Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

GORANBOYUN ICRA BAŞÇISININ BƏNZƏRI OLMAYAN VƏ HƏR KƏSI ŞOKA SALAN QANUNSUZ ƏMƏLLƏRI — FAKTLAR İTTİHAM EDİR

25-05-2020, 19:41   


     
GORANBOYUN ICRA BAŞÇISININ BƏNZƏRI OLMAYAN VƏ HƏR KƏSI ŞOKA SALAN QANUNSUZ ƏMƏLLƏRI — FAKTLAR İTTİHAM EDİR
Son vaxtlar ölkənin bəzi nüfuzlu media orqanlarında Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məhərrəm Böyükağa oğlu Quliyevin yarıtmaz idarəçiliyindən bəhs edən məqalələr dərc olunur. Həmin yazıları oxuduqca şoka düşür, ölkənin belə bir strateji rayonuna, belə yarıtmaz birisinin rəhbər təyin olunmasından çox təəssüflənirsən. Axı, necə də təəssüflənməyəsən ki, adını çəkdiyimiz bu rəhbər şəxsin bəd əməlləri barədə, araz.az xəbər portalı olaraq, biz də, vaxtaşırı yeni-yeni xoşagəlməz məlumatlar əldə edirik. Bütün bunlardan sonra bir daha belə qənaətə gəlirik ki, Məhərrəm Quliyev üzərinə düşən bu məsul vəzifənin öhdəsindən gəlmək iqtidarında deyil.

Ən dəhşətlisi odur ki, ölkə rəhbərinin etimad göstərib, Goranboya icra başçısı təyin etdiyi Məhərrəm Quliyevin adı, günü bu günədək, bir çox qalmaqallı məsələlərdə hallanmaqdadır. O, bu məsul vəzifə kreslosunda yenicə oturmasına baxmayaraq, özünü çox rahat aparır, hətta bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinmir.
Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı sırf cinayət hadisələri kimi xarakterizə olunur. Bir anlığa, onun adına çıxılan bəzi cinayət epizodlarına diqqət yetirdikdə də, deyilənlər bir daha təsdiqini tapır. Məhz buna görə də, bu başdan düşünmək olur ki, bu şəxsin adı artıq müasir tarixuimizin “qaranlıq səhifəsi”nə birdəfəlik həkk olunub. Bunu təkcə biz yox, əldə etdiyimiz konkret faktlar da sübut edir.
Məhərrəm Quliyevin istədiyi hər cür qanunsuzluğa, saysız-hesabsız oyunlara qol qoymasına, vəzifə səlahiyyətindən sui-istifadə etməsinə aid araz.az-a daxil olan saysız hesabsız faktların hamısından yazmaq xeyli vaxt aparar deyə, onlar qalsın bir yana. Və yalnız, son vaxtlar əldə etdiyimiz o faktları götürək ki, yerli sakinlər onları da başçının bənzəri olmayan qanunsuz hərəkətləri kimi misal çəkirlər. Öncə, götürək, daşıdığı vəzifəsi müqabilində dövlət tərəfindən rayon icra başçının xidmətinə verilən “Toyota Avalon” markalı minik maşınına məxsus nömrə ilə bağlı, birbaşa, Məhərrəm Quliyevin özünün törətdiyi qanunsuzluq barədə burada danışılanları.
Bir anlığa olsa da, diqqət yetirək ki, dövlətin Goranboy Rayon İcra Hakimiyyətinin başçısına verdiyi “Toyota Avalon” markalı minik avtomobilinə məxsus sənədlərdə bunlar qeyd olunub:

"Qeydiyyat nömrəsi: 22-AA-001
Marka: “Tayota Avalon”
Adqn nömrəsi: AC391358
Sahibinin soyadı, adı, atasının adı: Goranboy RİH
Sahibinin adı: Goranboy RİH
Sahibinin qeydiyyat ünvanı: Goranboy ş., Heydər Əliyev pr., 1
Buraxılış ili: 2014
Ban nömrəsi: 4T1BK1EBXEU097741
Rəngi: Qara metallik
Qeyd: Hesab-arayış-AA-67567904.02.15k/m-002 Gəncə
Verilmə tarixi: 04-02-2015".
Redaksiyamıza təqdim olunan şəkildən isə görünür ki, icra başçısının da olduğu ərazidə saxlanmış 22-AA-001
qeydiyyat nömrəli avtomobil “Toyota Avalon” markalı minik maşını deyil, “BMW”-dir. Bu da onu söyləməyə əsas verir ki, başçı bu məsələdə belə əndazəsinə sığmayan hərəkət edir; İstər işə gəlib-gedəndə, istərsə də sakinlərlə görüşə gedərkən, məhz, nömrəsi saxtalaşdırılmış bu minik avtomobilindən istifadə edir. Bu, həm də onun sübutudur ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı belə bir addımını atmaqla, “Ağa nəzərəm, belə gəzərəm!” prinsipli yanaşmasını ortaya qoyur və bir növ, özünü, “şah titullu” toxunulmaz şəxs hesab edir. Fakt budur ki, bu şəxs bir kimsədən çəkinib, ehtiyat da etmir.
Bəzi iddialara görə, Azərbaycan Respublikası Prezidentinin əsas köməkçilərindən -- şöbə müdirlərindən biri Məhərrəm Quliyevin “arxa-dayağıdır”. Çünki başçının özü də, bəzi yerlərdə özünü Prezident Aparatının həmin rəsmisinin etibarlı kadrlarından biri olması yöndə təbliğ etməkdən çəkinmir. Elə, belə bir səbəb üzündən də, istədiyi hər cür addımını atır. Belə düşünürük ki, qeyd etdiyimiz belə bir ciddi faktla bağlı, hüquq-mühafizə orqanı əməkdaşları qeydiyyat nömrəsi 22-AA-001 olan minik avtomobili ətrafında lazımi araşdırmalarını təcili həyata keçirəcəklər.
Son günlər Məhərrəm Quliyevin adı ətrafında dolaşan söz-söhbətlərdən biri də, bəzi sosial şəbəkələrdə Goranboy rayon sakini Arzu Vəli oğlu Verdiyevin, bu ilin may ayının 14-də İcra Hakimiyyəti başçısının qəbulunda olmaq istəyərkən, onun birinci müavini Ceyhun Həsənov tərəfindən şiddətə məruz üalaraq döyülməsi, sonra isə, pəncərədən aşağı atılması ilə bağlıdır. Çox düşündürücü və hər kəsi məyus edən bir məsələdir, deyilmi?! Axı, cənab Prezidentin özü də hər dəfə öz çıxışlarında vurğulayıb ki, vəzifə sahibi olan şəxslər sadə sakinlərin problemləri ilə maraqlanmalı, onların qayğısına qalmalı, üz-üzə qaldıqları məsələlərin həllinə köməklik də göstərməlidirlər. Ölkə rəhbəri tərəfindən belə bir tapşırıq verilsə də, Məhərrəm Quliyevin icra başçısı olduğu bu rayonda isə, bir növ kriminal ab-hava hökm sürməkdədir. Yəni, istər icra başçısı, istərsə də onun tabeçiliyində olan vəzifə sahibləri bir növ özlərini toxunulmaz şəxs qismində görürlər.
. Onu da qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfranslarda ölkə başçısı etdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Prezidentin özünün dediyi kimi, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Bundan əlavə, ölkə rəhbəri etdiyi çıxışlar zamanı onu da qeyd edib ki, hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir: "Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə, bu, əsas rol oynayacaq”.

Düşündürücü haldır ki, ölkə rəhbəri hər bir vəzifə sahibinə belə bir tapşırıqlarını verir, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini isə, əyləşdiyi iş otağının pəncərəsindən sadə bir sakini “gedər-gəlməz dünyası”na yola salmaq istəyir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, belə bir hərəkətin qarşılığında Məhərrəm Quliyev tabeçiliyində çalışan Ceyhun Həsənova “qaşın üstə qara var” da deməyib. Bütün belə xoşagəlməzliklərə isə, Goranboy RİH Aparatında birinci müavini vəzifəsini daşıyan bu şəxsin daha çox oliqarx-məmur adı ilə tanınması, sayı-hesabı bilinməyən biznes obyektlərinin olması və digər amillərin varlığı səbəb olur.
Ümumiyyətlə, Goranboy rayonuna rəhbərlik edən Məhərrəm Quliyevin adı ətrafında çox söz-söhbətlər dolaşmaqdadır. Məsələn, hələ bir müddət bundan öncə də, araz.az saytı olaraq, yazıb, geniş ictimaiyyətin diqqətinə çatdırmışdıq ki, bəzi icra başçılarının həbsi həyata keçirildiyindən, bu gün Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur. Yəni, o, kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-ə məxsus ayaqyolunda görüşür. Çünki, bu şəxs dərk edir ki, hazırda rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir. Digər tərəfdən, bu şəxsin adı 1988-1993-cü illərdəki proseslərdə Əlikram Hümbətovla bağlı məsələlərdə, yəni qondarma “Talış -- Muğan Respublikası”nın təbliğatçılarından biri olmaqda da hallandı. Yəqin, hər kəs o haqda da məlumatlı oldu ki, Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri, bəlkə də lap birincisi onun Ceyhun Həsənovu özünə birinci müavin təyin etməsi oldu. Çünki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində elə bir hal baş verməyib ki, təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, dövlət qulluğunda olarkən, biznes fəaliyyəti ilə də məşğul olan bir şəxslə bağlı bu cür təyinat həyata keçirilsin.
Rayon icra başçısının və onun yaxın kadrlarının bənzərsiz qanunsuz hərəkətləri barədə əlimizdə faktlar çoxdur və bəzilərinin dəqiqləşdirilməsi üçün araşdırmalarımız davam edir. Odur ki, araz.az-ı izləməyi unutmayın. Onu da qeyd edək ki, bu məqamda, qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar