Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ermənistanda daş-daş üstündə qalmayacaq!...” - işğalçıya daha bir müharibə xəbərdarlığı

1-06-2020, 09:19   


Aprel məğlubiyyətinə görə ermənilər arasında siyasi qarşıdurma pik həddə; düşmən ölkədə savaş xofu artır; İrəvan Kremlin adamına ultimatum və iki gün vaxt verdi...

Nikol Paşinyanın iki il öncə “məxməri inqilab” nəticəsində Ermənistanda hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan münasibətləri bu günədək də əvvəlki axarına düşməyib. Təkcə o fakt ki, Paşinyan Ermənistanın yeni rəhbəri qismində indiyədək Rusiyaya rəsmi səfər dəvəti almayıb, özlüyündə çox şey deyir. Yəni söhbət heç də koronavirusa görə sərhədlərin bağlanmasının yaratdığı əngəldən getmir. Covid-19-suz da ikitərəfli əlaqələrdə problemlər yaşanırdı.

Fakt budur ki, Rusiya rəhbərliyi Nikol Paşinyanın sədaqət andlarına inanmır, “gizli qərbçi”nin ilk fürsətdəcə onu Qərbə satacağından ehtiyatlanır. Əslində isə Paşinyan “iki stul”da oturmağa, tipik erməni riyakarlığı ilə Rusiyanı Qərblə, Qərbi (Avropanı) isə Rusiya ilə şantaj edib, eyni anda hər iki güc mərkəzinin himayəsinə sığınmağa çalışır. Hədəf təbii ki, həm də Qarabağın işğalını rəsmiləşdirməyə nail olmaqdır. Bunu “demokratiya paytaxtları”nda da, Moskvada yaxşı bilirlər.

***** 

Moskva-İrəvan münasibətlərində davam edən gizli-açıq gərginlik vaxtaşırı qabarıq surətdə üzə çıxmaqdadır. Rusiya və Ermənistandakı iqtidaryönlü mediaları izləmək kifayətdir ki, buna əminlik hasil edəsən. Rəsmi İrəvana qarşı etimadsızlığın kökündə isə şübhəsiz ki, Paşinyanın Moskvanın xoşlamadığı “üsulla” hakimiyyətə gəlməsi ilə yanaşı, Nikolun baş nazir olan kimi Moskvaya qarşı başladığı demarşlar dayanır.

Onlardan biri - Paşinyanın baş nazir olar-olmaz, “Rus NATO-su” kimi tanınan KTMT-nin erməni millətindən olan baş katibi, Rusiyaya sadiq generallardan sayılan Yuri Xaçaturovu Moskvaya xəbər vermədən İrəvana çağırması və 1 mart 2008-ci il olayları ilə bağlı həbsə salması oldu. Doğrudur, Rusiyanın təzyiqi ilə Xaçaturov qısa zaman sonra azadlığa çıxdı, ancaq olan olmuşdu.

Kreml İrəvanın bu addımını haqlı olaraq, özünə qarşı açıq saymazlıq, blokun beynəlxalq imicinə vurulan ağır zərbə kimi qiymətləndirmişdi. Sonradan bəlli olacaqdı ki, İrəvan bu yolla həm də Moskvanı şantaj eləmək və ondan əlavə siyasi-maliyyə dividentləri qoparmaq niyyəti güdür.

Qarabağda 4 günlük döyüşlərin hərbi nəticələri necə oldu? - BBC ...

Ardınca Paşinyan eyni olaylarla bağlı Putinin şəxsi dostu, sabiq prezident Robert Köçəryanı həbsı atdı (Kremlin xahiş-minnətlərinə rəğmən, hələ də oradadır). Həmçinin onun faşist əlaltısı, İrəvanın mərkəzində 6 metrlik abidəsi qoyulan Qaregin Njdəyə açıq və aşırı sevgisi Moskvanın qıcığını daha da artırdı və erməni baş nazirini Moskvanın gözündə bir az da aşağı səviyyəyə düşürdü. Hərgah, təkrar edirik, inqilabdan öncə Ermənistanı Rusiyanın siyasi-hərbi təsir dairəsindən uzaqlaşdıracağını vəd edən Nikol Paşinyan bu yöndə indiyədək yarım addım belə, atmayıb. Əksinə, ABŞ-ın qəzəbinə səbəb olsa da, Rusiyanın diktəsi ilə və Əsəd rejiminə kömək olaraq, Suriyaya humanitar-tibbi missiya göndərib...

*****

Qeyd edək ki, Yuri Xaçaturov az sonra Moskva qayıtsa da, KTMT rəhbəri postuna dönə bilmədi. Onu hazırda belaruslu general əvəzləyir. Lakin belə görünür, Rusiyada yaşayan erməni generaldan Paşinyan iqtidarı əl çəkmək fikrində deyil. Bu dəfə onun 2016-c il ilin aprelindəki “4 günlük” aprel savaşındakı ağır məğlubiyyətlə bağlı parlamentdə yaradılmış xüsusi təhqiqat komissiyasında ifadə verməsi istənilir. Daha doğrusu, tələb edilir (Yuri Xaçaturov o zaman Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postunu tutub).

Belə ki, komissiyasının rəhbəri Andranik Köçəryan keçmiş Baş qərargah rəisinə bununla bağlı ultimatum göndərib və onun komissiya qarşısında ifadə vermək üçün iki gün vaxtı qaldığını bildirib (Virtulaz.org). Koçəryan deyib ki, aprel müharibəsini araşdıran komissiya keçmiş xarici işlər naziri Edvard Nalbəndyanı dindirəndən sonra Yuri Xaçaturovun ifadəsinin alınmasına zərurət yaranıb.

Düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə ...

“Bu olduqca mühümdür. Suallar var ki, Yuri Xaçaturov komissiya qarşısında onlara cavab verməlidir. Mən daha ona məktub göndərməyəcəm... Və bəyan edirəm ki, onun iki gün vaxtı qalır, iyunun 4-də komissiyanın fəaliyyət müddəti başa çatır və həmin günə qədər biz istənilən halda iclas təyin edib Xaçaturova suallar verməliyik” - Köçəryan deyib və hədələyib ki, əks halda Xaçaturovun məsələsinə digər orqanlar baxmalı olacaq.

Köçəryanın sözlərinə görə, bir nömrəli hərbi postu tutan və həmin proseslərdə ən mühüm rollardan birini oynayan adam gəlib suallara cavab verməlidir. Bu ilin martında məlum olmuşdu ki, Xaçaturov parlament komissiyası qarşısında danışmaq istəmir və 2016-cı ilin aprel müharibəsi barədə deməyə sözünün olmadığını bildirir.

*****

Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi ...

Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusu Qarabağda düşmənin müdafiə xəttini iki istiqamətdə yarıb, onu ağır itkilərə məruz qoyub və irəliləyərək minlərlə hektar ərazini azad edib, yeni mövqelərdə möhkəmlənib. O vaxt əməliyyatlar Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisləri arasında danışıqlardan sonra dayandırılmışdı.

Aprel döyüşlər Ermənistan ordusunda təchizat, kəşfiyyat, rabitə və digər məsələlərlə bağlı ciddi boşluqları üzə çıxarmışdı. Nəticədə Müdafiə Nazirliyinin az qala bütün rəhbərliyi, o cümlədən ozamankı müdafiə naziri Seyran Ohanyan Serj Sərkisyan tərəfindən vəzifədən uzaqlaşdırılmışdı.

Əlbəttə ki, qələbənin şərikləri həmişə çox olur, məğlubiyyət isə adətən yetim, yiyəsiz qalır. Düşmən tərəfi ən çox təlaşlandıran həm də 2016-ci ilin aprelində işğalçı ordunun “məğlubedilməzlik” mifinin darmadağın edilməsi və aprel müharibəsinin bu dəfə qat-qat geniş miqyasda təkrarlanma ehtimalıdır. Çünki rəsmi İrəvanın Qarabağla bağlı davam edən, hətta ağası Moskvanı belə qıcıqlandıran destruktiv, təxribatçı mövqeyi dinc danışıqlara olan sonuncu ümidi də, faktiki, basdırıb.

***** 

Zakir Həsənov general və zabitləri topladı

Yeri gəlmişkən, mayın 30-da Bakıda Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə bir daha təcavüzkar tərəfi xəbərdar edib. Nazir öncə Azərbaycan prezidenti İlham Əliyevin son çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulamasına diqqət yönəldib: “Bu, ordumuzun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb”.

Z.Həsənov ardınca bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. “Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”, - deyə hərb nazirimiz vurğulayıb.

Bir neçə gün əvvəl sona çatmış genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin nəticələrini yüksək qiymətləndirən nazir əsas diqqətin şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki tətbiqinə yönəldiyini qeyd edib. Bildirib ki, təlimlərdə qoşunlar məqsədlərə tam şəkildə nail olub, şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində yüksək bacarıq nümayiş etdirib.

Əlavə edək ki, ordumuzun pandemiyaya əngəlinə rəğmən, keçirdiyi son genişmiqyaslı təlim düşmən tərəfdə heç vaxt olmadığı qədər panika yaradıb. Bu da səbəbsiz deyil. Maksimum müharibə şəraitinə yaxınlaşdırılan belə təlimlər erməni hərbçilərinin də etiraf etdikləri kimi, günün birində real döyüş əməliyyatlarına da keçə bilər. Bakıdan xəbərdarlıq eləmək. Hərçənd xəbərdarlıq həmişə edilməyəcək...

Analitik xidmət,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar