Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Qarabağa kimlər qayıtmayacaq?

9-01-2021, 19:41   


 
Kəmfürsət erməni deməzmi ki, bunlar hələ öz ermənisiz yurdlarına qayıtmaq istəmirlərsə, gəlib bizlə birgə necə yaşayacaqlar, yəni qayıdıb gələrlərmi?
İşğaldan azad olunan torpaqlara əhalinin(keçmiş qaçqınların) qayıdıb-qayıtmayacağı barədə cəmiyyəti bürümüş əndişəni indilikdə başa düşmək, doğrusu bir az da çətindir.
Mina təhlükəsi səbəbindən o torpaqları ziyarət etmək hələ mümkünsüzdürsə, necə rəy vermək olar ki, qayıdan nə qədər olacaq və sair...Sosial şəbəkədə belə qeybətlər yəqin ki, var, onları boş vermək lazım. Amma baxıram ki, hökumət də bu barədə danışır, demək cəmiyyətdə belə bir narahatlıq var.

Fəqət nəzərə almalıyıq ki, bu cür müzakirələrə ermənilər də qulaq kəsilir. Biz 10 noyabr anlaşmasında azərbaycanlı qaçqınların Xankəndinə(eləcə də digər ərazilərimizə) qayıtmasına, yəni erməni ilə bərabər yaşamasına razılaşmışıqsa, gərək bu cür məsələlərdə daha diqqətli olaq. Kəmfürsət erməni deməzmi ki, bunlar hələ öz ermənisiz yurdlarına qayıtmaq istəmirlərsə, gəlib bizlə birgə necə yaşayacaqlar, yəni qayıdıb gələrlərmi? Yəqin məhz bu cür narahatlıqlar dövlət rəhbərliyinə də çatıb və bu səbəbdən məsələni dəqiqləşdirmək üçün əhatəli sorğu keçirilməsi barədə tapşırıq verilib.
1466411616_1.jpg (69 KB)

Sirr deyil ki, qaçqınlarla bağlı cəmiyyətin mövqeyi zaman-zaman dəyişib: gah onları torpaqlarını qoyub qaçmaqda, hətta yeri gələndə, bəzi sərsəmlər “torpaqları satmaqda” da suçlayıblar. Yəni yalanı yoxdur, qaçqınlara münasibət (yəqin ki, bütün dünyada bu belədir) heç vaxt birmənalı nə yaxşı, nə pis olub. Bunun səbəbləri isə çoxdur. Elə qaçqın olub ki, gəlib sığındığı obada özünü yaxşı aparmayıb, ya yekəxanalıq edib, ya “mən qaçqınam” deyib, əlavə imtiyaz-filan tələbi irəli sürüb. Amma böyük əksəriyyət daima “torpaqsızlıq” adlı ağrı ilə yaşayıblar. Söhbət Qarabağdan, işğaldakı torpaqlardan düşəndə canları yanıb, ürəkləri dağlanıb...

Bir dəfə saytlar biznesmen-qaçqının var-dövlətinin, hətta donuz fermasının olduğunu yazmışdı- uzun bir siyahı idi. Məndən soruşdular ki, bu adamı yəqin tanıyırsan, doğurdanmı onun bu qədər var-dövləti var? İroniyasız-filansız dedim ki, mən o siyahıda torpağının adını görmədim, qaçqındırsa, demək varlı deyil. Sənin doğulduğun torpaq, ata-baba mülkün, doğmalarının qəbiristanlığın işğaldadırsa, düşmən tapdağındadırsa yarımçıqsan. Kimin nə deməyindən, imkanından asılı olmayaraq, qaçqınların böyük əksəriyyəti illərlə belə yarımçıq həyat yaşayıblar. Şükür, bu yarımçıqlıqdan qurtulduq.
qachqin_yataqxanasi.jpg (71 KB)

Təbiidir ki, bu adamlar bütün əmlakını itirmişdilər, haradasa (təkcə Bakıda deyil) məskunlaşıb, yenidən ev-eşik sahibi olmalı, uşaq böyütməli, oğul evləndirməli, qız köçürməli olublar. Çoxunun uşağı, nəvəsi o torpaqları görməyib, yalnız köklərinin harada olduğunu nənə-babalarından, əmi-dayılarından eşidib-biliblər.

O qaçqın uşaqların bəziləri son müharibədə şəhid oldular: Ağdamı görmədən, Füzulini görmədən, Qubadlını görmədən...İndi necə düşünmək olar ki, onların ailələri, nəsilləri o torpaqlara qayıtmayacaqlar? Qaçqın olmadan bu cür düşünmək, bu cür danışmaq, ittiham etmək asandır. Hətta onların əvəzindən “əşi, bu cür şəraiti(?) qoyub hara qayıdırlar?” demək də olar. Hərə bir imkanı olan qaçqın görüb, ona nəzərən də qiymət verir: “Qayıtmayacaqlar...” Gedin, Bakının bir çox yataqxanalarına sığınanlara, ətraf kəndlərində-Pirşağıda, Mərdəkanda pansionatda on illərdir çürüyənlərə də baxın, sonra belə qəti rəy verin...

3 minədək şəhid vermişik ki, “qaçqınlar qayıdacaq, yoxsa qayıtmayacaq” söhbəti aparaq? O torpaqlar şəhid qanları ilə müqəddəsləşib, biz necə oraya qayıtmaya bilərik? Evlərimiz dağılıb, yurd yerlərimiz tanınmaz hala düşüb. Amma biz deyildikmi deyən, quru torpaq olsun, gedib çadır qurub yaşayacağıq.

Biz idik! Biz deyildikmi hər işğal günündə büzüşüb yumağa dönən. Biz idik! Göydə Allah, yerdə ordumuz və Ali Baş Komandanın sayəsində bizə o xoşbəxtlik nəsib oldu ki, qaçqın adı üzərimizdən götürüldü, torpaqlarımız işğaldan azad edildi. Bu elə bir xoşbəxtlikdir ki, onun sözlə ifadəsi heç vaxt sözlə ifadə etmək mümkün olmayacaq.
qacccc-660x330.jpg (43 KB)

Qaçqınlar bir dəfə ev-eşiklərini itirdi, buralarda yeni ev-eşiklər qurdu, inanın ki, yenə də o doğma torpaqlarda ev-eşik qurmağa gücləri, həvəsləri, hətta lap istəsəniz, maddi imkanları olanları da var.
Qayıtmayan olacaqmı? Əlbəttə ki, olacaq. Eləsi var ki, torpağını unutmuşdu, heç tanımayan olanda qaçqın olduğunu da demirdi.

O qayıtmayacaq. Eləsi var ki, qaçqınlıqda bir nəfər şəhərlisinin, kəndçisinin xeyir-şərinə getməyib, yerli adam görəndə yolunu dəyişib, özünə başqa yerlərdən yeni dostlar tapıb, indi üzü yoxdur, o da qayıtmayacaq. Eləsi var ki, dədə-babası o torpaqlara gəlmə idi, kökü yoxdur, o adamlar da qayıtmayacaq. Eləsi var ki, orada qəpik quruşla oynayırdı, iki atın arpasını bölə bilmədiyinə hamı agah idi, burada isə ən müxtəlif yollarla hədsiz pullanıb, harınlayıb, yoğunlayıb, indi ora qayıdanda keçmişi, etdikləri yanlışlar yada düşəcək, onlar da qayıtmayacaqlar. O adamlar qayıtmayacaq ki...
Boş verin, qayıtmayanları. Qayıdanlar qat-qat, lap-lap çox, hətta o qədər çox olacaq ki...


Nazim SABİROĞLU
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar