Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı-İrəvan yekun sülh müqaviləsi: şərtləri yenə Azərbaycan diktə edəcək!

3-12-2020, 09:39   



Böyük sülh anlaşması ən çox Ermənistana lazımdır, çünki...; qonşu xalq yenə də qlobal güclərin geosiyasi oyunlarında maşa olmaq istəmirsə, bir yolu qalıb; politoloq: “Müqavilədə təzminat məsələsi də həllini tapmalıdır...”

Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. Azərbaycan Prezidenti, Alı Baş Komandan İlham Əliyev xalqa son müraciətində bunu bir daha bəyan etdi. Onu da məsləhət gördü ki, belə bir ifadə yalnızca tarixi kontekstdə istifadə olunsun. Şübhəsiz, bu ismarış ilk növbədə öz geosiyasi maraqları naminə bədbəxt Ermənistandan yararlanan və eyni səbəbdən münaqişənin bitməsini istəməyən bəzi qlobal güc mərkəzlərinə, özəlliklə Fransaya ünvanlanıb.
Odur ki, həmin mərkəzlərin “geosiyasi iştahası”nı tam söndürmək üçün yaxşı olar ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi də imzalansın. Bu, əslində ən çox Ermənistana, erməni xalqına lazımdır. O anlamda ki, nəhayət, böyük güclərin maşası, oyuncağı olmaqdan qurtulub, qonşu Azərbaycan və Türkiyə hesabına inkişaf və tərəqqi yoluna çıxa bilsin. Özünün, öz rəhbərlərinin günahı üzündən düşdüyü dərin iqtisadi-sosial və demoqrafik böhrandan qurtulsun...
*****
“Ermənistanla yekun sülh müqaviləsində bir çox məsələlər, o cümlədən təzminat məsələsi də həllini tapmalıdır”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Laçının işğaldan azad edilməsi ilə işğalın bitməsi və bundan sonrakı siyasi proseslər haqda danışarkən deyib.

Elxan Şahinoğlu
Laçının ermənilər üçün həyati əhəmiyyətə malik ərazi olduğunu xatırladan politoloq rayonun işğaldan azad edilməsini Qarabağ münaqişəsinin hərbi hissəsinin uğurla başa çatmasının təsdiqi sayır: “İllərdir Ermənistan bizə ”güzəşt" adı altında beş rayonu qaytarıb daha sonra referendumla keçmiş Dağlıq Qarabağa müstəqillik almağa çalışırdı. Hətta onlar yalnız bundan sonra Kəlbəcər və Laçını boşalda biləcəklərini deyirdilər. Laçının da hamısını yox. Lakin Azərbaycan hərbi yoldan istifadə edərək bir daha sübut etdi ki, biz istədiyimiz halda işğalda olan 7 rayonu və keçmiş Dağlıq Qarabağın ərazisini geri qaytara bilərik".
Sözünə davam edən ekspert deyib: “Şübhəsiz, uğurlarımız danılmazdır. Tarixi qələbə qazandıq. Laçının da azad edilməsi Azərbaycanın hərbi və diplomatik masada qələbəsinin göstəricisidir. Münaqişənin hərbi mərhələsi artıq sona çatıb. Siyasi müstəvidə mübarizəmiz davam edir. Yekun sülh müqaviləsi hələ imzalanmayıb. Bu, çox vacibdir. Çünki yekun sülh müqaviləsində bir çox məsələlər, eyni zamanda təzminat məsələsi öz həllini tapmalıdır. Sülhməramlılar, xüsusilə Türkiyə və Rusiya sülməramlılarının fəaliyyətini vurğulamaq lazımdır. Mütləq şəkildə türk hərbçiləri Azərbaycana gəlməli və Rusiya ilə birlikdə sülhməramlı missiyanı yerinə yetirməlidir. Qarşıdan gələn danışıqlar prosesində də uğurun davamlı olacağını düşünürəm”.
*****
Təzminatdan söz düşmüşkən, artıq bundan ötrü hüquqi zəmin tam hazırdır. Həmçinin ortada belə bir mühüm yenilik var: Ermənistan rəhbəri Azərbaycan və Rusiya liderləri ilə 10 noyabr kapitulyasiya bəyanatına imza atmaqla və həmin sənədin bəndlərini icra etməyə başlamaqla öz ölkəsinin işğalçı olduğunu rəsmən və birmənalı şəkildə təsdiqləyib. Halbuki sentyabrın 27-dək - 44 günlük Vətən müharibəsi başlayana qədər bunu boynuna almaqdan israrla yayınırdı. Guya Azərbaycan torpaqlarını mifik “Özünümüdafiə ordusu”, bir ovuc Dağlıq Qarabağ ermənisi işğal edib.
Ermənistan bundan ötrü hətta BMT TŞ-nin Qarabağla bağlı qəbul elədiyi 4 məlum qətnamənin mətni ilə belə manipulyasiya etməyə çalışırdı. Çünki həmin sənədlərdə “işğalçı Ermənistan qüvvələri” deyil, “işğalçı erməni qüvvələri” ifadəsi yer alıb. 
Təbii ki, dünya birliyi gerçəyi əla bilirdi. Uzun illər sülh danışıqlarının məhz Bakı ilə İrəvan arasında getməsi də həmin gerçəyin bariz təsdiqi idi. İndi isə əlimizdə üstəlik, Ermənistanın ən qatı havadarlarını belə şoka salan, təzə, “daşdan keçən” sənəd var - üçtərəfli bəyanat. Yəni obrazlı desək, Ermənistanın “burcutmağa” yeri qalmayıb - bundan sonra onun başında kim durur-dursun...    
“Ermənistan Respublikası üçtərəfli Moskva sənədini imzalamaqla bütün bu illər ərzində işğalçı ölkə olduğunu rəsmən bütün dünyaya bəyan etdi”.
Ermənistanda böhran daha da dərinləşəcək
“Yeni Musavat” xəbər verir ki, bu fikri erməni vəkil Vahe Qriqoryan söyləyib. Onun sözlərinə görə, bu sənədin mətnində ağ fonda qara hərflərlə deyilir ki, Ermənistan torpaqları Azərbaycana qaytarmağı öz öhdəsinə götürür.
“Təkcə ”qaytarmaq" sözü özündə böyük məna daşıyır. Bu, erməni tərəfi üçün bu dəfə diplomatik müstəvidə növbəti biabırçı məğlubiyyətdir. İrəvan belə bir sənədi imzaladı və bütün dünyaya işğalçı olduğunu etiraf etdi", - deyə Qriqoryan əlavə edib.
*****     
Göründüyü kimi, erməni tərəfində az-çox hüquqi savada malik olanlar da 10 noyabrdan sonrakı acı gerçəyin nədən ibarət olduğunu başa düşürlər. Söhbət həm də baş nazir Nikol Paşinyanın sənədə atdığı imza ilə İrəvana qarşı böyük təzminat davamız üçün açılan hüquqi pəncərədən gedir.
Əlbəttə ki, İrəvanla yekun sülh anlaşmasının şərtlərini də rəsmi Bakı diktə edəcək - özəlliklə beynəlxalq hüquqa və bir də üçtərəfli sənədə söykənməklə. Azərbaycanla böyük sülh müqaviləsi isə artıq vurğulandığı kimi, daha çox Ermənistana gərəkdir. Səbəblərini sadaladıq.
Bu arada Ermənistanda yeni təyin edilmiş iqtisadiyyat naziri Vahan Kerobyanın Qarabağa dair əldə olunmuş üçtərəfli razılaşmanın regionda ticarət üçün yeni imkanlar açdığı, gələcəkdə Ermənistan mallarının Azərbaycan bazarına çıxarılmasının mümkünlüyü haqda açıqlaması dərhal ona qarşı hücumlara səbəb olub (Virtialaz.org).
Hakim “Mənim addımım” fraksiyasından deputat Ayk Gevorgyan isə deyib ki, erməni mallarının Azərbaycanda satılmasında pis nəsə yoxdur. “Hər sözün, hər hərfin ətrafında bu cür hay-küy qaldırılması bizi heç yana aparmır. Əgər biz mallarımızı Azərbaycana sata bilsək, siz bunda pis nəsə görürsüz?”, - deputat jurnalistlərə bildirib.
Ermənistan ölən daha 34 hərbçinin adını açıqladı - Siyahı
Bu zaman jurnalistlər ona daha bir sual veriblər, deyiblər ki, azərbaycanlıların erməni əsgərlərini öldürdüyü bir vaxtda Azərbaycan mallarının Ermənistanda satılması nə dərəcədə normaldır? “Mən bilmirəm siz bu düşüncə ilə hara gedirsiniz, hara gedirsiniz”, - deputat başını bulayıb və uzaqlaşıb...
*****
Doğrudan da, bu düşünsə ilə hara gedir qonşular? Qısası: əgər erməni xalqı böyük güclərin geosiyasi oyunlarında yenə maşa olmaq istəmirsə, tərəqqi yoluna və öz taleyinə sahib çıxmağı düşünürsə, yolu bəlli. Özü də Bakı ilə sülh müqaviləsi nə qədər tez imzalansa, erməni toplumu bir o qədər uduşda olar. Nədən ki, zaman onlara işləmir. Çoxdan işləmir...  
Analitik xidmət,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar