Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nüsrət Kəsəmənlinin oğlu prezidentə müraciət etdi

29-04-2014, 13:11   
Nüsrət Kəsəmənlinin oğlu prezidentə müraciət etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, prosesdə A.Kəsəmənlinin vəkili Aytən Əliyeva çıxış etdi: “Qarşınızda mərhum şair Nüsrət Kəsəmənlinin oğlu dayanıb. Ona qarşı qondarma narkotik ittihamı irəli sürülüb. Arazın heç bir günahı yoxdur. Əməliyyatın rəhbəri Elman Tərlanova sual verdim ki, “qanunsuz maddələrin dövriyyəsi nədir”, cavab verə bilmədi.

Araz həbs olunan gün qardaşı ilə toya gedib. Əməliyyatda iştirak edənlər də Arazın günahsız olduğunu bildirir. Bu qədər ədalətsizlik olmaz. Mən məhkəmənin ədalətli qərar çıxaracağına inanıram”.

Araz Kəsəmənlinin qardaşı Rəşad Kəsəmənli isə prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova müraciət edib.

Bu arada məlum olub ki, mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı sosial şəbəkədə məşhur müğənni Aybəniz Haşımova da ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.

Əməkdar artist Aybəniz Haşımova əvvəlcə mərhum şairimiz Nüsrət Kəsəmənlinin yaradıcılığını dəyərləndirərək, onu müasir poeziyamızın Müşfiqi adlandırıb.

Araz Kəsəmənlinin ilk həbsindən xəbərsiz olduğunu, lakin hal-hazırkı vəziyyətdən xəbərdar olduğunu və sanki kiminsə bu ailəyə cəhənnəm əzabı yaşatmaq istədiyini bildirib.

Sənətçi müraciətinə bu cür davam edib: "Bilmirəm, bu ədavət hardan gəlir, amma fakt ortadadır. İnsan 7 aydır günahsız yerə yenə də həbsxana təcridxanasinda saxlanılır. Heç bir dəlil olmadan insanı günahlandırmaq yalnız böyük qərəzin göstəricisidir. Kimlər maraqlıdır bu işdə, onu bilmirəm.Amma bircə onu bilirəm ki, heç kəsin balasına tor qurmaq olmaz. Allah qarşısında böyük günahdır. Bu gəncin 36 yaşı var. 36 yaşında günahsız gəncin həbsi bir insanı ölümə məhkum etmək deməkdir.

Mən hər zaman dövlətimizə inanıb, ona söykənib, ona inanmişam. Yenə də ona inanıram. Mən inanıram ki, dahi şairin ruhunu, məsələdən hali olanlar haqsız qoymayacaqlar. Üzümü tuturam güvəncim olan dövlətimizə və onun rəhbərliyinə. Xahiş edirəm, öz adımdan və bütün əsl sənət fədailəri adından. Doğrudan da Kəsəmənlinin balası günahsızdırsa, onun azad olunmasına kömək etsinlər. Üzümü tuturam ölkəmizin birinci xanımı Mehriban Əliyevaya. İnandığımız, güvəndiyimiz, hər zaman kasıbların, yoxsulların, çarəsizlərin çarəsi olan bacım, sizdən xahiş edirik, əgər bu oğlanın günahı yoxdursa, onun anasına balasının azadlığının geri verilməsinə kömək edin. Sabah səhər 10:30-da, 29-aprel Ağır cinayətlərdə növbəti məhkəmə prosesi olacaq. Göydə Allah, yer üzündə sizi deyib çağırırıq, hər zaman güvəndiyim dövlətimiz. İnanırıq, şairin ruhu şad olacaq."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar