Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cenevrə danışıqlarında Azərbaycan nə qazandı, Ermənistan nə itirdi - ŞƏRH

31-10-2020, 12:11   




"ABŞ rəsmiləri erməniləri Cırtdanın nağılında olduğu kimi, işıq gələn tərəfə deyil, ithürən tərəfə göndərirlər ki, seçkiöncəsi onlardan yaxalarını qurtara bilsinlər"

Musavat.com müntəzəm olaraq tanınmışların sosial mediada yayınlanan aktual şərhləri ilə oxucularını tanış edir.
Növbəti hazırladığımız şərh ABŞ-ın Rutgers universitetinin pofessoru Qubad İbadoğlunun şərhidir. Əslən Füzuli rayonundan olan, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu müharibə günlərində yazdığı şərh və uğurlu proqnozlarla diqqəti çəkib.
Onun son şərhi Cenevrədəki danışıqlara həsr olunub. Kiçik redaktələrlə təqdim edirik.
Qubad İbadoğlu mövzuya ermənilərin Bərdə və Tərtərə atdığı çoxluqlu (kaset) döyüş bombalarına dünyanın verdiyi reaksiya ilə başlayıb. Sitat: " Bunlar istifadəsi qadağan olunan silahların siyahısındadır. Dünyanın 123 ölkəsi bu Konvessiyaya üzv olub və imza atıb. Odur ki, "Human Right Watch" və "Amnesty International" beynəlxalq təşkilatları ermənilərin Bərdəyə çoxluqlu (kaset) döyüş sursatları ilə atəş açmasını və dinc əhalinin ölümünü pisləyən bəyanatla çıxış edib. Bu bəyanatlar həm yaxşıdır, həm də lazımlıdır. Gələcəkdə Ermənistana qarşı qaldıracağımız beynəlxalq məhkəmə iddialarında bunlar bizim mövqeyimizi möhkəmləndirəcək.
photo_2020-10-31_11-47-48.jpg (52 KB)
                                       Qubad İbadoğlu
İkincisi, məlumunuz olsun ki, dünən Cenevrədə Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşündə reqalamentləşdirilə bilən siyasi qərarlar qəbul edilməyib, tərəflər 6 saatlıq görüşdən ölçülə bilən yalnız bir qərarla - cəsədlərin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar-texniki razılaşma ilə - çıxıblar. Bu da indiki situasiyada bizim maraqlarımıza xidmət edir. Onsuz da biz əsirləri və cəsədləri hətta birtərəfli qaydada ermənilərə təhvil verirdik. Bundan sonra onları BQXC vasitsəilə dəyişdirmək imkanı yaranır. Hesab edirəm ki, bu
Dilqəm Əsgərov və Şahbaz Quliyevin vətənə gətirilməsi üçün yaxşı imkandır.
Üçüncüsü, dünən ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brienin Skandinaviya ölkələrinin sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi üzərində işləməsi barədə açıqlamasından narahat qalmayın, bu uzun söhbətdir. Bununla bağlı nə siyasi, nə də texniki şərtlər razılaşdırılmayıb. Bilin ki, BMT-nin qərarı, tərəflərin razılığı olmadan Dağlıq Qarabağa sülhməramlılar gələ bilməz. Amerikanlıların seçkiöncəsi belə açıqlaması bir tərəfdən ermənilərin "könülünü" almağa, digər tərəfdən də rus sülhməramlılarının bölgəyə gətirilməsinə qarşı arqument qoymağa daha çox bənzəyir. Hesab edirəm ki, ABŞ rəsmiləri bununla erməniləri Cırtdanın nağılında olduğu kimi işıq gələn tərəfə deyil, ithürən tərəfə göndərirlər ki, seçkiöncəsi onlardan yaxalarını qurtara bilsinlər.
Odur ki, yenə də diqqət cəbhədə olmalıdır, ordumuzun döyüşdə qazandığı qələbələrin sayı artmalı və miqyası böyüməlidir. Hazırda həlli vacib olan ən ümdə vəzifə mümkün qədər tez bir zamanda minimum itki və maksimum nəticə ilə döyüş mövqelərini gücləndirməkdir. Belə strategiyanı seçib hərəkət edən xilaskar Azərbaycan ordusunun Şuşa qalasını fəth etməsi, Laçın dəhlizinə nəzarətə nail olması yaxın zamanın məsələsidir. Nəzərə alsaq ki qələbənin böyüyü kiçiyi olmur və hər kiçik qələbələrin ardından böyük qələbə gəlir. Müzəffər ordumuzun möhtəşəm qələbəsinə çox az vaxt qalıb. Ona görə də darıxmayın, səbrlə ordumuzun Şuşaya və Xankəndinə planlaşdırılan zəfər yürüşünü gözləyin".
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar