Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağ müharibəsi: "Döyüşən əsgərlərin çoxu münaqişənin özündən gəncdir" - Dünya mediası nə yazır?

29-10-2020, 08:55   


İran Qarabağ müharibəsində vasitəçilik təşəbbüsü ilə çıxış edib, Azərbaycanın iştirakı ilə yeni geosiyasi üçbucaq yaranır, Türkiyə generalı Qazaxıstana niyə gedib? - Dünya mətbuatı Qarabağ müharibəsi barədə yazır.
The Economist dərgisinə əsasən, "tarixən qarışıq" bölgədə bu gün davam edən münaqişə qorxu və həyəcanla qidalanır.
Nəşrin müxbirinin bölgəyə səfəri Zəngilan şəhərinin azad edilməsi ilə bağlı Azərbaycanın elanının verilməsi vaxtına təsadüf edib.
Onun yazdığına görə, bu rayona yaxın olan Dağlıq Qarabağı bir çox insan "bəlkə də xəritədə göstərə bilməz", lakin "dünyanın unudulmuş bir hissəsindəki" bölgə daha geniş nəticələrə səbəb ola biləcək qarşıdurma təhlükəsini yaradır.
Məqalədə deyilir ki, son vaxtların neft bumu hərbi xərcləri artırıb, həmçinin Azərbaycanda əksəriyyət tərəfindən tarixi ədalətsizlik hesab edilən vəziyyətin tənzimlənməsinə dair çağırışlar var.
Ermənistanın indiki, "populist Baş naziri Nikol Paşinyan" əvvəlki liderlərdən fərqli olaraq, etimadını Dağlıq Qarabağ müharibəsində təsbit etməyib və onu qızışdırıcı ritorika ilə əvəzləməyə çalışır, The Economist yazır.
Nəşrə görə, vaxtilə Osmanlı İmperiyasına daxil Suriya və Liviyada Rusiyanın peyda olmasının ardınca, Türkiyə də Rusiyanın öz nüfuz dairəsi saydığı əraziyə qədəm qoyub.
The Economist yazır ki, bu məqam tərəflər arasında qədimdən gələn rəqabəti davam etdirməkdədir.
"Həmişə olduğu kimi, Qafqaz xalqı ortada qaldı, - The Economist yazır. - İndi hər iki tərəfdə döyüşən əsgərlərin çoxu münaqişənin özündən daha gəncdir".
Dağlıq Qarabağda baş verənlərin taleyi buradan "çox-çox uzaqlarda oynanan" geosiyasi oyunlardan asılıdır, məqalədə deyilir.
Dağlıq Qarabağ münaqişəsi dönüş nöqtəsini keçmək məqamına yaxınlaşır. Bu fikir işgüzar dairələrin The Financial Times nəşrində izhar olunur.
Məqalədə deyilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupuna həmsədr olan Rusiya, ABŞ və Fransa 29 oktyabr tarixində keçiriləcək növbəti danışıqlarda diplomatik səylərini artırmasalar döyüş əməliyyatları kəskin şəkildə arta bilər.
"Xarici ölkələr, xüsusən də Türkiyə və Rusiya qarşıdurmaya qatıla bilər. Bu, sarsıdıcı ölüm səviyyəsi, dağıntı və iztirablarla nəticələnə bilər", çərşənbə axşamı günü The Financial Times qəzetində dərc olunmuş yazıda deyilir.
Bu arada The Financial Times qəzetinin Twitter səhifəsində tərəflərin hərbi imkanlarını müqayisə edən ekspertlərin rəyi əks olunur.
Qəzetin son sayındakı təhlilə əsaslanan tvitdə deyilir ki, Azərbaycan müasir vasitələrlə döyüşürsə, Ermənistan 30-40 il əvvəlki Sovet İttifaqının texnikası və doktrinalarına söykənir.
"Bir tərəf müasir, digər tərəf isə 1970 və 1980-ci illərə məxsus silahlardan istifadə edir," - Britaniyada mənzillənən Royal United Services Institute-un tədqiqatçısı Jack Watling belə hesab edir.
Amma bundan sonra - ekspertlərdən biri deyir - "Azərbaycan ordusunun üstün gəlmək imkanları darala bilər, çünki döyüşlər cənub bölgələrinin nisbətən düzənlikdə yerləşən ərazilərdən Qarabağın dağlıq və meşəli rayonlarına keçə bilər."
"Azərbaycan əhəmiyyətli üstünlük əldə etmək üçün İsrail, Rusiya və Türkiyədən silah ala bilib", - ABŞ-da mənzillənən CNA mərkəzində Rusiya araşdırmaları proqramının direktoru Michael Kofman deyir. - "Ümumiyyətlə, gördüyünüz budur ki, Ermənistan müasir yüksək dəqiq silahlardan qorunmaq iqtidarında olmayan əhəmiyyətli tank və artilleriya qüvvələrini işə salır."
Rusiya mətbuatı Dağlıq Qarabağ münaqişəsində, o cümlədən İran və Pakistan amilini təhlil edir.
İzvestiya qəzeti Tehranın son vasitəçilik təşəbbüsünə nəzər salır. Nəşrə əsasən, İranın münaqişə tərəfləriylə yaxşı əlaqələri ümidverici haldır.
Hərçənd ki, nəşrə danışan ekspertlərdən biri problemin həlli üçün İranın əlində real mexanizmlərin olmadığını vurğulayır.
"Bu günə qədər İslam respublikası (İran) yalnız bir açıqlama verib. münaqişəni həll etmək üçün onun fəaliyyətinin əhatəli planını gözləməliyik. Həm də bu planın nəinki Bakı və Yerevan, həm də əsas vasitəçilər üçün də uyğun olub-olmadığını görmək lazımdır," - İzvestiya nəşrinə danışan politoloq Denis Denisov deyib.
Rusiyanın Kommersant qəzeti Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Türkiyənin rolu ilə bağlı mübahisələr fonunda daha bir nüfuzlu oyunçu - Pakistanın ortaya çıxdığını qeyd edir.
Ermənistan Baş nazirinin "Pakistandan olan silahlıların" müharibədə iştirakı barədə iddiası Azərbaycan prezidentinin təkzibinə tuş gəlib, Kommersant yazır.
Nəşrə əsasən, Bakı Pakistanın hərbi yardımını inkar etsə də, Qarabağ münaqişəsi sayəsində strateji üçbucaq yaradan Azərbaycan, Türkiyə və Pakistanın sürətli yaxınlaşmasını gizlətmir.
Kommersantın söhbət etdiyi Əfqanıstan Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Andrey Serenko bu üçbucağın uzunmüddətli ittifaqın başlanğıcı ola biləcəyini hesab edir.
"Qarabağ müharibəsində Türkiyə, Pakistan və Azərbaycanın hazırkı yaxın tərəfdaşlığı, Ankaranın neo-osmanlı ambisiyalarını dəstəkləməyə yönələn yeni uzunmüddətli geosiyasi ittifaqın başlanğıcı ola bilər. Qarabağda alovlanma bu superlayihənin başlanması üçün yalnız katalizator oldu. "
Qarabağ müharibəsi fonunda Türkiyənin "xaricdən dəstək cəlb etmək səyləri" barədə Rusiyanın daha bir nəşri - Nezavisimaya Gazeta yazır.
Qəzetin son sayındakı məqaləyə əsasən, Türkiyə müdafiə naziri Hulusi Akarın Qazaxıstana son səfəri məhz belə bir missiya ilə bağlı ola bilər.
"Ankara Qarabağ müharibəsində müttəfiq axtarışındadır" başlıqlı yazıda rusiyalı təhlilçi Arkadi Dubnova istinadla deyilir ki, "Türk nazirinin səfəri Cənubi Qafqazda bir aydır davam edən müharibə ilə" əlaqəlidir.
Dubnovun sözlərinə görə, Türkiyə türkdilli "ölkələrin dəstəyini qazanmağa" çalışır.
Digər ekspertlərə görə, səfərin məqsədi KTMT üzvlərinin Qarabağ məsələsində necə davranacağını öyrənməkdir, Nezavisimaya Gazeta yazır.
Qazaxıstana sәfәr edәn Hulusi Akar paytaxt Nur-Sultanda Qazaxıstanlı həmkarı, müdafiә naziri Nurlan Yermekbayev ilә görüşdən əvvəl deyib ki, gündəmdə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi durur.
''Qazaxıstan ilә hәm hәrbi tәlim, hәm dә müdafiә sәnayesi mәsәlәlәrindә mövcud münasibәtlәr artaraq davam edәcәk,''- Hulusi Akarın sözləri TRT-də iqtibas olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar