Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirusun yayılmasındakı artımın əsas səbəblərindən biri pullardır – İki alimdən xəbərdarlıq

4-06-2020, 13:29   


Koronavirus pandemiyası Azərbaycanda iqtisadiyyatın zəif tərəflərini müəyyənləşdirməyə imkan verir. Belə zəif tərəflərdən biri qeyri-nağd dövriyyənin nağd dövriyyədən qat-qat aşağı olması, əhalinin kartla təminat səviyyəsinin yetərli olmamasıdır. 

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, pandemiya dövründə 190 manat birdəfəlik ödəmənin çatdırılması zamanı bəlli oldu ki, Azərbaycanda xüsusilə də kasıb əhalinin banklarda hesabları yoxdur: “2017 Global Findex” hesabatında göstərilir ki, böyüklər arasında azərbaycanlıların 29 faizinin, ermənilərin 48 faizinin, gürcülərin isə 61 faizinin bank hesablarına çıxışı var. İnkişaf etmiş ölkələrdə müvafiq göstərici 67 faiz təşkil edir. Pandemiya göstərdi ki, Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Belə ki, dükanlarda və restoranlarda nağd ödənişlər vasitəsilə pulların əldən-ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə, Azərbaycanda nağd manat virus daşıyıcısına çevrilib”.

Azərbaycan Mərkəzi Bankın (AMB) açıqlamalarına görə, bu ilin mayın ayının 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5 faiz təşkil edib. Həmin tarixə banklardan kənarda nağd pul (M0) kütləsi 8,705 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artımı ifadə edir: “Dünyada nəinki nagdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevginin yüksək olması həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir. Azərbaycanda banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması həm də gizli iqtisadiyyatın miqyaslarının genişliyi ilə əlaqədadır. Ona görə də on illərdir ki, mövcud gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar”.

İqtisadçı-alim bu vəziyyətdə Mərkəzi Bankın nağd pulların dezinfeksiyasını həyata keçirməsinin gərəkdiyini deyir: “İstehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi salofan paketlərdə və ya portmanatlarda saxlasın. İmkanı olanlar ödənişlərini nağd manatla deyil, kartlarla post terminallar vasitəsilə, ən yaxşısı mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsin”.

Maliyyəçi-professor, sabiq maliyyə naziri Saleh Məmmədov da bu problem ciddi amillərdən biri hesab edir: “Nağd ödəmələr ən ciddi amillərdən biridi, korrupsiyanın da geniş yayılması səbəblərindən ən vacibi budur. Hökumət bir çox Avropa ölkələri kimi nağd ödəmələri dərhal dayandırmalı, nağd pulu dövriyyədən çəkməli və kontaktsız ödəmə sisteminin proqram təminatının hazırlanmasına başlamalı idi. Kontaktsız ödəmə nəinki nağd pulu, hətta kredit kartlarının, çeklərin, bankomatların ... və s ləğvini nəzərdə tutur, bu, yalnız süni intellekt vasitəsilə üz tanınması ilə kontakt olmadan həyata keçirilən ödəməni nəzərdə tutur. Koronavirusla mübarizə üçün ayrılan pulların ən azı 500 milyon manatının proqramlaşdırma industriyasının qurulmasına yönəldilməsi təklifini vermişdim. Belə bir sistem qurulsaydı, ən azı 25-30 milyardlıq korrupsiya dövriyyəsi üzə çıxacaqdı, məmurların cibinə deyil, büdcəyə toplanacaqdı, bir manat da ödəmə nəzarətdən kənar qala bilməyəcəkdi, bütün əməliyyatlar nəzarətə alına biləcəkdi, cəmiyyət şəffaflaşacaq və hər kəsin nəzarəti altına düşəcəkdi”.

Professorun sözlərinə görə, bu qədər bank avtomatlarına, kassa aparatlarına, böyük bank ofislərinə, nağd pul vasitəsilə virusun ötürülməsinə ehtiyac qalmazdı: “Çinin smart İnçuan şəhərində bu üsulla həyata keçirilən ödəmə sistemi şəraitində heç koronavirusa yoluxan olmayıb...Amma “bu, kimə fayda verəcəkdi?” sualının cavabına görə məsələ bu gün də heç gündəliyə gətirilmir. Aydındır ki, 25-30 milyardlıq illik korrupsiya pulları nə fəhlənin, nə kəndçinin, nə də müəllimin cibinə getmir”.

Dünya,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar