Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

KORONAVİRUS VƏ SİYASİ BÖHRAN İSRAİLİ ÇALXALAYIR:Netanyahunun prezidentlik arzusu baş tutacaqmı?

9-04-2020, 10:50   

Taha Kılınç

“Yeni Şafak”, Türkiyə, 08 aprel 2020-ci il

 

Koronavirus pandemiyası Orta Şərq ölkələri ilə birlikdə, İsraili də ağuşuna alıb. Yoluxan israillilərin sayı 9 minə yaxınlaşarkən, ölüm hadisələri də 3 dəfəyə yaxın artır.

Yoluxma ilə yanaşı, İsrail həm də ciddi bir siyasi böhranın içində çabalayır. Üst-üstə keçirilən nəticəsiz seçkilərə rəğmən, ölkə üçün üfüqdə hələ də bir işıq yolu görsənmir. Bu məqalədə öncəliklə, İsrailin virus gündəmindən qəribə bir “lətifə”ni  sizinlə bölüşmək istəyirəm. Sonra isə viruslu ölkənin viruslu siyasətinə qayıdacağam:

İsrail mediasında tez-tez  manşet olan xəbərlərdən biri də ultra-ortodoks yəhudilərinin yaşadığı bölgələrdir.  Bu bölgələr arasında Təl-Əvivin yaxın şərqində yerləşən 200 min əhlisi olan Bney Brak xüsusilə diqqəti çəkir. Bu bölgədə hökumət dindar yəhudiləri evlərində saxlaya bilmir, onlar tez-tez ibadət və söhbət üçün bir yerə yığışırlar. Hökumətin gördüyü təhlükəsizlik tədbirlərinə dirəniş göstərən şəhər əhalisinin, təxminən, 40 faizində koronavirusa yoluxma faktının olduğu təxmin edilir.

Təkcə Brey Brakda deyil, Qüds və digər şəhərlərdə yaşayan ultra-ortodoks yəhudilərinin bir qolu olan Haredi yəhudilərində də yoluxma halı sürətlə artır. Haredi yəhudilərinin  sosial özünütəcrid və karantin şərtlərini inadkarlıqla pozması “sekulyar” dövlətə qarşı qiyam növü kimi qiymətləndirilir.

Şəhərdə insanların bir yerə yığışmasının qarşısını almaq məqsədilə hökumət müəyyən güc strukturlarını şəhərə cəmləyib və bir çox dini ayinlərə qadağalar qoyulub.  Lakin əsgər və polislərin cümə axşamından yalnız cüməyə qədər şəhərdə qalması və sonra oranı tərk etməsi, şəhər əhalisinin yenidən küçələrə axışmasına səbəb olur.  Ultra-ortodoks yəhudiləri 8-16 apreldə keçiriləcək “Pasxa” bayramını xəstəxanada qeyd etməmək üçün virus testindən yayınmağa çalışırlar.

Bu dəlilik sindromunu qısa yolla izah etməyə çalışsaq, həm də bildirməliyik ki, ultra-ortodoks yəhudisi olan İsrailin Səhiyyə naziri Yaakov Litzmanın özü də bu pandemiyaya yoluxub. 71 yaşlı nazir virusla mübarizənin sükanını tutmaq əvəzinə, həyat yoldaşı Şeva ilə karantinə alınıb.

Elə İsrailin siyasəti də ultra-ortodoks yəhudiləri qədər başdan-ayağa virusa yoluxub.

Son bir il ərzində İsrail xalqı 3 dəfə seçki keçirib. 9 aprel 2019-cu ildə keçirilən seçkilərdə Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə “Likud” partiyası və İsrail ordusunun keçmiş Qərargah rəisi Benni Qantzın rəhbərlik etdiyi “Mavi-Bəyaz” ittifaqı  seçkilərdə 35 mandat qazandılar.

120 nəfər üzvü olan İsrail parlamentində – Knessetdə etimad qazana bilmək üçün 60+1 dəstəyi gərəkli olduğundan, hər iki partiya da seçkilərdə məğlub oldu.

Seçkilərdən sonrakı müzakirələr bir nəticə vermədiyindən, 17 sentyabr tarixində yenidən seçkilər başladı. Bu dəfə “Mavi-Bəyaz” ittifaqı 33, “Likud” isə 32 mandat aldı, amma bu dəfə də hökumət qurmaq istəyinə çata bilmədilər.

2 mart 2020-ci ildə 3-cü dəfə seçkilərə start verildi və bu dəfə “Likud” partiyası 36, “Mavi-Bəyaz” isə 33 mandat aldı.

Seçim nəticələrinin mənasız zarafatlara çevrildiyi və təkrarlanan seçkilərin xalqı bezdirdiyi İsraildə keçən ay ölkə siyasətinin məhv olmağa doğru getdiyini göstərən qəribə bir hadisə də baş verdi –   haqqında korrupsiya ittihamları irəli sürülən Baş nazir Benyamin Netanyahu öz rəqibi, hətta düşməni sayılan Benni Qantzı öz tərəfinə çəkməyi bacardı. Əvvəllər rəhbərlik etdiyi partiyada öz cəbhə yoldaşlarını yarıyolda qoyan sabiq Baş Qərargah rəisi, nəticədə, Parlament sədrliyinə namizəd elan edildi və daha sonra parlamentin sədri kürsüsündə oturdu. Beləliklə, həm keçmiş partiya yoldaşlarına, həm də Netanyahuya qarşı təhqirlər qazandıraraq, yığıdığı səs hesabı ilə bütün xalqı aldatdı.

Bəzi mənbələrə görə, hətta Netanyahu ilə Qantz arasında 18 aylıq “Baş nazirlik” müqaviləsi varbelə ki, qurulacaq “beynəlxalq birlik” hökumətində öncə Netanyahu, sonra isə Qantz Baş nazir postunu tutacaq. Bəs Qantz Netanyahunu əvəz etdikdən sonra, onun aqibəti necə olacaq?

İsrailli politoloqların fikrincə, Netanyahunun gözü daha böyük yerdə – prezidentlikdədir.  Ancaq buna görə o, haqqında açılmış korrupsiya faktlarını, cinayətlərini bir yolla ört-basdır etməli, sonra isə prezident olaraq kürsüsünü gücləndirəcək yeni  konstitusion dəyişikliklərə başlamalıdır.

İsrailin mövcud mənzərəsini və baş verən münaqişələri hər zaman daxildən izləməyə önəm verirəm. Sadəcə məqalə və təhlillər üçün məlumatlar əldə edilmir, həm də “Hər şeyə qadir və məğlubedilməz” sionizm ideologiyasını sarsıdacaq açıq-aşkar işarələri  görmək də mümkün olur.

Tərcümə Strateq.az-ındır 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar