Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİN PREZİDENTLİYİNİN ƏN AĞIR DÖVRÜNÜ YAŞAYIR – O, nə isə etməlidir, amma edə bilmir...

3-06-2020, 11:18   


Hansısa bir ölkənin nə zamansa problemlə üzləşməyəcəyinin təminatı yoxdur. Amma daha tədbirli dövlətlərin ehtimal edilən perspektiv böhranlardan nisbətən az itkiylə çıxmaq proqramları olur. Yəni, “böhran masası” deyilən bir anlayış var. İndi koronavirus pandemiyası bütün ölkələri qəflətən yaxaldağı üçün dövlət isteblişmentləri hazırladıqları bir çox planları təxirə salmaq məcburiyyətində qalıblar. Çünki koronavirus adi böhran yox, cəmiyyət həyatının bütün sferalarını sarsıtmaq və depressiyaya uğratmaq gücünə malik fövqəladə böhrandır.

Sözügedən bu böhran Rusiyaya özünəməxsus formada təsir göstərir. Rusiyanın qarşılaşdığı çətinliklərin bir çoxu heç də koronavirusla bağlı deyil. Bu ölkədə illərdir həll edilməsi vacib olan problemlərə qətiyyən əhəmiyyət verilməyib. Düşünülüb ki, onsuz da hər şey inersiya ilə öz axarıyla gedəcək. Ancaq indi vəziyyət xeyli qəlizləşib. Rusiya prezidenti Vladimir Putinin hakimiyyətini ciddi təhlükə gözləməsə də, o, məzmun baxımından ölkənin daxili siyasətində yeniliklər etməlidir. Lakin hələlik heç nə görünmür.

  Mövzuyla bağlı Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin “Böhranın əngəlləri” başlıqlı məqaləsində deyilir: “Putinin ilk dəfə prezident postuna gəlməsindən iyirmi il ötüb. O, növbəti on il ərzində də hakimiyyətdə qalmaq üçün möhkəm zəmin hazırlamaq istəyir. Amma virus gəldi və Putinin planlarını sual altına qoydu. Əgər hər şey cızılmış sxem üzrə getsəydi, onda əhali çoxdan konstitusiyaya dəyişikliklər edilməsiylə bağlı referendumda səs vermişdi və beləliklə də Putinin daha iki müddət prezident seçilməsinin yolu açılmışdı.

Hazırda Rusiya iqtisadiyyatı çətin durumdadır, insanlar işlərini itirirlər, səhiyyə sistemi inildəyir, tibb işçiləri çarəsizdirlər, ancaq prezidentin buna qarşı nəysə etmək istəyi və ya hər hansı ideyası yoxdur. Politoloq Tatyana Stanovaya deyir ki, Putin real siyasətlə əlaqəsini itirib. T.Stanovayanın fikrinə görə koronavirus tüğyan etməmişdən öncə prezidentin ətrafından gələn siqnal beləydi: digər ölkələrə nisbətən Rusiya bu böhrana daha yaxşı hazırlaşıb. T.Stanovaya vəziyyəti bu cür şərh edib: “Lap başda Putin koronavirus təhlükəsini ciddiyə almadı. Başqa tərəfdən isə o, karantin kimi anti-böhran tədbirlərinə cavabdehlik daşıdığını sanki hiss etmir. Putin özünü adi normal siyasətçi yox, tarixi qəhrəman sayır. O, böhranla mübarizəyə vaxt itirmək istəmir. Putin bunun əvəzinə nazirlər və qubernatorlar qarşısında iqtisadiyyatın işə salınması və yoluxanların sayının azaldılması məsələsini qoyur. Prezident tibb işçilərinə əlavə ödəmlər olunacağı vədini versə də, amma regional hökumət rəhbərləri bu tapşırığı lazımı qaydada yerinə yetirməmişdilər. Putin isə qubernatorlara açıq şəkildə xəbərdarlıq etmişdi. O, hökumət nümayəndələrinə və qubernatorlara verdiyi tapşırıqların çox tezliklə nəticə gətirəcəyini gözləyir. Əks halda əsəbləşməyə başlayır”.

Şəxsən Putinin özü həkimlərə, uşaqlı ailələrə daha çox pul ayrılması, qeyri-iş günləri və karantinin yumşaldılması kimi xoş müjdələr verir. Amma artıq çoxdandır ki, bu tədbirlərin və yardımların kifayət olmadığı aydın hiss olunur. Hökumətin məlumatına görə, bütün iqtisadiyyatın üçdə birinin aktivliyi çöküb. Əksəriyyət üçün “qeyri-iş günü” artıq “işszlik” mənasına gəlir. Rəsmi statistikaya əsasən iyun ayının axırına kimi 2,5 milyon adam işsiz qalacaq. Qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir. Hesablama Palatasının sədri Aleksey Kudrin 8 milyon işsizin olduğunu bildirir. Kiçik biznes əzab çəkdiyi bir vaxtda hökumət 159 milyard avro həcmindəki “Milli Rifah Fondu”ndan pul xərcləmək fikrində deyil.

Səhiyyə sistemi artıq pandemiyaya nəzarət etmir. Xəstəxanalar infeksiya mənbəyinə çevrilib. Belə görünür ki, virus orduda, kilsədə, iri tikinti obyektlərində, təbii qazın hasil edildiyi şaxtalarda yayılır. Artıq minlərlə fəhlə yoluxub. Qeyri-rəsmi məlumatlara görə həkimlər arasında xeyli ölənlər var. Amma rəsmi açıqlamalarda Covid-19-dan ölənlərin sayı izah edilməyəcək dərəcədə azdır.

Politoloq Yekaterina Şulman “Exo Moskva” radiosunun efirində deyib ki, Kreml referendum səsverməsi üçün ideal an seçməlidir, çünki karantinin sona çatmasının ardından iqtisadi vəziyyətin yaratdığı dəhşətlər seli gələcək. Bəzi ekspertlərin fikrinə görə, iqtisadi problemlər payızda etirazlara gətirib çıxaracaq. Sözsüz ki, Kreml hadisələrin bu cür gedişini istisna etmir. Hakimiyyət yaranmış vaxtdan istifadə edərək, əlavə qanunlar hazırlayıb. İndi polis daha sərt hərəkət edə biləcək. 

- Prezident Putin ağır dövrlər yaşayır

Yuxarıda söylənənlərə öxşar fikirlər ABŞ-ın “Forbes” portalında da yer alır. ”Forbes”-in “Prezident Putin ağır dövrlər yaşayır” başlıqlı məqaləsində Putinin xeyrinə olan faktorlara toxunlulur. Həmin yazıda deyilir: “Hakimiyyət hələ ki, referendumun keçirilmə vaxtını elan etməyib. Putinin müttəfiqi, politoloq Sergey Markovun sözlərinə görə, Rusiya lideri bu referendumun keçirilməsinə həqiqətən də tələsir.

Hələ pandemiyadan öncə də Rusiya iqtisadiyyatı heç də ideal vəziyyətdə deyildi. Rusiyalıların həyat tərzi bir neçə ildir ki, aşağıya yuvarlanır, bunun da səbəbi 2014-cü ildə tətbiq olunan Qərb sanksiyalarıdır. Səudiyyə Ərəbistanı ilə neft müharibəsi vəziyyəti daha da pisləşdirdi. Sonra koronavirus gəldi. Hazırkı proqnozlara görə Rusiya iqtisadiyyatı 5 % daralıb, əhalinin real gəlirləri isə orta hesabla 3,8% azalıb.



Putinin daima kifayət qədər yüksək olan populyarlıq reytinqi düşməyə başlayıb. ”Levada-Mərkəz”-in məlumatına görə, Putinin reytinqi 59%-ə enib. Əlbəttə, Qərbin istənilən siyasətçisi belə reytinqə qibtə edərdi, lakin bu, Putin üçün son 20 ilin ən aşağı göstəricisidir. Bir vaxtlar onun reytinqi 80%-i ötürdü. Beləliklə, doğrudanmı Putin ağır vəziyyətlə qarşılaşıb? Şübhsiz ki, onun opponentləri buna əmindirlər. Putinin ən kəskin tənqidçisi Aleksey Navalnıy “Azadlıq radiosu”na verdiyi müsahibəsində deyib ki, əhalinin qəzəbi yetişir. A.Navalnıy Kremli maddi cəhətdən pandemiyadan əziyyət çəkən insanlara kifayət qədər yardım göstərməməkdə günahlandırır.

Hərçənd ki, indi Putin həqiqətən də son iyirmi ilin ən ciddi çətinliyi ilə qarşılaşıb, amma digər yandan onun xeyrinə olan bir sıra mühüm amillərin mövcudluğunu da yaddan çıxarmaq olmaz. Elə məhz həmin amillər onun gələcək siyasi yaşamının təminatçısı sayılır.

Birincisi - Putinin prezidentlik müddəti hələ 2024-cü ilədək davam edəcək və elə ona görə də vəziyyəti öz xeyrinə dəyişmək üçün onun xeyli vaxtı var.

İkincisi - Rusiya prezidentinə qarşı aydın görünən parlaq alternativ yoxdur. Putin mərkəzdə özünün dayandığı siyasi sistem qurub. Xalqın qəzəbi yetişir deməkdə, bəlkə də Navalnıy haqlıdır, amma hələ ki, bunun real siyasi dəyişiklərə aparıb çıxaracağının hər hansı əlaməti görünmür”.

Vaqif NƏSİBOV

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar