Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağın böyük bərpa planı: Nə qədər vəsait lazım olacaq?

24-11-2020, 13:08   


Qarabağın böyük bərpa planı: Nə qədər vəsait lazım olacaq?

İşğaldan azad olunan ərazilərimizin bərpası, vətəndaşlarımızın bura qaytarılması külli miqdarda vəsait tələb edir.
İndi həmin vəsaitlərin hansı mənbələr hesabına əldə ediləcəyi aktualdır.
Qeyd edək ki, məhz bu məsələ 2021-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müzakirəsinin ləngiməsinə səbəb olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov “Report”a açıqlamasında bildirib ki, ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır.
Ş.Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əks- hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu. İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq.
Maliyyə naziri bildirib ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.
“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”, - S.Şərifov qeyd edib.
Ermənilər tərəfindən darmadağın edilən, normal həyat yaşayışının qurulması üçün heç bir şəraiti qalmayan ərazilərimizin bərpası, vətəndaşlarımızın orada yerləşdirilməsi üçün maliyyə vəsaitləri hansı mənbələr hesabına əldə olunmalıdır? Bu məqsədlə xarici kreditlərə müraciət oluna bilərmi və bu məqsədəuyğundurmu?
İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərin bərpası mərhələli şəkildə həyata keçiriləcək:
“Çünki bir il, və ya iki il ərzində bunu başa çatdırmaq mümkünsüz görünür. Yəqin ki, bu proses bir neçə il çəkəcək. Birinci mərhələdə təhlükəsizliyin təmin ediməsi, minalardan, partladılmamış mərmilərdən təmizlənmə, müharibənin izlərinin itirilməsi məsələsi olacaq. Bura həm də İran və Ermənistan sərhədlərin möhkəmləndirilməsi də daxildir. Bununla paralel olaraq infrastruktur layihələri başlanacaq - yolların çəkilməsi, qaz, işıq, kanalizasiya xəttlərinin çəkilməsi baş verəcək. Bundan sonra şəhərlərin bərpası, iş yerlərinin yaradılması, əhalinin köçürülməsi ilə bağlı mərhələli şəkildə bir neçə illik plan təsdiqlənəcək”.
İqtisadçı bidirir ki, bu işlərin yerinə yetirilməsi üçün gələn il üçün büdcə xərcləri artırılmalıdır:
“Ən azı 2-3 milyard manat əlavə vəsaitə ehtiyac yaranacaq. Bunun üçün lazım olan mənbələrə gəlincə, məlum olduğu kimi bizdə iki əsas mənbə var. Birinci mənbə Dövlət Neft Fondundan transfertlərdir, ikinci isə gömrük rüsumları və vergilərdir. Bu ilin iqtisadi göstəriciləri çox aşağı olub. Pandemiya və neft qiymətlərinin düşməsinə görə ilin sonunda ümumdaxili məhsulun 4 faiz azalacağı gözlənilir, vergi və gömrük rüsumlarının gələn il də toplanmasında axsamalar mümkündür. Dövlət Neft Fondunda isə 42 milyard dollar vəsait var, bu ilin spnunda isə fondun büdcəsində böyük kəsir olacağı gözlənilir. Dövlət Neft Fondunun gəlirləri xeyli azalıb, xərcləri isə təqribən 6,5 milyard dollara yaxındır. Bu ilki dövlət büdcəsinin təqribən 58 faizi DNF-dən transfertlərdir, gələn il də eyni olacağı gözlənilir. Bizim təəssüf ki, başqa mənbələrimiz yoxdur və DNF-dən daha çox vəsait istifadə etməyə məcbur olacağıq. Dollar ekvivalentində bu təxminən 9-10 milyard dollara gəlib çata biləcək, büdcənin 60 - bəlkə də daha çox hissəsini transfertlər təşkil edəcək. Başqa mənbələrin tapılmasına ehtiyac var. Yəni iqtisadi aktivliyin artırılmasına, investorların cəlb olunmasına, daha şəffaf və qənaətcil idarə sisteminə ehtiyac var. Bunların hamısı işğal olunmuş torpaqların azad olunması ilə paralel olaraq aparılmalıdır ki, gələcəkdə bunun ciddi effektlərini görə bilək”.
İşğaldan azad olunan ərazilərin bərpası kreditlərin götürülməsi hesabına həyata keçirilə bilərmi? İqtisadçı deyir ki, bu variantlardan biridir:
“Amma lazımdırmı? Çünki onsuz da Azərbaycanın kredit yükü son 4 il də artan templə gedir, birbaşa dövlət borcları ümumdaxili məhsulun 25 faizinə çatıb, dolayı borclar da var. Bu borcları Maliyyə Nazirliyi dövlət borcu hesab etməsə də, əslində dövlət zamin olduğu üçün onlar da dövlət borcu kateqoriyasına daxildir. Onlar da daxil olduqda borc ümumdaxili məhsulun yarısı həcmində olur. Doğrudur, 80 faizı qədər təhlükəli hədd sayılmır, amma hər halda bu artan templə inkişaf edir. Cəmi 5 il qabaq kredit borcları ümumdaxili məhsulun 8 faizinə bərabər idi. Bu baxımdan da kreditlərin götürülməsi mümkün olsa da, bu iqtisadiyata, gələcək nəsillərə əlavə yükdur. Kreditlərin qaytarılması məsələsi var. Bu il biz kreditlərin ödənilməsinə 1,6 milyard manat vəsait ayırmağa məcbur olduq. Bu baxımdan da hesab edirəm ki, kreditlərin götürülməsinə konservativ yanaşmalıyıq”.
Xatirə Nəsirova
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar