Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ kosmik qüvvələrini İrana yaxınlaşdırır –İNCİRLİK LƏĞV OLUNARSA, YENİ HƏRBİ BAZA KRİTƏ KÖÇÜRÜLƏCƏK

23-09-2020, 12:55   

Marianna Belenkaya
“Kommersant”, 23.09.2020
 
Yeni yaradılan ABŞ Kosmik Qüvvələrinin ilk eskadrilyası ölkə xaricində, ABŞ-ın Qətərdəki əl-Udeyd bazasında yerləşdirilib. Bu, Vaşinqtonun İrana qarşı silah embarqosunu uzatmaqla bağlı aktiv kampaniyası fonunda baş verib və Tehranın kosmik ambisiyalarına, bir növ, cavab olub.
Xidmətin ilk 20 hərbçisi artıq Qətərdədir. Yaxın gələcəkdə onlara peyklər idarə edəcək, düşmən manevrlərini və Fars körfəzindəki gəmilərin hərəkətini izləyəcək, həmçinin, hər hansı bir problem baş verərsə, kosmosda qarşıdurmaların qarşısını almağa çalışacaq bir neçə nəfər əlavə olunacaq.
ABŞ prezidenti Donald Tramp kosmosda Çin və Rusiyaya qarşı çıxmaq üçün hələ 2017-ci ildə kosmik qüvvələrin əlahiddə vahid olmasına təşəbbüs göstərib. Onlar üçün 2020-ci ildə hərbi büdcə də ayrılıb. Kosmik Qüvvələr ABŞ ordusunun altıncı və 1947-ci ildə hərbi hava qüvvələri yaradıldığı gündən bəri ilk yeni qol olub.
“Münaqişələrin kosmosa yayılmasına son dərəcə aqressiv şəkildə hazırlaşan digər ölkələri görürük”, – deyə əl-Udeyddə yerləşən kosmik qüvvələrin komandiri polkovnik Todd Benson AP-yə bildirib. O əlavə edib ki, ABŞ-ın rəqabət və milli maraqlarını müdafiə etməyi bacarmalıdır.
Polkovnik hansı “təcavüzkar ölkələrin” müzakirə olunduğunu açıqlamayıb, lakin ABŞ-ın Fars körfəzi bölgəsindəki əsas düşməni Vaşinqtonun keçən il tankerlərə hücumda günahlandırdığı İrandır. Bundan əlavə, hələ aprel ayında Tehran kosmosun hərbi məqsədlər üçün istifadəsini elan edərək vəzifəsi “strateji əhəmiyyətli məlumatlar” əldə etmək olan ilk hərbi peyki “Nur”un 425 km yüksəklikdəki orbitə müvəffəqiyyətlə daxil olduğunu elan edib. Buraxılış “Qasid” raketi vasitəsi ilə həyata keçirilib.
ABŞ, İsrail və bölgədəki ərəb ölkələri İranın peykləri orbitə çıxarmaq üçün istifadə edilən texnologiyalardan, o cümlədən nüvə başlıqlarını buraxmaq üçün istifadə edə biləcəyindən qorxurlar. Buna görə də, ötən ilin sentyabrında Vaşinqton İran Kosmik Agentliyinə, İran Kosmik İnstitutuna və Milli Aerokosmik İnstitutuna qarşı sanksiyaları qüvvəyə mindirib.
2015-ci ildə imzalanan “Birgə Hərtərəfli Fəaliyyət Planı”ndan 2018-ci ilin may ayında çıxdıqdan sonra ABŞ İrana davamlı olaraq yeni sanksiyalar tətbiq edib. Bu həftədən etibarən, Vaşinqton 2015-ci ildən əvvəl qəbul edilmiş bütün beynəlxalq anti-İran sanksiyalarının bərpa edilməsinə qərar verib. ABŞ-ın İrana silah tədarükü üçün qadağa rejiminin uzadılmasına dair BMT Təhlükəsizlik Şurasında qərar qəbul edə bilməməsindən sonra.
Qeyri-rəsmi olaraq “silah embarqosu” kimi tanınan rejimin müddəti 18 oktyabrda başa çatır. O andan etibarən istənilən ölkənin İrana silah satmaq hüququ var.
ABŞ-ın mövqeyi əksər ölkələr arasında anlaşma tapmayıb. Nəticədə, Vaşinqtonun sanksiyaları etibarlı hesab etdiyi, digərlərinin isə etmədiyi paradoksal bir vəziyyət yaranıb.
Bazar ertəsi günü ABŞ yeni anti-İran sanksiyalarını açıqlayıb. İran Müdafiə Nazirliyi, İran Müdafiə Sənayesi Təşkilatı və onun direktoru, həmçinin uran zənginləşdirmə proqramları və ballistik raketlərin yaradılması ilə əlaqəli bir neçə fiziki və hüquqi şəxs “qara siyahı”ya salınıb. Bundan əlavə, Bazar ertəsi günü prezident Tramp İrana silah tədarükündə iştirak edəcək şəxslərə qarşı sanksiyalar haqqında bir fərman imzalayıb.
Qətərdəki kosmik qüvvələrin yerləşdirilməsinə dair xəbərlər fonunda ABŞ və ərəb mediasında ABŞ Hərbi Hava Qüvvələrinin Türkiyənin İncirlik bazasını tərk edə biləcəyi barədə məlumatlar ortaya çıxıb. Nəşrlər ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Avropa Əməkdaşlıq və Regional Təhlükəsizlik Alt Komitəsinin sədri Ron Consonun açıqlamasına istinad edib. “İncirliklə nə olacağını bilmirik. Ən yaxşısına ümid edirik, amma ən pisini planlaşdırmalıyıq”. Senatorun sözlərinə görə, Vaşinqton artıq Yunanıstanı (Krit) alternativ olaraq düşünür.
Consonun ifadəsi etibarlı bir şəkildə təsdiqlənməyib. Sentyabr ayının ortalarında Pentaqon sözçüsü polkovnik-leytenant Tomas Kampbell Türkiyənin “Anadolu” agentliyinə ABŞ-ın “İncirlik hava bazasındakı varlığını sona çatdırmağı düşünmədiyini” söyləyib. Ancaq bu, yeni söz-söhbətlərin ortaya çıxmasına mane olmayıb. Bazar günü “əl-Xəlic əl-Cədid” elektron nəşri Abu-Dəbinin vəliəhdi (BƏƏ-nin faktiki hökmdarı) Məhəmməd bin Zaidin Vaşinqtonu hava qüvvələrini Türkiyədən Əmirliyə köçürməyə inandırdığını bildirib. Düzdür, BƏƏ-də onsuz da bir ABŞ aviabazası var.
Xatırladaq ki, keçən ilin sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özü Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini almasından sonra ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab olaraq İncirlik və Kürecik bazalarını Amerika üçün bağlayacağı ilə hədələmişdi. O vaxtdan bəri iki ölkə fikir ayrılıqlarını unuda bilib, amma inamsızlıq qalmaqdadır. Xüsusilə, Vaşinqtonda bir çoxlarının NATO daxilində qarşıdurmaya səbəb olan Aralıq dənizindəki türk siyasəti ilə bağlı sualları var.
Bundan əlavə, ABŞ Dövlət Departamenti İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşması və Vaşinqtonun xeyir-duası ilə baş verən prosesə dair Ankaranın tənqidlərindən narazıdır. Öz növbəsində, Türkiyə ABŞ-ın Suriyadakı kürdləri “separatçı düşüncələrə” təşviq etməsindən narahatdır.
“ABŞ-ın İncirlikdən ayrılmasının inkarına söykənirik, amma siyasi konfiqurasiya, bir tərəfdən, Amerika-Türkiyə münasibətlərindəki davamlı gərginlik və digər tərəfdən, İsraillə münasibətlərin normallaşması əsasında ABŞ-ın BƏƏ-yə verdiyi önəm bu cür şübhələri haqlı edir”. Bunu ekspert İlya Kramnik “Kommersant”a bildirib.
Qətərdə kosmik qüvvələrin yerləşdirilməsinə gəlincə, onun fikrincə, söhbət peyk naviqasiyası və rabitə ilə məşğul olacaq texniki vahiddən gedir. “Amerikalılar, görünür, kosmik dəstək baxımından Yaxın Şərq qruplarının təminatını artırırlar. Bu həm İranla üzləşmək, həm də Suriyadakı mövqeləri gücləndirmək üçün lazımdır. Türkiyə ilə bağlı problemlər yaranarsa, ehtiyat variantına sahib olmaq zərər vermir. Üstəlik, Ankara öz ərazilərindən ABŞ-ın İrana qarşı əməliyyatlar keçirməsinə icazə verməyəcək”.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar