Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda idarəetmə mexanizmi nə zaman qurulacaq - deputatlar danışır

24-11-2020, 12:48   



Sabah, 25 noyabrda Azərbaycanın Kəlbəcər rayonu işğalçı Ermənistan ordusu tərəfindən azad ediləcək və 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Silahlı Qüvvələrimizə təhvil veriləcək. Əslində Kəlbəcər rayonu ötən həftədən azad edilməliydi, sadəcə, Ermənistanın Rusiyaya minnətçi düşməsi nəticəsində Azərbaycan növbəti dəfə humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək, vandal qonşulara daha on gün vaxt verdi. Dekabrın 1-dək Laçın rayonu da düşmən tapdağından tam təmizlənməlidir. 

İndi bir çox vətəndaşlarımızı düşündürən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin sonrakı taleyidir. Hazırda bu bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident İlham Əliyevlə görüşü zamanı bildirib ki, sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. “Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir. Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”, - deyə rusiyalı nazir əlavə edib.
Rusiya prezidenti Vladimir Putin “Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. ”Report" xəbər verir ki, Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib. “Ermənistan heç özü Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”, - deyə Rusiya lideri bildirib. Bu halda o vurğulayıb ki, KTMT-yə üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb.
Son günlərədək Ermənistanın təəssübkeşi qismində çıxış edən Fransa prezidenti Emmanuel Makron da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. “Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və suveren ölkə tərəfindən müraciət olmadıqca biz ora müdaxilə edə bilmərik”, - deyə Makron bildirib.
Həmsədr ölkələrin üçüncüsü, ABŞ-ın isə başı seçkisonrakı proseslərə qarışsa da, yay aylarında Konqresin Ermənistanı işğalçı ölkə olaraq tanıması unudulmayıb. Beynəlxalq hüquq keçmiş Dağlıq Qarabağ daxil, Ermənistanın işğalı altında olmuş bütün ərazilərin Azərbaycana məxsus olduğunu təsdiqləyir. Ancaq Rusiya sülhməramlılarının 5 illik fəaliyyəti, Moskvanın bu bölgədə həyata keçirdiyi layihələr bir sıra hallarda narahatlıq doğuran fikirlər yaradır.
Qeyd edək ki, Milli Məclisin ötən iclasında bu mövzuya diqqət çəkən deputat Vahid Əhmədov bir sıra dövlətlərin 10 noyabr bəyanatını qəbul etmək istəmədiyini xatırlatmışdı. Bildirmişdi ki, dövlət başçımız iradəsini ortaya qoyaraq bu bəyanatı imzaladı, amma bəzi qüvvələr bu uğurumuzu qəbul edə bilmir. V.Əhmədov ardınca qeyd etmişdi ki, dekabrın 1-dək Ermənistan ordusu Kəlbəcər və Laçından çıxmalıdır: “Laçın və Kəlbəcərdə Azərbaycan bayrağı yüksələcək. Amma mən bir Azərbaycan vətəndaşı kimi istərdim ki, bizim bayrağımız Xocalıda, Xocavənddə, Xankəndində də ucaldılsın”.
Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir
Vahid Əhmədov
V.Əhmədov bu məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki,  dekabrın 1-ni gözləyir: “Kəlbəcər və Laçın tamamilə Azərbaycana təhvil verilsin, ondan sonra yəqin ki, cənab Prezidentin fərmanı ilə bu sahələrdə müəyyən idarəetnə mexanizmi həyata keçiriləcək. Xankəndi, Xocavənd, Xocalı, Ağdərədə idarəetmə mexanizmi qurmaq lazımdır ki, bizim icra hakimiyyəti, hüquq-mühafizə orqanlarımız işləməyə başlasınlar. O halda yavaş-yavaş Azərbaycan əhalisinin də bu ərazilərə qayıtması üçün şərait yaranacaq. Yəni bizim istədiyimiz bundan ibarətdir”.
V.Əhmədov bildirdi ki, Xankəndi və digər rayonlarla əlaqədar XİN-ə hər hansı sorğu göndərməyib: “Qeyd etdiyim kimi, Kəlbəcər və Laçının Azərbaycanın tabeçiliyinə qaytarılmasını gözləyirik. Hələ bu məsələlər yekunlaşsın, yəqin ki, ondan sonra digər məsələlərə - həmin ərazilərdə idarəetmə mexanizmlərinin qurulmasına dövlət səviyyəsində baxılacaq.
Millət vəkili V.Putindən sonra Fransa prezidenti E.Makronun da Dalıq Qarabağın Azərbaycan ərazisi olduğu barədə rəsmi mövqeyini ifadə etməsinə toxundu: “Putin də, Makron da bunu açıq şəkildə bəyan etdi, bunun özü də böyük qələbədir. Bundan sonra geriyə yol yoxdur”.
V.Əhmədovun sözlərinə görə, istənilən halda, biz işimizi ehtiyatlı qurmalıyıq: “Rusiyanın sülhməramlıları bölgədədir. Ona görə biz çalışmalıyıq ki, orada Türkiyənin sülhməramlıları da olsun. Mən demirəm ki, rus sülhməramlıları ilə bir yerdə, heç olmasa, yaxın zonalarda yerləşdirilsin. Məsələn, Şuşada, Laçında, Xocalıda ola bilər. Ümumiyyətlə, bizim və Türkiyənin dövlət başçıları arasında əlaqələr çox yüksək səviyyədə qurulub. Amma biz istəyirik ki, bu əlaqələr hərbi sahədə daha da geniş olsun. Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi və digər məsələlərə baxıla bilər. Yəni bizi müdafiə edən dövlətlərdən birincisi Türkiyədir, ona görə də biz qardaş ölkə ilə hərbi məsələləri daha çevik müzakirə edib, zəruri addımları atmalıyıq”.
“Mən deməzdim ki, bu ərazilər ermənilərdə qaldı. Məlumdur ki, bütün bu rayonlar və şəhərlər Azərbaycanın əraziləridir. Təbii ki, bu rayonlarda ermənilər də yaşayıb və gələcəkdə də Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq yaşayacaqlar. Yəni hazırda bu rayon və şəhərlər üçün hansısa statusdan söhbət getmir”.
Arzu Nağıyev: Azərbaycan və Rusiya qlobal faciə ilə mübarizədə parlaq  nümunə göstərdi - Sonxeber.net
Arzu Nağıyev
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev isə bu fikirləri qəzetimizə söylədi. Bildirdi ki, bu gün əsas məsələ hər iki tərəfdən qaçqınların yerləşdirilməsi və infrastrukturun bərpasıdır: “Məlumdur ki, dekabr ayının 1-nə qədər erməni silahlı birləşmələri işğal edilən rayonları, eyni zamanda Azərbaycanın ərazisini tərk etməlidirlər, bu, həm də Xankəndi, Xocalı və digər ərazilərə aiddir. Bu gün ən ciddi məsələ atəşkəsə tam riayət etməkdir. Bugünlərdə Xocalıdan, Ağdamdan keçməsi nəzərdə tutulan 104 km-lik Yevlax-Xankəndi dəmir yolunun çəkilməsi də nəzərdə tutulur. Bu da mühüm şərtlərdən biridir. Azərbaycan və Rusiya rəhbərliyinin məqsədi bu gün Qarabağa BMT və digər beynəlxalq təşkilatların, o cümlədən YUNESKO, Qırmizi Xaç və s. cəlb edilməsi, humanitar və digər dini və mədəni məsələlərin həll edilməsidir”.
A.Nağıyev qeyd etdi ki, bu ərazilərdə kimin yaşamasından asıl olmayaraq, mərhələli surətdə iqtisadi, siyasi və digər problemlər həll edilməlidir: “Məlumdur ki, demoqrafik məsələlərin həlli çox mühüm şərtdir, ona görə də infrastrukturlar öz fəaliyyətini nə qədər tez bərpa etsələr, digər məsələlər də paralel olaraq həll ediləcək. Bu gün işğaldan azad edilən ərazilərimiz hələ ki hərbi birləşmələrimizə təhvil verilir, komendaturalar və s. formalaşdırılır. Düşünürəm ki, paralel olaraq digər işlər də aparılacaq, ərazi bütövlüyümüz  tam bərpa ediləcək və bütün məsələlər Azərbaycan qanunları ilə tənzimlənəcək”.
Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh hakimiyyətə gələ  bilər, onları dəhşət bürüyür”
Qüdrət Həsənquliyev
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev işğal altında qalan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizin taleyi barədə danışarkən “Yeni Müsavat”a bunları söylədi: “Noyabrın 10-da imzalanmış birgə bəyanatın 7-ci maddəsinə görə daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar.
Yəqin ki, bu işə dekabrın 1-də  erməni işğalçıları Azərbaycanı tam tərk edəndən sonra başlanılacaqdır. Hazırda Minsk Qrupunun fəaliyyətini bərpa etməsindən və Putinin verdiyi  açıqlamalardan belə qənaətə gəlmək olar ki, Dağlıq Qarabağın statusu məsələsi Minsk Qrupunda müzakirə olunacaq. Həmin müzakirələrin nəticəsindən asılı olaraq regionun iqtisadi, maliyyə  və kommunikasiya baxımından Azərbaycana inteqrasiya olunması, yerli erməni sakinlərin vətəndaşlıq məsələsi, həmin ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, yerli idarəetmə və digər məsələlər  öz həllini tapacaq. İndi qarşımızda duran əsas məsələ  dekabrın 1-dən sonra Ermənistanla bütün sərhəd boyunca, xüsusilə Laçın keçidində sərhədçilərimizin yerləşdirilməsi, Dağlıq Qarabağın qaz və elektrik enerjisi ilə təchizatını Azərbaycanın öz üzərinə götürməsi olmalıdır. Qalan məsələləri də ağıl və təmkinlə addım-addım həll edəcəyik. Qarabağ Azərbaycandır və Azərbaycan bütün ərazisində öz suveren hüquqlarını bərpa edəcəkdir".
Görünən budur ki, bəzi güclər Azərbaycan ərazilərinin azad olunmaması üçün əlindən gələni etməyə çalışır. Məsələn, Fransa senatı  nəinki Xankəndi və digər şəhər və rayonların azadlığına qarşı çıxır, hətta 1994-cü il atəşkəs razılaşması ərəfəsində mövcud olan “təmas xətti”nin bərpasına (!) nail olmaq istəyir. Noyabrın 25-də Fransa parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bu, hansı siyasi nəticələr doğurar?
Q.Həsənquliyev bu barədə danışarkən dedi ki, qondarma rejimin tanınması üçün Fransa prezidenti müvafiq qərar qəbul etməlidir: “Bu isə o demək olacaq ki, həmin qərardan 10 dəqiqə sonra, Azərbaycan Respublikası Prezidentinin bəyan etdiyi kimi, Fransa ilə bütün iqtisadi, siyasi, diplomatik əlaqələrə, o cümlədən onun Dağlıq Qarabağ üzrə Minsk Qrupundakı vasitəçilik missiyasına  son qoyulacaq. Onlar bundan artıq heç nəyə  nail olmayacaqlar”. Fransanın Azərbaycana bu qəzəbi nədən qaynaqlanır? Q.Həsənquliyev: “Bu gün yazıları və çıxışları ilə diqqət çəkən hörmətli İlham İsmayılın Moderator.az saytında bir yazısı ilə tanış oldum. Ümid etdiyini bildirir ki, Makron gedicidir və bir gün haqsızlığa qarşı mübarizə aparan bir Qraf Monte Kristo peyda olacaq və haqsızlığa son qoyacaq. Təəssüf ki, belə olmayacaq. Fransada münaqişə başlayandan çox prezidentlər dəyişib, amma Fransanın ermənipərəst və qərəzli mövqeyi dəyişməyib. Yəqin hörmətli İlham bəy dəyərli ziyalımız və sabiq millət vəkili rəhmətlik Şamil Qurbanovun ”Jak Şirak qudurub" ifadəsini unudub. Fransanın bizə olan qəzəbi həmin ölkədə mövcud olan 600 minlik zəngin erməni diasporasının pulundan və islamafobiya mərəzinə yoluxmuş fransız cəmiyyətindən qaynaqlanır".
Beləliklə, biz Xankəndi, Xocalı və Xocavəndə qayıdışımızı gözləyirik. Hazırda orada Rusiya sülhməramlılarına arxayın olan Araik kimi barəsində cinayət işi qaldırılan canilər “at oynatmaq”da davam edə bilməyəcəklər.
Elşad PAŞASOY,
“Yeni Müsavat”v
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar