Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TÜRKİYƏ MƏSƏLƏSİ KORSİKA SAHİLLƏRİNƏ ÇATIB –Ankaraya qarşı sanksiyalar Belarusu gündəmdən çıxarıb

11-09-2020, 11:46   

Qalina Dudina
“Kommersant”, 10.09.2020
 
Əsas mövzusu Kipr və Yunanıstanın Türkiyə ilə güclənən qarşıdurması olacaq Aİ zirvəsindən iki həftə əvvəl Avropanın müxtəlif yerlərində Aralıq dənizindəki böhran yüksək səviyyədə müzakirə edilib. Onlardan ən əhəmiyyətlisi Fransa prezidenti Emmanuel Makronun Aİ üzvü olan 7 ölkə liderini qəbul etdiyi Korsikadakı görüş idi. Aİ-nin digər tərəfdaşlarını Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə razı sala bilsələr, bu, Belarusa qarşı sanksiyaların tətbiqinin qarşısını ala bilər.
Emmanuel Makronun Korsikaya səfəri rəsmi olaraq 1943-cü ildə adadakı antifaşist azadlıq qiyamının başlamasının ildönümünə təsadüf edib. Nəzəri cəhətdən, Makron həm xarici, həm də daxili siyasi arenada xal toplamalı idi. Axı, lorsikalılar ənənəvi olaraq Parisə qarşı düşmənçilik etməsə də, ona şübhə ilə yanaşırlar: adada millətçi və hətta separatçı fikirlər populyardır, kifayət qədər sosial-iqtisadi problemlər var, sakinlər cinayətkarlıq və korrupsiyadan şikayətlənirlər və indi, pandemiya onları turist axınından məhrum edib və infrastrukturu yaxşılaşdırmaya dair işləri dondurub.
Prezidentin adada isti qarşılandığını söyləmək olmaz: bəzi yerli siyasətçilər onunla görüşməkdən imtina ediblər. Digər şeylər arasında onları narazı salan Aralıq dənizindəki dördüncü böyük adanın hələ də məhdud muxtariyyətidir. Məsələn, İtaliyanın Siciliya və Sardiniya adaları, Korsikaya nisbətən, Romadan daha çox müstəqilliyə sahibdir. Fransanın Aralıq dənizindəki forpostu olan adanın nümayəndələri respublika prezidenti ilə birlikdə yeməyə dəvət edilib, lakin Aralıq dənizi məsələlərinə dair zirvəyə dəvət olunmayıblar.
Aİ-nin 7 Aralıq dənizi ölkəsi (Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Malta və Kipr) liderlərinin 24-25 sentyabr tarixlərində keçirilməli olan zirvəsinə hazırlıq məqsədli sammitin əsas mövzusu bir tərəfdən, Türkiyə, digər tərəfdən, Yunanıstan və Kiprlə bağlı münaqişə olacaq.
Ankara ilə Avropa ölkələri arasında qaçqınlar və Liviya böhranı ilə bağlı uzun müddətdir davam edən ziddiyyətlər fonunda, Türkiyənin mübahisəli sulardakı hərəkətləri yeni gərginliyə səbəb olub. Avqustun 10-da türk gəmisi “Oruc Reis” hərbi gəmilərin müşayiəti ilə Yunanistanın Kastelorizo adası yaxınlığında seysmik tədqiqatlara başlayıb. Bundan əlavə, Ankara, Kiprin ABŞ, Fransa və İtaliya şirkətlərinə qaz hasilatına icazə verdiyi bölgələrdə araşdırma aparmaq üçün gəmilər göndərib.
“Türkiyəyə deyirik: bu gündən Aİ sammitinə qədər Aralıq dənizində dialoqa hazır olduğunuzu sübut edin”, – deyə Fransa xarici işlər naziri Jan-İv Le Drian əvvəlcədən bildirib və əks halda, Parisin məhdudlaşdırıcı tədbirlərə dəstək vermək niyyətində olduğunu açıqlayıb. Cümə axşamı Korsikanın Ayaçço şəhərində danışan prezident Makron bildirib: “Türkiyənin artıq bu bölgədə ortaq olmadığı açıqdır. O, böyük bir dövlətə yaraşmayan təxribatları çoxaldır”.
Fransız lider Kiprin müstəsna iqtisadi bölgəsindəki qazma işlərini “qəbuledilməz” adlandırıb.
Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin daha əvvəl açıqlandığı kimi, Ankaraya qarşı sanksiyalar hazırlanır. “Türkiyə indiki kursunu davam etdirməyə qərar verərsə, o zaman ağıllı və təsirli tədbirlər görməkdən başqa alternativ olmayacaq. Sanksiyalar vasitəsilə açıq bir siqnal göndərməliyik: Avropa İttifaqı Aralıq dənizinin yaxınlığında təhlükəsizliyi qorumaq, təxribatçı və qanunsuz hərəkətlərin qarşısını almaqda qərarlıdır”. Bunu Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis Cümə axşamı Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında Türkiyə ilə əlaqələr deyib.
Bundan əvvəl, Avropa diplomatiyasının rəhbəri Josep Borrel demişdi: “Aİ, gəmilər daxil olmaqla, konkret şəxsləri, sərvətlərini “qara siyahı”ya alaraq, Avropa limanlarından və sahil xidmətlərindən istifadə etmələrini və maliyyələşdirməsini qadağan edə bilər. Bundan əlavə, sektoral iqtisadi xarakterli tədbirlər tətbiq oluna bilər”.
Cümə axşamı Yunanıstandan gələn Avropa Parlamentinin bir neçə üzvü Ankaraya silah tədarükünə qoyulan embarqonun təsdiqlənməsini təklif edib.
Yeri gəlmişkən, Cümə axşamı günü Aİ-dəki dörd mənbəyə istinad edərək “Reuters”-in verdiyi xəbərə görə, Belarusa qarşı Avropa sanksiyalarının tətbiqini ləngidən Türkiyəyə qarşı sanksiyalar müzakirəsi olunub.
Agentliyin məlumatına görə, bütün Aİ ölkələrinin xarici işlər nazirləri əvvəllər Aİ-yə girmək üçün “qara siyahı”ya əlavə ediləcək belarusların siyahısı barədə razılığa gəlmişdilər, lakin sonra Kipr bu siyahını öyrənmək üçün əlavə vaxt istəyib. Çoxları bunu Ankaraya ən sərt cavab istədiyi üçün kiprlilərin şantajı kimi qavrayıb. Ancaq Kipr diplomatlardan biri, adının açıqlanmaması şərti ilə, “Reuters”-ə əlavə vaxt tələbinin yalnız Kipr Xarici İşlər Nazirliyində kadr çatışmazlığı ilə əlaqəli olduğunu bildirib.
Sanksiyalar artıq hazırlansa da, münaqişənin diplomatik yolla həlli ehtimalı, az da olsa, qalır. Cümə axşamı Türkiyə və Yunanıstanın hərbi nümayəndələri Brüsseldə toplantı keçiriblər. Görüş hər iki ölkənin üzv olduğu NATO-nun mənzil-qərargahında baş tutub. Ancaq Ankarada izah edildiyi kimi, söhbət siyasi fikir ayrılıqlarından yox, “Aralıq dənizindəki qarşıdurmaların qarşısını almaq üçün texniki məsələlərdən” gedir.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar