Ana səhifə

Elçibəy hakimiyyət dövründə hansı işlər görüldü

    Tarix: 19-05-2020 19:29   
 
Son günlərin olayları fonunda tez-tez Xalq Cəbhəsi hökumətinə də hücumlar edilir və belə bir sual səsləndirilir ki, AXC hökuməti nə edib?. Qəribə də olsa bu sualları səsləndirənlərin çoxu Elçibəy hökumətinin tətbiq etdiyi test sistemi ilə qəbul olunub ali təhsil alanlardır. Həmin hökumətin həyata keçirdiyi təhsil islahatı qalıcı islahatdır və bugünə qədər on minlərlə aztəmiantlı ailələrin uşaqları məhz bu islahatın nəticəsində ali təhsil ala bildilər. Həm də nəzərə almaq lazımdır ki, AXC hökuməti dövründə test imtahanları ilə ali məktəbə qəbul olunan gənclərin hamısı dövlət hesabına təhsil alırdı.
Pribaltika respublikaları istisna olmaqla köhnə sovet məkanında Azərbaycan birinci olaraq pul islahatı keçirib öz pul vahidini buraxdı. Siyasi partiyalar haqqında qanun qəbul edildi və orada təsbit edildi ki, prezident heç bir partiyanın üzvü ola bilməz. Vətəndaşların pul gəlirləri və əmanətlərinin indeksləşdirilməsi haqqında qanun qəbul edildi.
1993-cü ildə ölkə ərazisində dislokasiya olan xarici (rus) qoşunları ölkədən çıxarıldı. Gürcüstan bu işi 10 il sonra, 2003-cü ildə görə bildi. Pribaltika respublikaları istisna olmaqla Azərbaycan birinci olaraq öz sərhədlərinin mühafizəsini öz üzərinə aldı.
Milli azlıqlar və azsaylı xalqlar haqqında prezident sərəncamı verildi, onların ana dilində dərslikləri nəşr edildi, mədəniyyət mərkəzlərinə Bakı şəhərində yer verildi, mətbuat orqanlarına prezident fondundan vəsait ayrıldı. Azərbaycan radisounda Talış (redaktoru milliyyətcə talış olan şair Əhəd Muxtar), Ləzgi (redaktoru milliyətcə ləzgi olan şair Kələntər Kələntərli), Kürd (redaktoru milliyətcə kürd olan publisist Arif Həpoyev) redaksiyaları açıldı və həmin dillərdə müntəzəm olaraq verilişlər efirə verilməyə başlladı.
Təhsil və mədəniyyət müəssisələrin böhrandan çıxarmaq üçün prezident fərmanı ilə Azərbaycan Ensiklopediyasına 5 milyon, Simfonik Orkestrə 3 milyon, Qobustan jurnalına 500 min, Ədəbiyyat qəzetinə 500 min, Dram Teatrına 4 milyon, Opera teatrına 4 milyon, Komediya teatrına 500 min, Gənc tamaşaçılar teatrına 2 milyon, Yuğ teatrına 500 min, Kukla teatrına 500 min, Türkologiya jurnalına 500 min, Xorioqrafiya məktəbinə 1 milyon və sair vəsait ayrıldı.
Çoxlu sayda namuslu ədəbiyyat və sənət adamlarına fəxri adlar verildi: Sabir Əhmədli Xalq Yazıçısı, Xəlil Rza Xalq Şairi, Flora Kərimova, Alim Qasımov, Qədir Rüstəmov, Səkinə İsmayılova və digərlərinə Xalq Artisti, Cavanşir Quliyevə əməkdar incəsənət xadimi, professor Süleyman Əliyarlı, Ələsgər Məmmədov, Cəmil Əhmədli kimi alimlrə Əməkdar elm xadimi adları verildi. (Yadımda qalan bunlardır)
Sağlamlıq imkanı məhdud olan şəxslərin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi haqqında qanun qəbul edilib icrayə yönəldildi. Onlara nəqliyyatdan pulsuz istifadə haqqı verildi, komunal güzəştlər tətbiq edildi.
Təbrizdə Azərbaycan konsulluğunun açılması, Ticarətin sərbəstləşdirilməsi haqqında qanun qəbul edildi və icrayə yönəldildi.
Bütün dini icmaların sovet dövründə müsadirə edilmiş ibadət yerləri həmin icmalara qaytarıldı. Mətbuat azadlığı haqqında qanun qəbul edildi. Azərbaycan iqtisad şurası yaradıldı, Vətəndaş cəmiyyəti təşkilatları yaradılması haqqında qanun qəbul edildi.
Mülkiyyət toxunulmazlığı, Vətəndaşların soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qanun qəbul edildi. Xocalıda şəhid olmuş vətəndaşların ailə üzvlərinə maddi yardım göstərilməsi üçün prezident sərəncamı imzalandı. Azərbaycanın müstəqillik atributlarının demək olar ki, hamısının bünövrəsi Elçibəyin bir illik hakimiyyəti dövründə qoyuldu. AXC hökumətin bu oğru-kleptokratlarla müqayisə etmək son dərəcədə qüsurludur. Bu qədər unutqan olmayın, siyahını uzatmaq da olar. Keçmişə güllə atmayın, gələcək sizi topa tutar.
 Cəmil Həsənliшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net