Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Peyvəndlənmədən sonra yoluxma riski qalır, lakin... ” - professordan ilginc açıqlama

12-01-2021, 10:25   



“Məsələ burasındadır ki, peyvənd olunandan təxminən 40 gün sonra immunitet formalaşmağa başlayır”

Azərbaycanda getdikcə gündəlik koronavirusa yoluxma və virusdan dünyasını dəyişənlərin sayı azalmağa başlayıb. Bu tendensiya artıq iki həftədir ki, davam edir.
Belə ki, yanvarın 10-na olan statistik məlumata görə, ölkədə gündəlik yoluxanların sayı 601, virusdan ölənlərin sayı isə 19 nəfər olub. Bundan əvvəl yoluxma sayı azalsa da, virusdan ölənlərin sayında yalnız nisbi azalma hiss olunurdu. Lakin artıq virusdan ölənlərin də sayı azalmağa, 20-dən aşağı düşməyə başlayıb.
Bəs ölkəmizdə vaksinasiya prosesi nə zaman başladılacaq? Uzun müddətdir ki, bu suallar səslənsə də, hələlik rəsmi olaraq dəqiq məlumat verilməyib. Yalnız iki gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda yaxın günlərdə koronavirus əleyhinə vaksinasiya başladılacaq və bununla bağlı hazırda müəyyən işlər görülür:
“Yaxın günlərdə vaksinasiya strategiyası, bütün məqamlar, eləcə də vaksinasiyanın nə zamandan başlanacağı ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, rəsmilərin verdiyi açıqlamalardan belə məlum olur ki, Azərbaycana 4 milyon doza vaksin gətiriləcək. İlk olaraq vaksinin tibb işçilərinə və risk qrupuna daxil insanlara vurulması gözlənilir. Həmçinin bütün ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiya pulsuz və könüllü olacaq.
Bəzi mütəxəssislər ölkədə vaksinasiyanın daha sürətli aparılması ilə bağlı bir sıra təkliflər irəli sürməkdədilər. Səslənən təkliflərdən biri də budur ki, vaksinasiyanın sürətli aparılması üçün özəl şirkətlər də vaksin gətirilməsi prosesinə cəlb olunsun.
Adil Qeybulla: “İsgəndər Həmidovla bağlı ümidim azdır…” – Reportyor
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, bu məsələ tamamilə dövlətin nəzarəti altında olmalıdır:
“Yaxşı olardı ki, vaksinlərin ölkəyə idxalı dövlət səviyyəsində olsun. Çünki ortada birbaşa məsuliyyət məsələsi var. Həmin vaksinlərin gətirilmə, saxlanılma qaydaları, bütövlükdə dövriyyə sisteminə dəqiq nəzarət olunmalıdır. Bu baxımdan hesab edirəm ki, bunu özəl sektorlara paylamaq düzgün olmazdı. Bütün dünya ölkələrində də bu məsələyə dövlət nəzarət edir”.
Ölkəmizdə vaksinasiyaya start verilməsə də, artıq tətbiq ediləcək peyvənd, onun keyfiyyəti, təsirləri haqda müzakirələr səslənməkdədir.
Ötən gün Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudovun “ARB-24"ə açıqlamasında ”Peyvənd olunandan 1 ay sonra bu öz təsirini göstərir. Peyvənddən sonra da yoluxma riski qalır" deməsi bu müzakirələri daha da qızışdırıb.  Suallar yaranır ki, peyvənddən sonra yoluxma riski nə qədər qalır? Peyvənddən neçə gün sonra orqanizmdə virusa qarşı immunitet yarana bilir?
Professor Adil Qeybulla məsələyə bu cür şərh bildirdi:
“Məsələ burasındadır ki, peyvənd olunandan təxminən 40 gün sonra immunitet formalaşmağa başlayır. Doğrudur, iki peyvəndin arasındakı zaman 3 həftə, yəni 21 gün təyin olunur. Lakin immunitetin formalaşması peyvənd vurulandan 42 gün sonra başlayır. Tam immunitet formalaşdıqdan sonra artıq təkrar yoluxma mümkün deyil. Sadəcə olaraq, peyvənd vurulduqdan sonra yoluxma riski immunitet formalaşana qədər qalır. İmmunitet formalaşdıqdan sonra bu risk aradan qalxmış olur”.
Daha bir məsələ, xüsusən də sosial şəbəkələrdə peyvəndin əks təsirli, təhlükəliliyi barədə müəyyən məlumatlar yayılmaqdadır. Artıq rəsmilər də məsələyə münasibət bildirməyə başlayıb. Rəşad Mahmudov bu mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib:
“Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında peyvəndlər həmişə ”qızıl açar" rolu oynayıb. Bu gün də belə bir həqiqəti qəbul etməliyik ki, yeni növ koronavirusla mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Az qala bir ilə yaxındır ki, bütün dünyanın başı üstünü alan dəhşətli və qorxunc infeksiyadan məhz bu yolla xilas olmaq mümkündür.
Təəssüf ki, bəzi hallarda bu mühüm və vacib kampaniya aparılmasına başlanılmamış hər hansı bir ölkədə baş verən bir və ya iki ölüm halını heç bir mütəxəssis rəyi olmadan peyvəndlə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə yanaşma əhali arasında çaşqınlıq yaranmasına səbəb olur. Bu bir faktdır ki, COVİD-19 infeksiyası yayılmamışdan əvvəl də dünyada hər gün həyatını itirən insanlar vardı. Həmin ölüm halı ilə əlaqədar əlində ciddi və əsaslandırılmış fakt olmadan onun peyvəndlə əlaqələndirilməsi həqiqəti əks etdirmir, çünki belə bir qənaətə xüsusi tibbi-ekspert qrupunun rəyindən sonra gəlmək olar. Hələlik indiyə qədər koronavirus peyvəndinin həyatı təhlükəsi ilə əlaqədar hər hansı dəqiq məlumat yoxdur. Dolaşan bəzi məlumatlar isə daha çox spekulyativ xarakter daşıyır, tibbi mərkəz və mütəxəssislərin rəyinə əsaslanmır və qətiyyən həqiqəti əks etdirmir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar