Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİNİN ABŞ VƏ NATO-ya QARŞI LİVİYA PLANI- Qiyamçı general üçün 1 milyard, nüfuz savaşı və 2 gizli hədəf...

4-06-2020, 09:43   

K.Egert,

“Deutsche Welle”, (Almaniya)

Rusiyanın Liviyadakı vətəndaş müharibəsində (Xəlifə Haftarın “Liviya Milli Ordusu” tərəfində) iştirakının təfərrüatları hər gün bir az daha maraq doğurur.

Əvvəlcə ABŞ ordusunun Afrika komandanlığı bildirmişdi ki, Moskva Haftarın tərəfində vuruşan “Vaqner qrupu”nun muzdlularına havadan dəstək vermək üçün Liviyaya 14 ədəd MIG-29 təyyarəsi göndərib. Həftə sonu isə “The Times of Malta” qəzeti sensasiyalı bir məlumat dərc etdi. Məlumatda qeyd olunurdu ki, Malta hökuməti “Qoznak”ın (Rusiya Maliyyə Nazirliyinin nəzdindəki müəssisə) qiyamçı Liviya generalı üçün çap etdiyi banknotlar (1,1 milyard ABŞ dolları ekvivalentində Liviya dinarı) dolu yükləri saxlayıb.

Bu, Liviyanın şərq bölgəsi (Haftarın nəzarətində olan) üçün pulun 2016-cı ildən bəri Rusiyanın dövlət müəssisələrində çap olunduğu barədə yayılan ilk məlumat deyil. Bundan əvvəl də Vaşinqton Kremli saxta əskinaslar hazırlamaqla Liviya dövlətini sarsıtmaqda ittiham etmişdi.

Rusiya hökumətinə yaxın ekspertlər Kremlin bu məsələ ilə bağlı mövqeyini üç bəndlə izah edirlər:

– Birincisi, pul Liviya Mərkəzi Bankının (Haftar ordusunun nəzarət etdiyi ərazidə yerləşən) şərq şöbəsinin sifarişi ilə çap olunur;

– İkincisi, Tripolidəki Liviya Mərkəzi Bankı (Faiz Saracın beynəlxalq səviyyədə tanınan Milli Barışıq Hökumətinin yerləşdiyi yer) Haftara təhvil verilən pulların saxta pullar kimi tanınmasını rəsmən tələb etməyib;

– Nəhayət, üçüncüsü, “Qoznak”ın əskinasları Tripolinin icazə verdiyi əskinaslardan (məsələn, nömrə sırasının yeri və rəngindən) fərqlənir.

Bununla yanaşı, adətən orijinalından fərqlənməyən pul saxta pul hesab olunur. Burada isə fərq var (baxmayaraq ki, bu fərqin nə dərəcədə nəzərəçarpacaq olduğu barədə mübahisə etmək olar).

Üstəlik, tanıdığım və Tripolidə əlaqələri olan bir maliyyə mütəxəssisinin dediyinə görə, “Haftarın pulu” Milli Barışıq Hökumətinin yurisdiksiyasında da dövr edir.

Xəlifə Haftar

“The Times of Malta”nın yazdığı kimi, Moskvadan gələn yüklərin saxlanılması “yüksək səviyyəli kəşfiyyat” məlumatının alınması nəticəsində həyata keçirilən beynəlxalq əməliyyatın bir hissəsi oldu.

Bu kəşfiyyat məlumatının kimdən gəldiyini sadəcə təxmin etmək olar. Amma o aydındır ki, pul dolu yüklərin tutulması ABŞ-ın ürəyindən olacaq. Çünki son vaxtlar Putin rejimini Liviyanın işlərinə müdaxilə etdiyinə görə kəskin tənqid edir.

Vaşinqton Liviyadakı vətəndaş müharibəsinə hər hansı hərbi müdaxilə etmək niyyətində olmasa da, amerikalıların Kremlə və onun Liviyadakı müttəfiqinə qarşı sanksiya təzyiqlərini artıracağını güman etmək olar.

Görünür, Maltadakı pulu ələ keçirmək Putinə siqnaldır ki, müttəfiqi Haftarı bir nəçə dəfə qoyub qaçdığı danışıqlar masasına oturtsun. Son belə qaçış Liviyadakı vəziyyəti nizamlamaq üçün Berlində təşkil olunan beynəlxalq səviyyəli görüş zamanı olmuşdu.

“Vaqner qrupu” muzdlularının Tripolidə növbəti hücumunun uğursuz olması və döyüş bölgəsindən təxliyəsi barədə məlumatlar daxil olsa da, Kreml geri çəkilmək istəmir. Liviyaya tanınma nişanları olmayan, rənglənmiş MIG-29-lar göndərmək də Qərbə açıq cavab siqnalıdır.

Faktiki olaraq Putin Bayda şəhərində qərarlaşan Haftar hökumətinin Rusiyanın dəstəyindən tamamilə asılı olduğunu gizlətmir. Bu mənada, qiyamçı general və ordusu ilə özünü “müstəqil” elan edən “LNR” və “DNR”in bir növ Şimali Afrika analoqudur.

Liviyada Putinin iki məqsədi var. Birincisi, neft və qaz yataqlarına nəzarəti ələ keçirmək (əksəriyyəti Haftar tərəfindən idarə olunur), ikincisi, Liviya sahillərində hərbi baza qurmaq.

Eyni zamanda, Moskva Suriyanın Hərbi Dəniz Qüvvələrinin və Rusiya Hərbi Hava Qüvvələrinin Tartus və Latakiyadakı bazalarını modernləşdirmək və genişləndirmək istəyir. Əgər bunların hər ikisini edə bilsə, Rusiyanın Aralıq dənizindəki hərbi-strateji vəziyyətə təsir göstərmək və NATO-nun cənub cinahında problemlər yaratmaq imkanları kəskin artacaq. 

Düzdür, bunun üçün Qara Dəniz Donanmasının ciddi şəkildə genişləndirilməsi və modernləşdirilməsi tələb olunur. Aralıq dənizi məhz onun məsuliyyət dairəsinə daxildir.

Rusiya Aerokosmik Qüvvələrinin gələcək Liviya bazasında daimi olmasını təmin etmək daha asan olacaq. Yəqin ki, Kremlin nəzərdə tutduğu də elə budur.

Putini Rusiya daxilindəki iqtisadi vəziyyət, vətəndaşların sonsuz müharibələrdən və ümumiyyətlə, qarşıdurmaya yönəlik xarici siyasətindən nəzərəçarpan yorğunluğu dayandırmır.

Bu gün Liviya Rusiya lideri üçün Suriya nümunəsindəki kimi, nüfuz məsələsidir. Son vaxtlar Bəşər Əsədlə münasibətlərinin kəskinləşməsinə baxmayaraq, Moskvanın Suriya oyunundan çıxmasından söhbət belə, getmir. Vladimir Vladimiroviç Rusiyanı idarə etdiyi müddətdə bu belə olacaq. Putinin potensial Aralıq dənizi “layihəsi” Kremlin ABŞ və NATO ilə hərbi-siyasi qarşıdurmasının əsas elementlərindən biridir. Rusiya rəhbərliyi təkrar-təkrar risk etməyə hazır olduğunu, bundan imtina etmək fikrində olmadığını nümayiş etdirir…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar