Sizin Reklam Burada

Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb" FOTO

12-12-2019, 14:39   



Türkiyə suriyalı qaçqınları məskunlaşdırmaq və sərhədlərini qorumaq məqsədiylə Suriyanın şimalında tutduğu ərazidə "Təhlükəsiz Zona" qurduğunu deyir. Lakin insan haqları qrupları və kürdlər ərazinin bəzi adamlar üçün təhlükəsiz olmadığını iddia edirlər.
Kürdlər deyirlər ki, Türkiyə ərazidəki hər cür kürd hakimiyyətinin qarşısını almaq; şimal-şərqdəki kürd əhalisini ölkənin digər bölgələrindən olan suriyalı qaçqınlarla əvəz etmək və ərazinin etnik tərkibini köklü şəkildə dəyişmək istəyir.
BBC News Ərəbcə "Təhlükəsiz Zonada" yerləşən Afrin şəhərinin sakinləri və yaxınlıqdakı Təl Rifət şəhərində sığınacaq tapmış bəzi qaçqınlarla danışıb. Onlar Türkiyə nəzarəti altında "Təhlükəsiz Zonada" onlarla hökumət əleyhinə silahlı qrupun həyata keçirdiyi idarəçilik şəraitində necə yaşadıqlarından danışıblar.
Ziddiyyətli iddialar
2018-ci ilin mart ayında "Zeytun budağı" əməliyyatından bəri Türkiyə qüvvələri kürdlərin çoxluq təşkil etdiyi Afrin şəhəri və ətraf ərazilərə nəzarət edib. Daha əvvəl keçirilmiş 2016-cı ilin "Fərat Qalxanı" əməliyyatı nəticəsində Ankara ilə müttəfiq olan qrupların köməyi ilə Cərablus, əl-Bəb və ər-Rai məntəqələri daxil, Hələb şəhərindən şimal-şərqdə yerləşən bir ərazidən İŞİD silahlıları qovulmuş və həmin ərazi nəzarətə götürülmüşdü. Bu iki əməliyyat sayəsində uğurlu bir "sülh dəhlizi" qurulduğunu söyləyən Ankara, indi bunu "Sülh Çeşməsi" adlanan ən son hərbi əməliyyatında Suriya ilə bütün sərhədi boyunca təkrarlamağa çalışır. Bu, ABŞ qoşunları Suriyanın şimal-şərqində yerləşən bəzi ərazilərdən çəkildikdən bəri baş verib. Lakin insan haqları qrupları bu ərazidə bəzi mülki şəxslərin geniş yayılmış işgəncələrə məruz qaldıqlarını söyləyirlər.
"Fərdlərin edam edilməsi, əmlakın talanması və məcburi köçkünlərin evlərinə qayıtmalarına əngəl törədilməsi Türkiyənin təklif etdiyi "təhlükəsiz zonaların" təhlükəsiz olmayacağının sübutudur", - Human Rights Watch təşkilatının Yaxın Şərq üzrə direktoru Sarah Leah Whitson deyib.
"Əməliyyat nəticəsində təhlükəsiz zonaların qurulacağı barədə Türkiyənin söylədiyinin əksinə olaraq, ərazini idarə etmək üçün onların istifadə etdikləri qrupların özü mülkilərə qarşı təhqiramiz hərəkətlərə və etnik zəmində ayrıseçkiliyə yol verir". 

Aras normal otura bilmir
Qırılan umidlər
"İlk əvvəl doğma Qastal Cendo kəndimizi tərk edib Azaz şəhərinə, həmin şəhər qrupların nəzarətinə keçəndən sonra Afrinə gəldik", - Əminə Həmid xatırlayır. Onun oğlu Aras yaxınlıqdakı sahəni yoxlamaq üçün gedib, lakin geri qayıtmayıb. 30 yaşılı Aras, Hələbdən şimalda maşında 30 dəqiqəlik məsafədə yerləşən Azaz şəhərində yolun kənarında "nəzarətçi qrup tərəfindən ağır işgəncələrə" məruz qalandan sonra tapılıb. "O, eşitmə qabiliyyətini itirmişdi, sol qulağı üç fərqli yerdən kəsilmişdi, düz bağırsağı və bədəninin anal hissəsi çox ağır şəkildə yaralanmışdı", - Əminə xatırlayır.
Əminə 2016-cı ildə bir ildən çoxdur ki, itkin düşmüş oğlunun diri tapılacağına bütün ümidlərini itirmişdi. Adam oğurluğu, qətllər və işgəncələrin geniş yayıldığı mühitdə o, oğlunun kəndə nəzarət edən qrup tərəfindən öldürüldüyünü düşünürdü. 

Əminə və onun oğlu Aras
 Əminə oğluna körpə kimi baxmalıdır - yedizdirməli, təmizləməli və gözü üstündə olmalıdır Peşmanlığına yeganə səbəb oğluyla vidalaşa bilməməsi idi, onu son dəfə öpüb meyiti üzərində bir dua etmək imkanının olmaması idi. Əvvəl Əmina oğlunun harada olması barədə qrupdan bir məlumat öyrənmək üçün özünü risk altına qoyaraq kəndə qayıtdı.
"Onlar məni təhqir edərək qovdular, oğluma etdiklərini mənə də edəcəkləriylə hədələdilər", - dedi. Bir müddətdən sonra oğlunun ayaqqabısını kənd sahəsində tapanda onun öldürüldüyünü zənn edib. Lakin qonşusu oğlunun Hələbdəki bir xəstəxanada çəkilmiş fotosunu və Facebookda onu oradan götürmək barədə çağırışı olan bir yazını gördüyünü deyəndən sonra Əminə huşunu itirdi.
Arasın tapılması
Hələbdə Arasın əmilərindən biri onu xəstəxanadan götürmək üçün hazırlıqlar gördü. Əmisi Arası anası Əminəyə çatdırdı və bundan sonra bir çox adam gəlib ona baş çəkdi.
Əminə xatırlayır ki, oğlunun "körpə kimi beşikdə" gətirildiyini görən zaman şoka düşüb. Oğlu çox arıqlamışdı və demək olar ki, tanınmaz halda idi.
Əmina onu görəndə necə huşunu itirdiyini və sonradan oğlunun halına görə necə zar-zar ağladığını xatırlayır. Həzm sistemini təsirləndirən zədələrlə yanaşı o, eşitmə qabiliyyəti itmişdi və nəyin baş verdiyini anlamırdı.

 
Arasın sol qulağına üç yerdən tikiş qoyulub 
"İşgəncə verilib"
Ailəyə xəstəxanadan Arasın başına nə iş gəldiyi, Azaz-Hələb yolunda onun necə tapıldığı və məruz qaldığı işgəncələrdən aldığı yaralara və yanıqlara görə dövlət xəstəxanasında aylarla müalicə aldığı barədə məlumat verilib. Həm kürd, həm də Suriya Qızıl Xaç təşkilatları tərəfindən onun durumunu izah edən bir xəstəlik kağızı hazırlanıb.
"Üzü işgəncə səbəbindən demək olar ki, tanınmaz hala gəlmişdi. Onu bir ət parçası kimi gətirmişdidilər. Ona bədənin anal hissəsində iti bir əşya ilə işgəncə veriblər, nəticədə anusunda və daxilində iri kəsilmə yaralar əmələ gəlib. Bir neçə ay davam edən müalicədən sonra Aras yalnız ayaqlarını çarpazlayıb otura bilir. O, köməksiz gəzə bilmir, əsasən kürəyində yata bilir; nə hərəkət edir, nə də ki, yemək-içmək istəyir. "Mən onu yedizdirməsəm, ona su verməsəm, günlərlə yeyib-içməz". Əminə deyir ki, oğlu bağırsağının işini idarə edə bilmədiyindən onun alt paltarını gündə "üç-dörd dəfə dəyişdirməli olur".
"O, sakitləşdirici həblər olmadığı təqdirdə özü üzərində bütün nəzarəti itirir. Məni vurmağa və itələməyə çalışır. Onun anası olduğumu bilmir. Ən ağırı da budur", - Əminə ağlayaraq deyir. "Demək olar ki, ölüdür. Buna inanmaq üçün bunu görmək lazımdır. O, həmin adam deyil. Bir neçə əlilliyi var. Sol qulağı üç yerdən tikilib". Hal-hazırda Əminə oğlu və əlil əri ilə birlikdə Təl-Rifətdəki qaçqın düşərgəsində yaşayır. O, bir gün kəndinə qayıdacağına ümid edir. 

Türkiyə prezidenti Recəp Tayyip Erdoğan BMT Baş Assambleyasında çıxış edərkən təklif olunan təhlükəsiz zonanın xəritəsini nümayiş etdirib
Adam oğurluğu, ölüm və şantaj Hazırda Londonda olan Cəmilə deyir ki, silahlı birləşmələr bu yaxınlarda Afrində onun qardaşını oğurlayıblar. "Onlar onu aparandan sonra onun telefonundan bizə zəng edib pul tələb etdilər. Onu azad etmək üçün biz 10000 funt sterlinq göndərməliydik." "Qardaşım bilirdi ki, daha çox pul qazanmaq üçün onlar bunu yenə də edəcəklər. Odur ki, o, Afrindən Təl-Rifətdakı qaçqın düşərgələrinə qaçdı. Aylardır orada qaldı", - Cəmilə deyir.
BMT-nin sentyabrda hazırlanmış hesabatında deyilir ki, "silahlı qruplar və cinayətkar dəstələr tərəfindən adam oğurluqları hallarının qurbanları hamısı həkim, iş adamı və ya tacir kimi varlı sayılan mülki şəxslərdir". "Qurbanlar çox vaxt nəzarət məntəqələrində yoxa çıxır və ya gecə evlərindən aparılır", - hesabatda deyilir.
"Türkiyə silahlandırdığı qrupların nümayiş etdirdiyi pislənilən davranışa göz yumur, - Whitson deiyib. - Türkiyə bu ərazilərə nəzarət etdiyi müddət ərzində bu zorakı halları araşdırıb və onlara son qoyulmasına görə məsuliyyəti daşıyır." Hazırda Manchester şəhərində yaşayan Əmirə BBC-yə bildirib ki, 70 yaşlı atası "Afrində keçmiş kürd rəsmiləri ilə əməkdaşlıq etdiyi üçün" bir ildən çoxdur ki, Ankarada həbsdədir. Bir çox yerli sakinlərin dediyi kimi, Ankaranın maliyyə dəstəyi kəsiləndən sonra silahlı qruplar itkilərin əvəzini çıxmaq üçün bir vasitə olaraq adam oğurluğu və pul qoparmaq məqsədi ilə hədələmələrə əl atıb. Türkiyə rəsmiləri isə problemlərinin kürdlərlə deyil, PYD (Demokratik partiya) və YPG (Xalqın müdafiəsi bölmələri) ilə əlaqəli olduğunu, hər ikisini də Ankaranın qanunsuz saydığı Kürdüstan İşçi Partiyasının və ya PKK-nın qolu hesab edildiyini bildirib. Hazırda Afrin bölgəsi Türkiyənin Hatay və Kilis vilayətləri vasitəsi ilə idarə olunur. Siyasi məhbuslar və keçmiş kürd rəhbərliyi ilə "əməkdaşlıq" etdikləri hesab olunanlar Ankarada həbsdə saxlanılırlar.
Türk bayraqları və şarlarını dalğalandırırlar
Afrin yaxınlığındakı məktəbdə suriyalı şagirdlər 



Türk bayraqları və şarlarını dalğalandırırlar
Təxribatlar Şadi Mustafa Afrindəki silahlı qruplar tərəfindən növbəti dəfə saxlanılanda bu, Şadi və həyat yoldaşı Nisrin üçün artıq "həddi keçən" bir hadisə oldu. "Mənə işgəncə verildi, dəmir çubuqla bədənimi dağladılar", - o deyir.
Hər dəfə özünü azadlığa çıxmaq üçün o, böyük məbləğdə xərac ödəməli olurdu. Nəhayət, iyun ayında o, arvadı ilə birlikdə müxtəlif qrupların əlindən "döyülmə, təhqir və pul məqsədiylə hədələmə" hallarından xilas olunmaq üçün Təl-Rifət qaçqın düşərgəsinə qaçıb. "Bizə Afrinin təhlükəsiz olduğu deyilmişdi. Mən və həyat yoldaşım onlara inandıq və qayıtdıq, lakin keçmiş kürd administrasiyası ilə əməkdaşlıq edən biri kimi həbs olundum", - o deyir.
Şadi, Afrindəki Türkiyənin dəstəklədiyi qruplar tərəfindən işgəncəyə məruz qaldıb, bədəni dəmir şişlə dağlanıb Image caption Şadi, Afrindəki Türkiyənin dəstəklədiyi qruplar tərəfindən işgəncəyə məruz qaldıb, bədəni dəmir şişlə dağlanıb. "Məni gözlərimi bağlayıb, əllərimi qandallayıb həbsxanaya apardılar. Onlar məni döyüb, söyüb, təhqir edirdilər. Sonra mənə bir neçə gün ərzində işgəncə verməyə başladılar və bədənimi dağlamağa başladırlar. İzlər bədənimdə hələ qalır". - Şadi deyir. 

Həbsdə olarkən Şadi deyir ki, qadınların qışqırıq və ağlama səslərini eşidib. "Görünür, kürdlər idi. Bu həbsxana yalnız siyasi məhbuslar üçündür", - o deyib.
Nəhayət, Şadi arvadı ilə birlikdə Hələbdən şimalda yerləşən Təl-Rifət qaçqın düşərgələrinə gəlib çıxa bilib. O, günlərin bir günü Afrinə qayıda biləcəyinə ümid edir, "Türk ordusu və müttəfiq silahlı dəstələr çıxıb gedəndən sonra".
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın son müsahibəsində, əlavə məlumat vermədən bildirib ki, Türkiyənin dəstəklədiyi silahlı qruplar tərəfindən yol verildiyi iddia edilən insan haqları pozuntuları ilə bağlı bir sıra araşdırmalar aparılmaqdadır. Bu materialda müsahiblərin kimliyini qorumaq məqsədiylə adlar dəyişdirilib.
/criminal.az
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar