasitə Prezident İlham Əliyevin indiyə qədər orduya göstərdiyi diqqətdir. Məhz bunun sayəsində ordumuzun arsenalında ən müasir silahlar var. Bu gün ordumuz həmin silahların tətbiqi ilə müasir döyüş planları qurur və belə modern silahlar uğurlu döyüş əməliyyatları aparmağa imkan verir. Yəni işğal edilmiş ərazilərdə elə bir nöqtə yoxdur ki, ordumuz 4-5-ci nəsil silahlarla oradakı legitim hərbi obyektləri hədəfə ala bilməsin. Və dəqiq atışla onları məhv etməsin. İctimaiyyət bununla bağlı çoxsaylı video görüntülərlə tanışdır. Bu gün Azərbaycan Ordusunun, onun tətbiq etdiyi müasir silahların gücünü həmin görüntülər də əks etdirir.
Azərbaycan Ordusu 30 il ərzində müdafiə səddi quran, havadarları vasitəsilə silahlanmış, atəşkəslə başımızı qataraq bərkitmə işləri aparan Ermənistanı həmin mövqelərdən qovub. Uğurlu əks-hücum əməliyyatı apararaq 4 rayonu işğaldan azad edib, 160-dan çox yaşayış məntəqəsini geri qaytarıb. Hazırda bu proses davam edir. Azərbaycan Ordusunun 30 gün ərzində şimaldan Vardenis-Ağdərə yolunu, Zod aşırımından Kəlbəcərə keçən şosseni nəzarətə götürməklə, habelə Qubadlını işğaldan azad etməklə Laçına yaxınlaşaraq, işğalçıların şah damarı olan Laçın dəhlizini atəş altına almaq imkanı yaranıb. Bildiyiniz kimi ordumuzun əks-hücumunun nəticələri artıq düşmənin havadarlarının təzyiqlərini gücləndirməsi ilə müşayiət olunur, amma bunun heç bir nəticəsi yoxdur.

- Diplomatik sahədə baş verənləri nəzərdə tutursunuz?
- Bəli, düşmənin havadarları əslində Azərbaycana müəyyən təsirlər göstərmək istəyirlər. Bu istiqamətdə çalışırlar. Amma Azərbaycan Prezidentinin hərbi əməliyyatlar başlayana qədər elan etdiyi hücum diplomatiyası bütün bu riskləri azaldıb və önləyici tədbirlər həyata keçirilib. Məsələn, biz gördük ki, onlar BMT Təhlükəsizlik Şurasında öz maraqlarına uyğun olan qətnamə layihəsini keçirə bilmədilər. Qoşulmama Hərəkatında təmsil olunan Azərbaycanın dostları bu prosesə mane ola bildilər. Deyərdim ki, bu da Azərbaycan diplomatiyasının qələbəsidir. Sözsüz ki, bu qələbəyə səbəb bilavasitə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlardır. Prezidentin dediyi kimi, Nikol Paşinyan qapı-qapı gəzərək yalvarmağa başlayıb ki, onu xilas etsinlər. Əlbəttə, Azərbaycana müəyyən təzyiq prosesi də başlayıb. Lakin cənab Prezidentin dediyi kimi, bizi bu yoldan heç nə çəkindirə bilməz. Azərbaycanın tutduğu yol haqq yoludur və zəfərlə nəticələnəcək.
- Peşəkar hərbçi kimi hazırda Azərbaycan Ordusunun hərb meydanında tətbiq etdiyi taktikanı necə izah edə bilərsiniz?
- Azərbaycan Ordusu XXI əsrin çağırışlarına cavab verən müasir döyüş üsulu tətbiq edir. Ordumuz şəxsi heyət təmasa girmədən düşmənin bütün atəş vasitələrini, texnikasını, eləcə də atəş mövqeyində olan artilleriya və raket sistemlərini darmadağın etmək, düşmənə maksimum zərər vurmaqla öz itkilərimizi minimuma çatdırmaq taktikasını həyata keçirir.
- Sizcə, hazırda Azərbaycan Ordusunun əsas hədəfi nədir, haradır?
- Ordunun hədəfi Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etməkdir. Ali Baş Komandan da xalqımıza müraciəti zamanı ölkəmizin ərazi bütövlüyünün nəyin bahasına olursa-olsun, təmin ediləcəyini qeyd edib.
- Bəzən xəritəyə baxanda düşünürsən ki, ordumuz Ağdamı daha asanlıqla götürə bilər, amma informasiya gəlir ki, əsas proseslər Laçın istiqamətində cərəyan edir. Bu kimi nüanslar hərbçi olmayan insanlarda çaşqınlıq yaradır...
- Ona görə də, bu işi peşəkarlar görür. Biz əvvəlcə prioritet istiqamətləri müəyyənləşdiririk, döyüşlərin maksimum dərəcədə müsbət nəticə verməsini və itkilərin minimuma endirilməsini təmin edən isdtiqamət seçirik. Bu istiqamətlər bu gün gördüyünüz nəticələrə gətirib çıxarıb. Bildiyiniz kimi, məhv edilən texnikanın və silah-sursatın siyahısı uzundur. Bu haqda cənab Prezident xalqa müraciətində bəhs edib. Bütün bunlar göstərir ki, Azərbaycan hansısa şəhər və yaşayış məntəqəsi uğrunda döyüşmür. Ordumuz planlı şəkildə düşmənin dərinlikdə olan texnikasını, infrastrukturunu məhv edir, prioritet istiqamətləri əsas götürərək onları inkişaf etdirir. Siz mülki şəxs olsanız da, bizimlə razılaşarsınız ki, İranla sərhədin bərpa edilməsi strateji baxımdan əhəmiyyətli istiqamətdir. Artıq düşmən Ermənistanla sərhədin 200 kilometrlik məsafəsinin nəzarət altına alınması da vacib bir nailiyyətdir.
- Sizin fikrinizcə, bu hərbi əməliyyatlar nə qədər çəkəcək?
- İş ondadır ki, bütün müharibələr sülhlə başa çatır. Fikrimcə, bu saat Azərbaycan Ordusunun düşmənə vurduğu zərbədən və aparılan döyüşlərin inkişafından asılı olaraq, mümkündür ki, problem hərbi-siyasi yolla da həllini tapa bilsin.
- Demək istəyirsiniz ki, hansısa mərhələdə Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcbur ola bilər?
- Hər halda bu barədə cənab Prezident öz sözünü deyib, bütün beynəlxalq təşkilatlar bunu eşidib. Bu istiqamətdə müəyyən işlər aparılır. Düşünürəm ki, Azərbaycan Ordusunun bundan sonrakı uğurları -Laçın dəhlizinin qapadılması işğalçı qüvvələrin şah damarının kəsilməsi anlamına gələ bilər. Bunu ordumuz bağlayandan sonra düşmən əlavə problemlərlə üzləşməli olacaq. Cənab Prezident də həm Ermənistana, həm də onun havadarlarına ismarıcını göndərdi - əgər Ermənistanı qorumaq, onu bu vəziyyətdən xilas etmək istəyirsinizsə, şərtlərimizi qəbul edin. İşğalçılar rədd olub torpaqlarımızdan getsin, konkret olaraq Azərbaycana ərazilərimizin boşaldılmasına dair təqvim təqdim etsin. Biz də dayanaq. Beləcə məsələ hərbi yoldan sülh və diplomatik yola daxil olsun.
- Belə hesab olunur ki, Laçın dəhlizi uğrunda döyüşlər çətin olacaq...
- İndiyə kimi döyüşlər plana uyğun formada gedir. Bu döyüşlər müəyyən yanaşma, şəxsi heyətdən fədakarlıq, komandirlərdən peşəkarlıq tələb edir. Sözsüz ki, itkisiz də döyüş olmur. Müharibə həm də itkilər deməkdir. Siz düşünməyin ki, müharibə aparmaq asandır. Ancaq Azərbaycan Ordusu öz peşəkarlığına, fədakarlığına və müasir silah-sursatına güvənərək düşmənin müqavimətini qıra bilib, onu geri çəkilməyə məcbur edib. Laçın da bu istiqamətlərdən biridir.
- Ermənistanın hərbi potensialını, resurslarını nəzərə alaraq Azərbaycan Ordusuna qarşı bundan sonrakı müqavimət imkanlarını necə qiymətləndirirsiniz?
- Bu mövzuya cənab Prezident həm xalqa müraciəti, həm də xarici mediaya müsahibəsi zamanı toxunub. Göstərib ki, hətta Minsk Qrupunun üzvləri də Ermənistanı silahlandırır və bu prosesi indi də davam etdirirlər. Ona görə də, cənab Prezident məlum dairələrə xitabən dedi ki, əgər siz Ermənistanı bu silah-sursatla təmin etməsəniz, düşmən ölkə qısa zamanda döyüşləri dayandırmalı olacaq. Amma son zamanlar, məsələn, İraqdan Ermənistana 20 reysdən artıq olmaqla, hərbi avadanlıq gətirilib. Həmçinin, bildiyiniz kimi, Prezident son müsahibəsində qeyd etdi ki, Rusiyanın Ermənistandakı hərbi hissəsinin imkanlarından geniş istifadə olunur, bu hərbi hissədən Ermənistan ordusuna silah-sursat gedir. Bu da, əslində müharibənin uzanmasına xidmət edir.
- Düşünürsünüz ki, Ermənistana hərbi texnikanın, silah-sursatın müftə verilməsi müharibəni uzada bilər?
- Hər halda Azərbaycanda olan potensial, döyüş aparmağa, düşmənin hədəflərini məhv etməyə imkan verir. Düşünürəm ki, gec-tez Ermənistanın vəziyyəti daha da pisləşəcək. Artıq Ermənistan xeyli ciddi çətinliklər hiss edir. Fikrimcə, biz qeyd etdiyim vacib dəhlizləri bağladıqdan sonra işğalçıların durumu daha da gərginləşəcək.
Rasim Əliyev
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar