Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünyada ikinci dalğa, bu ölkələrdə yaşıl zona: Virusun məğlub olduğu ölkələr- BİZİM TƏQDİMAT

20-10-2020, 16:37   


Dünyada ikinci dalğa, bu ölkələrdə yaşıl zona: Virusun məğlub olduğu ölkələr- BİZİM TƏQDİMAT

Virusun yayılma dairəsi o qədər genişdir ki, hətta bəzi ekspertlər virusun bir neçə il sürə biləcəyini ehtimal edirlər.
COVID-19 koronavirusun yeni ştammıdır və ilk dəfə 2019-cu ildə Çinin Vuhan əyalətində insanlar arasında yayılması qeydə alınmışdır ki, bugünkü vəziyyətlə dünyanın 213 ölkə və bölgəsində aşkar edilib.
Yay aylarında sərt karantin rejimi tətbiq edən bəzi ölkələr virusun onlarda yox olduğunu və artıq yeni yoluxma halının müşahidə edilmədiyini elan etsələr də, hazırda virusa yoluxma və ölüm hallarının artdığını müşahidə edirik. Bəzi ekspertlərin fikrincə, koronavirusun ikinci dalğası yayılır.
Maraqlıdır, koronavirusun yox olduğunu, artıq yoluxma hallarının sıfıra endiyini elan edən ölkələrdə hazırda vəziyyət necədir?
Qrenlandiya koronavirusa qalib gələn ilk ölkə olub. Belə ki, ölkədə koronavirusa yoluxan 11 nəfərin hamısı sağalıb, ölən yoxdur.
Aprelin 14-dən adada koronavirusa yoluxma halı qeydə alınmayıb. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb. Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Bu ölkədə bu günədək koronavirusa yoluxma və ölüm halları qeydə alınmayıb.
Eyni zamanda Mərkəzi Afrikada yerləşən Burundi Respublikası da koronavirusa qalib gələn, hələ də yoluxma və ölüm halları qeydə alınmayan ölkələrdən biridir. Burundidə indiyədək cəmi 5 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1-i vəfat edib, 4-ü isə müalicə olaraq sağalıb. Test götürülən 80 nəfərin nəticəsi isə neqativ olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ölkəni də koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.
Yeni Zelandiya koronavirusun ölkə ərazisində yayılmağa başladığı ilk həftələrdə dünyanın ən sərt karantinlərindən birini tətbiq edən və pandemiyanın kəskinləşməsini uğurla dayandıran ölkələrdən biri idi. Belə ki, iyun ayında ölkədə son koronavirus xəstəsinin sağalmasından sonra ölkədə virusa yeni yoluxma halının qeydə alınmadığı və virusun yox olduğu açıqlanıb. Koronavirusun bu ölkədə yox olduğu zaman 1 504 koronavirusa yoluxma halı qeydə alınıb, 22 nəfərin öldüyü bildirilib. Lakin son aylar koronavirusa yoluxma və ölüm hallarının çoxaldığını müşahidə edirik. Bu vəziyyət Yeni Zellandiyadan da yan keçməyib.
Belə ki, aylardır koronavirus xəstəsinin müşahidə edilmədiyi ölkədə son günlərdə xaricdən qayıdan 2 şəxsin koronavirus testi pozitiv çıxıb. Yeni statistik məlumatlara görə, ölkədə aktiv koronavirusa yoluxan şəxslərin sayı 40-a çatıb. Yeni Zellandiya Səhiyyə nazirliyindən verilən məlumata görə, 40-a yaxın aktiv koronavirus xəstələrinin hamısı karantindədir və xəstəxanalarda heç bir koronavirus xəstəsi yoxdur. Qeyd edək ki, son 24 saatda ölkə ərazisində 1 nəfərin koronavirus testi pozitiv çıxıb.
Koronavirusa qalib gəldiyi bildirilən ilk ölkələrdən biri də İslandiya idi. Ölkə rəsmiləri may ayında koronavirusa yoluxma və ölüm hallarında kəskin azalma olduğunu və virusun bu ölkədə yox olduğunu bildiriblər. Ölkə rəsmiləri onu da qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb. Xəstəxanada cəmi 3 xəstənin koronavirusdan müalicə aldığı bildirilib. Rəsmilərin bu açıqlamasından sonra 16 mart tarixindən elan edilmiş karantin rejimi də may ayından yumşaldılmağa başlanılıb. Lakin indi İslandiyada da vəziyyət ürəkaçan deyil. Hazırda İslandiyada virusa yoluxma və ölüm hallarında artım var. Belə ki, ölkə ərazisində son 24 saatda virusa yoluxanların sayı 4 101 nəfər, müalicə olaraq sağalanların sayı 1 856 nəfər, virusdan həyatını itirənlərin sayı isə 10 nəfər qeydə alınıb.
Koronavirusa qalib gəldiyini elan edən ölkələrdən biri də Qərbi Saxara ölkəsidir. Belə ki, bu ölkədə ümumi yoluxanların sayı 10 nəfər, virusdan həyatını itirənlərin sayı isə 1 nəfərdir. Hazırda da ölkə ərazisində virusa yeni yoluxma halı müşahidə edilməyib.
Karib hövzəsində yerləşən ada dövlətlərindən olan Arubada koronavirusa yoluxmuş 101 nəfərdən 98-i isə sağalaraq evə buraxılıb. Bu ölkədə sadəcə 3 nəfər koronavirusun qurbanı olub.
ÜST-ün rəsmi saytında Aruba koronaviruslu ölkələr siyahısından çıxarılıb.
Bu günə qədər koronavirusa qalib gəldiyini elan ölkələrin siyahısı belədir: Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası və Monteneqro.
Semra Ələkbərli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar