Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ÜÇ NƏHƏNG ŞİRKƏTİN DÖYÜŞ GƏMİLƏRİ ARALIQ DƏNİZİNDƏ:ABŞ Türkiyəyə bölgədən "3 faizlik pay" təklif edir

3-09-2020, 08:46   

Ərgün Dilər
“Takvim”, 01.09.2020
 
Hələ illər öncə Aralıq dənizinin mübarizə məkanı olacağını və burada müharibələrin başlayacağını yazmışdım. Bu barədə nə qədər yazdığımı xatırlamıram, ancaq çox yazmışam. Bəlkə də indi unudulmuş olar, amma “Gəzi” hadisələrinin arxasındakı məsələ də elə Aralıq dənizi idi. Bu barədə hələ 2013-cü ildə küçələrdə nümayişlər başlayan zaman yazmışdım.
Gündəlik işlərini görən sadə insanların hadisələrə günlük yanaşmalarını anlamaqda çətinlik çəkmirəm. Ancaq adlarının qarşısında diqqətçəkən etiketlər duranları da anlaya bilmirəm. Həqiqətən, bu şəxslər hadisələri təhlil etməkdə ciddi çətinlik çəkirlər. Ən böyük problem iqtisadiyyatla siyasəti birlikdə düşünə bilməməkdir. Bunu edə bilməkdikdə, işlər daha da qəlizləşir.
Aralıq dənizini anlamaq üçün mövzunun dəruinliyinə baş vuraq. Mənə elə gəlir ki, ilk sınağı keçirən elə Türkiyə olub. Müəyyən məsələlərlə əlaqədar insanlara yardım göstərilməsi önə sürülsə də, məsələ tamam başqa idi.
2010-cu ildə “Mavi Mərmərə” yardım fondlarının rəhbərliyi ilə Qəzza bölgəsinə getməli idi. Gəmi bu məqsədlə yola çıxmışdı. Daha sonra bu gəmiyə İsrailə 80 mil uzaqlıqdakı məsafədən müdaxilə olundu, mülki insanlar qətlə yetirildi. Bundan sonra İsrail-Türkiyə əlaqələri getdikcə daha da gərginləşdi. Ancaq bundan daha əvvəl baş verənlər də var idi. Daha doğrusu, 1 il öncə.
O vaxt baş nazir olan Ərdoğan Davosda keçirilən Dünya İqtisadi Forumunda İsrail prezidenti Şimon Peres və moderator David İqnatiusa sərt təpki göstərmiş və görüşü sonlandırmışdı. Bunun ardınca isə “Mavi Mərmərə” hadisəsi baş verdi.
Aradan qısa müddət sonra az-az rast gəlinən hadisələr baş verməyə başladı. “Ərəb baharı” Tunisdə bir tələbənin özünü yandırması ilə alovlandı, ölkələr sarsıldı. Liderlər devrilirdi.
Tunisdə başlayan küçə nümayişləri Ərəb Dünyasını silkələyirdi. Başda Tunis olmaqla, Liviya, Yəmən, Suriya, Bəhreyn, İordaniya və Misir kimi ölkələr. Qəddafi və Mübarək kimi liderlər devrildi. Hüsnü Mübarəkin devrilməsindən sonra Türkiyə ilə Misir arasında görülməmiş yaxınlaşma oldu. Ondan sonra seçkilər yolu ilə hakimiyyətə gələn Muhəmməd Mursi bu münasibətləri qoruyub saxlamaq üçün əlindən gələni etdi. Ancaq bu, çox uzun çəkmədi.
Misirin Baş Qərargah rəisi Sisi ortaya çıxdı və Mursini hakimiyyətdən devirib, yerinə özü gəldi. İki ölkə arasında münasibətlər getdikcə soyumağa başladı. Mursi 2012-ci ildə seçki yolu ilə iqtidara gəlsə də, bir il sonra hərbçilər tərəfindən devrildi.
2013-cü il çox qəribə və maraqlı il kimi yadda qaldı. “Gəzi” hadisələri burda küçələri bir-birinə qatır, dünya mətbuatı Taksimdə özünə qərargah qururdu. “Mülki əhali güllələnir” adlı yalançı xəbər başlıqları ilə yaranmış qığılcımı daha da alovlandırırdılar.  Həmin vaxtlar camaata, mənim kimi, “Taksimə yox, Aralıq dənizinə baxın” deyən insanlar çox az idi.
Məqsəd ölkədə mövcud iqtidarı devirmək və Aralıq dənizini ələ keçirmək idi. Ancaq bunu anlamırdıq. 2013-cü il sadəcə “Gəzi” hadisələri ilə yekunlaşmırdı. Ərdoğan və Obama ölkənin kəşfiyyat rəhbərləri ilə birgə “qırmızı otaq”da iclas keçirdi. Bu zirvə toplantısından sonra təzyiq daha da artmağa başladı və heç enmədi.
Əlaqələr qopmağa başlayırdı. Əgər düzgün xatırlayıramsa, “Gəzi” hadisələri də həmin səfərdən sonra baş vermişdi. ABŞ tərəfi sadəcə olaraq, İraq və Aralıq dənizi üçün Türkiyəyə kiçik bir komissiya qurmağı təklif edirdi.
Həmin zamanlar bunu “3 faizlik təklif” kimi yazmışdım. Türkiyə bölgənin ən böyük və güclü ölkəsi olsa da, “qırmızı otaq”da ona 3 faizlik pay təklif edilirdi. Əlbəttə, bu, qəbulolunmaz idi. Heç qəbul edilmədi də.
Bundan sonra 17-25 dekabrda vəziyyət mənfiyə doğru getməyə başladı. Hazırlıqlar tamamlanan kimi ara qarışdı. Türkiyə öz siyasi tarixinin ən sarsıntılı günlərini keçirirdi. Hücumlar şiddətli idi.
Türkiyə sərt və qətiyyətli davranışını davam etdirdikcə, ona qarşı aparılan əməliyyatlar da gücləndirilirdi. Terror aktları mövzularına girsəm, mövzu uzanacaq.  Buna görə də, yaddaşımızda qalan bəzi mövzulara toxunuram. Aradan bir müddət keçəndən sonra qara xəbər Mosuldan gəldi. Orada olan konsulluğumuza hücum təşkil edildi və 49 nəfər əsir götürüldü. Yaranmış böhran günlərcə davam etdi. Ortada İŞİD faktoru var idi. Görünür, bəziləri aparılan bu böyük əməliyyatı ona həvalə etmişdi. Çox şükür ki, həmin əsirləri sağ-salamat onlardan azad edə bildik.
Bundan sonra Türkiyə böyük bir nəfəs aldı. Daha sonra bu hadisələrin quyruğu 15 iyul hərbi çevriliş cəhdinə kimi uzandı. Qərbdə hər hansısa bir ölkənin 100 ildən bir şahid olacağı hadisələri bir-iki il içində yaşayırdıq. Sarsılırdıq, nəfəs ala bilmirdik. Ancaq məğlub da olmurduq.
Bütün bunlardan sonra İsrail-Misir-Yunanistan-yunan Kipri ilə Avropa İttifaqı bir araya gəlib. Birləşmiş Ştatlar şirkətləri ilə birlikdə Aralıq dənizində özünü göstərib. Oyun dəyişib və bu oyunda iştirak edən hər oyunçu Türkiyəni heç bir iddiası olmayan zolağa sıxıb. Bu, kobud mübarizə idi. Ancaq təəsüf ki, bunu anlamayan bir çox insan vardı.
Gəlin, indi də Aralıq dənizinə şirkətlər vasitəsilə baxaq. Silah şirkətləri və enerji şirkətlərinin Aralıq dənizi planı indi daha çox hiss olunur. Dünyanın ən çox silah satan ölkələri Birləşmiş Ştatlar və Rusiyadır. Bu iki ölkəni İngiltərə, Almaniya, Fransa, Hollandiya və İtaliya izləyir.
Silah və enerji şirkətləri də bəzi məsələlərdə bu ölkələri təmsil edirlər. Məsələn, ABŞ Aralıq dənizindəki dövlətlər üçün üçün çox sağlam açıqlamalar vermək əvəzinə, daha təsirli bir yol izləyərək, iyulun sonuna kimi “Noble Energy”-nin əhəmiyyətli bir hissəsinin “Chevron”-a satıldığını elan edib. Ardınca bu iki şirkəti qorumaq vəzifəsi açıqlanıb.
Hətta bundan daha maraqlı hadisə baş verib. “Exxon Mobile” şirkəti də Aralıq dənizində böyük oyunçu olmaq istəsə də, pərdənin arxasındakı güc “Exxon Mobile”-dan daha çox, “Noble Energy” və “Chevron” üçün iki təyyarədaşıyan gəmi hazırlayıb. “Teodor Ruzvelt” təyyarə gəmisi “Noble Energy” şirkəti üçün, “Herri Trumen“ isə “Chevron” üçün. Əgər bu iki şirkət Aralıq dənizində neft və təbii qaz sahəsində problem yaşasalar, həmin gəmilər orda görsənəcəkdilər.
İngiltərə də oyundan geri qalmaq istəmirdi. O, özünün Aralıq dənizində mövcud olan “Shell” şirkəti üçün döyüş gəmilərini hazırlayıb. Şirkətin rəhbəri Ben van Barden 3 həftə öncə kraliça II Elizabeti Vindzor sarayında ziyarət edib. Barden kraliçadan hər hansısa bir problem olarsa, “HMS Queen Elizabeth” adlı təyyarədaşıyan gəminin Aralıq dənizinə gəlməsini tələb edib. Kraliça da onunla razılaşıb.
ABŞ Geoloji Xidmətinin Aralıq dənizindəki şirkətlərin müharibəni görəcəyini nəzərdə tutduğu tarix 2014-cü il idi. 6 ildən sonra şirkətlərin ehtiyac duyulduğu təqdirdə, bölgədə müharibə başlatmaq gücünə malik olduğunu görürük. Bölgənin əsl problemi ABŞ İngiltərə arasındakı qarşıdurmadır. “Noble Energy”, “Chevron” və “Shell” 2014-cü ildə Aralıq dənizini hissələrə bölüb.
Ancaq BP-nin etirazı qarışıqlığı daha da artırıb, İtalyanın “Eni” və Fransanın ”Total” şirkəti də BP-nin tərəfində idi. İndi Aralıq dənizində Türkiyə də var. “BP”, “Eni” və “Total”, Türkiyə ilə razılaşmaq məcburiyyətində qalacaqlar. Keçən il Aralıq dənizindəki 7-ci bölgə ilə əlaqədar yaranmış problemə Türkiyə sərt təpki vermişdi. “BP”, “Eni” və “Total” Türkiyənin etirazlarını haqlı sayaraq, bölgədəki axtarış fəaliyyətlərini dayandırıb.  Ancaq yeni dönəmdə görünən mənzərə odur ki, Türkiyə ilə yeni bir ortaqlıq olmayacaq.
Bu, bölgədəki gərginliyin daha da artmasına yol açır. Artıq bir çox təyyarə gəmisinin Aralıq dənizinə doğru yönəlməsi və daimi olacağı ehtimalı yüksəkdir. Şirkətləri və arxasında duran dövlətləri düşünün. “Türkiyə buralarda olmasın” – deyə, hər kəs neçə ildir bağırır. Bunu anlamaq çətin deyil.
3 faizlik pay ilə öz yerində oturmaq istəməyən Türkiyə indi meydandadır. Baş verən hadisə bundan ibarətdir. Əslində, çox qarışıq deyil, sadəcə olaraq anlamaq istəməyən anlamır. Öndə yer tutaraq, üzərimizə gələn Yunanıstan kimi görünsə də, əslində, heç bir gücə və haqqa sahib deyillər. Hadisələrə daha geniş baxdıqda və yaşananları alt-alta düzdükdə, mənzərə daha aydın ortaya çıxır. Əlbəttə, görmək istəyənlər üçün.
Tərcümə Strateq.az-ındır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar