Ana səhifə

Jurnalistlər binasında həyat gözlənilməz hallarla doludur

    Tarix: 25-05-2020 18:55   


 


Bakıda mayın 23-24 gecə əsən güclü külək ağacları qırıb, bir neçə metal konstruksiyanı yıxıb. Külək birinci "Jurnalistlər binası"nın 2-ci blokundakı eyvanlardan birinin məhəccərini uçurub həyətdə park edilmiş avtomobilin üzərinə düşürüb. Maşına ciddi ziyan dəyib.

"KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin 31 mln. manata tikdirdiyi "jurnalistlər binası"nda eyvanlar belədir. Bu evin keyfiyyəti necə ola bilər, onun eyvanlarından istifadə etmək olarmı?", deyə sosial şəbəkədə hadisəni müzakirə edən jurnalistlər sual verirlər.

Üç çoxmərtəbəli binada yeraltı qarajlar nəzərdə tutulmayıb, buna görə dövlətdən pulsuz mənzil alan sakinlər maşınlarını binaların həyətində park etmək məcburiyyətindədirlər.

Bakının Səbail rayonunda jurnalistlər üçün üç binanın tikintisinə və istismara verilməsinə görə məsuliyyət daşıyan Vüqar Səfərlini prezident 2020-ci il aprelin əvvəllərində vəzifəsindən azad edib. Onun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

V.Səfərlinin vəzifə səlahiyyətlərindən şəxsi məqsədlərlə sui-istifadə və ictimai vəsaitin, həmçinin dövlət vəsaitin mənimsənilməsi ilə bağlı ictimaiyyətə məlum olan çoxsaylı hallara görə qovulduğunu təxmin etmək olar. Ölkənin bəzi rayonlarının icra hakimiyyəti başçılarının və Azərbaycanın dövlət təşkilatlarının işçilərinin saxlanılmasına səbəb kimi bu hallar göstərilib.

V.Səfərlinin işində nöqsanlar və pozuntular mənzil sahiblərinə açarlar paylandığı gündən etibarən məlumdur. Dövlətin xoşbəxt etdiyi insanların üçdə birini "jurnalistlər" təşkil edir, digər məlumatlara görə, bu şəxslərin yarısına qədəri mətbuatda işləmir və ya bir və hətta daha çox daşınmaz əmlaka malikdir. Bu zaman pulsuz mənzil alanlar siyahısında kirayə mənzillərdə yaşayan jurnalistlərin adlarına rast gəlinməyib.

Bu barədə jurnalistlər 2020-ci il mayın 2-də dərc etdikləri açıq məktubda ölkə prezidentinə məlumat veriblər.

Prezidentə müraciətdə bu binalardan qanunsuz mənzil alan şəxslərin bu mənzillərin satışı və kirayə verilməsi haqqında elanlar yerləşdirməsi barədə də məlumat verilir. Müraciət mənzil alanların siyahılarına yenidən baxılması, mənzillərin müsadirə edilməsi və ehtiyacı olan jurnalistlərə verilməsi xahişi ilə başa çatır.

Qalmaqal predmeti olan binaların sakinləri mətbuata çoxsaylı tikinti və istismar çatışmazlıqları haqqında məlumat verirlər.

Binalar üzərinə torpaq tökülmüş keçmiş neft hasilatı sahələrində tikilib. Yayda günəş torpağı isitdikdə sakinlərin mənzillərini neft məhsullarının iyi bürüyür. FHN-in bu torpaqda radiasiya fonunun normalar daxilində olduğu haqqında iddialarına baxmayaraq, binalarda yaşayan ailələr çıxarılan nefti müşaiyət edən radiasiyanın yüksək olması ehtimalını müzakirə edirlər.

Binalarda konstruksiya çatışmazlıqları da var. 2018-ci ildə Demokratik.az saytı çirkab suların yığılması sistemi keyfiyyətsiz olduğuna görə 2013-cü ildə tikilmiş binanın zirzəmisinə və su anbarına çirkab sular dolduğu haqqında məlumat yaymışdı.

Binaya oğrular girir, ondan çox soyğun olub. Avtomobillərin güzgüləri və akkumulyatorları itir. Bina sakini, Peşəkar Jurnalistlər İttifaqının sədri Müşfiq Ələsgərlinin velosipedi oğurlanıb. Bu barədə Bakının Səbail rayon 8-ci polis bölməsinə bildirilib. Qonşu məhəllələrin sakinləri binaların zirzəmilərinə girir, mənzillərin qapılarını qaraçılar və dilənçilər döyür, bu da jurnalistlərin narahatlığına səbəb olur.

Sakinlər Vüqar Səfərlinin qurduğu Jurnalist Evi MMC-ni ittiham edirlər. Bu şirkət sakinlərdən yaşayış sahəsinin hər bir kvadrat metri üçün 50 qəpik ölçüsündə ödəniş alır, amma binaların istismarı, mühafizəsi, təmiri üzrə öhdəliklərini yaxşı yerinə yetirmir. Yığılan vəsait keyfiyyətli iş üçün kifayət edir, belə ki, sakinlərin sözlərinə görə, bu MMC 156 mənzilli birinci binadan aylıq 6 min manat yığır. Binanın ehtiyacları üçün isə təxminən 3 min manat xərcləyir.

Sakinlər deyirlər ki, V.Səfərliyə məxsus KİV-lərin işçiləri illərlə kommunal xidmətlərə görə ödəniş etmirlər, bir halda ki, MMC işçiləri ödənişi gecikdirən digər sakinlərin evlərinə zəng edir, onların sakitliyini pozur.

Başqa bir problem də binalardan və həyətlərdən zibilin vaxtlı-vaxtında təmizlənməməsidir.

Liflərin təmiri və istismarı üçün aylıq 800 manat ödənilməsinə baxmayaraq, bu işləri bağban görür.

Sakinlərdən binanı əhatə edən ərazinin işıqlandırılması üçün elektrik enerjisindən istifadə haqqı alırlar, baxmayaraq ki, bu binaların kosmetik təmirindən sonra xarici işıqlandırma qismən ləğv edilib və ya lampalar yanmır.

Yanğın əleyhinə su boru sistemi işləmir. Qəza çıxışının plastik qapıları qırılıb. Çəndən su vuran nasos nasazdır və s.

V.Səfərlinin fikrini öyrənmək mümkün olmayıb, KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri telefon zənglərinə cavab vermir.

Yanvar ayından etibarən KİV-ə Dövlət Dəstəyi Fondunun rəsmi saytında yeni məlumat yoxdur, yalnız saytın yeniləndiyi bildirilir. Elektron poçt və Facebook  vasitəsilə Fond-a aşağıdakı suallara cavab vermək xahişi göndərilib: jurnalistlərin pulsuz mənzil almaq üçün əsası olmayan şəxslərin bu binalara yerləşdirilməsinin qanunsuzluğu haqqında müraciətlərinə baxılacaqmı? V.Səfərlinin komandasının yol verdiyi nöqsanlar nə vaxt və necə aradan qaldırılacaq? Biz KİV-ə Dövlət Dəstəyi Fonduna zəng edib telefonun digər ucundakı şəxsə də bu sualları verdik. Adını açıqlamayan əməkdaş iki dəfə israrla bizə fondun saytında xəbərləri izləməyi məsləhət gördü. 

Öz növbəmizdə, qeyd etmək istərdik ki, jurnalistlər binasının tikintisi layihəsinin həyata keçirilməsinə başlandığı andan etibarən Turan agentliyi bu ideyaya qarşı çıxıb. Jurnalistlərə belə "yardım" Azərbaycan jurnalistinin Peşə-Etika Məcəlləsinə ziddir. Bu Məcəllə dövlətdən hədiyyə qəbul etməyi qadağan edir. Agentlik təklif olunan mənzillərdən imtina edən yeganə KİV-dir.

 


Jurnalistlər binasında həyat gözlənilməz hallarla doludur

Şərhləri göstərməyin



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net