Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dövlətin güzəştli vəsaitləri sahibkarlara niyə çatmır?

20-06-2019, 07:30   
 
Sərxan Əsgərov: ''Kredit üçün müraciətimə iki bankdan ''yox'' deyilsə də, rəsmi imtina cavabı ala bilmədim''
“65 baş iribuynuzlu mal-qaranın saxlanmasına imkan verən tövlə, yem, saxlamaq üçün anbar, çoban evim, 5,16 sot torpağım var. Hamısının Dövlət Əmlak Komitəsindən çıxarışını almışam. Bundan əlavə, 5 hektar torpaq götürmüşəm icarəyə, bir yüngül minik və bir yük avtomobilim var. Mal-qara tövləsinin yanında qoyun üçün də tövlə tikmişəm, təsərrüfatımı böyütmək istəyirəm. Bir neçə həftə əvvəl “Respublika bank”ın Bərdə rayon şöbəsinə müraciət etdim. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim. Mənə dedilər ki, kredit veriləcək”.
Bərdə rayon Hacılar kənd sakini Sərxan Əsgərov belə deyir. Bildirir ki, sonda kredit ala bilməyib. Çünki bir aydan sonra ona deyiblər ki, sənədlərində çatışmazlıq var:
“Krediti verməkdən imtina etdilər. Nə qədər təkid etsəm də, rəsmi imtina kağızını vermədilər. Bundan sonra “AccessBank”a müraciət etdim. Bir aya yaxın vaxt keçdikdən sonra onlardan mənə cavab gəldi ki, “xahiş edirik, qeyd olunan iradları aradan qaldıraraq təkrar müraciət edin”. Təsəvvür edin ki, bu iradların nədən ibarət olduğunu heç kim açıqlamır. Deyən yoxdur ki, sənədlərində filan çatışmazlıq var, onları düzəlt”.
Fermer bildirir ki, hər iki bankdan konkret imtina sənədi ala bilməyib: “Bundan sonra mən başqa bir banka vətəndaş kimi müraciət etdim və onlar bütün sənədlərimin qaydasında olduğunu bildirərək kredit ayrılmasına dair qərar qəbul etdilər. Üzləşdiyim hal göstərir ki, dövlətin fermerlərə, sahibkarlara ayırdığı vəsaitləri banklar vətəndaşlara çatdırmırlar. Bu isə ölkə rəhbərliyinin özəl sektorun, xüsusilə də aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi siyasətə ziddir”.
Ekspertlər daim çıxışlarında deyirlər ki, Azərbaycanda biznesin kreditləşmə səviyyəsi çox aşağıdır. Mərkəzi Bankın bu yaxınlarda verdiyi açıqlamaya görə, Azərbaycanda biznesin inkişafı üçün monetar şəraitin kifayət qədər əlverişli olduğu halda biznes aktivlik hələ də gözlənilən həddə çatmayıb.
“May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6 faiz artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir”, - deyə bankın açıqlamasında deyilir.
Bankın məlumatından aydın olur ki, ölkədə biznesin kredit aktivliyi aşağıdır. Üstəlik, kredit portfelində azalma olub:
“Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1 faiz, o cümlədən hüquqi şəxslər üzrə 2.7 faiz azalıb”.
Mərkəzi Bank bildirir ki, kredit aktivliyinin az olması nəticəsində bank sektorunda aktivlərin bir hisəsi istifadəsiz qalıb:
“Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır”.
Qurum etiraf edir ki, aktivliyin aşağı düşməsi ölkənin iqtisadi sabitliyinə xələl gətirir: “Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir”.
Mərkəzi Bankın da açıqladığı kimi, ölkədə biznes kreditləşməsi getdikcə azalır.
Aqrarkredit Səhmdar Kredit Təşkilatının biznesin inkişafı departamentinin direktor müavini Ağabala Muradov Meydan TV-yə deyir, ola bilməz ki, bölgələrdə sahibkarların hüquqları belə pozulsun. Görünür, həmin vətəndaşın banka göstərməyə girovu olmayıb. Ona görə də ona kredit verilməyib:
“Çünki gələcəkdə vətəndaş krediti qaytara bilməyəndə girov keçir bankın adına. Bank məhkəməyə verib, əmlakı müsadirə edir. Görünür, vətəndaşın girovu olmayıb. Buna görə ona kredit verilməyib. Bank kredit verir, faiz götürür həmin faizlə də dolanır. Xeyir qurumu deyil axı, öz mənafeyi olmadan kiməsə kredit versin. Odur ki, mən əminəm, vətəndaşa kredit verilməyibsə, bunun səbəbi var”.
Elə Sərxan Əsgərov da bu səbəbi bilmək istəyir…
Müəlliflər: Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar