Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məhbus şər-böhtana məruz qaldığını bildirir

4-08-2020, 21:23   



15 saylı Xüsusi Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbus Rafət Nərimanov mediaya ünvanladığı, Mustaqil.az saytında dərc olunan məktubunda şər-böhtana məruz qalaraq həbs olunduğunu bildirib.
Rafət Alış oğlu Nərimanov 1969-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində doğulub. Orta məktəbi bitirəndən sonra Əfqanıstanda sovet qoşunları tərkibində hərbi xidmət keçib. 1996-cı ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 2008-ci ilin may ayından Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində mütəxəssis vəzifəsində işləyib, fəxri fərman və medallarla təltif olunub.
Məktubunda Rafət Nərimanov qeyd edir ki, o, 2018-ci il iyunun 8-də cinayət törədib. Bildirdiyinə görə, Nizami Qasımov adli şəxs onun həyat yoldaşına qarşı ağır ifadələr işlədib: “Nəticədə mən Nizami Qasımovu qorxutmaq məqsədilə onun avtomobilinə üç dəfə atəş açdım. Atəş açdığım zaman Nizami Qasımov avtomobilin 5-10 metrliyində dayanmışdı. Buna görə güllələrin birindən ayrılan qəlpə onun çiyin nahiyəsinə yüngül xəsarət yetirdi.
Mən hadisəni törədən kimi könüllü olaraq silahımla polisə təslim oldum. Polisdə olarkən Nizami Qasımov Yasamal Rayon Prokurorluğunun müstəntiqi İsmət İsmiyevə verdiyi izahatlarda guya mənə saxlamaq məqsədilə 100 min ABŞ dolları məbləğində pul verdiyini, daha sonra pulu geri almaq istədikdə mənim ona atəş açdığımı qeyd edib. Bundan sonra prokurorluğun bir neçə əməkdaşı yaşadığım evə gedərək, həyat yoldaşıma və iki azyaşlı (2 yaş, 5 yaş) uşağıma hədə-qorxu gələrək “Pullar haradadır? Pulları gətirin!” deyə qışqırıblar, həyat yoldaşımın və uşaqlarımın göz yaşlarına baxmadan kobud rəftar ediblər. Həyat yoldaşım isə evdə olan 800 manat pulu və öz şəxsi qızıllarını gətirərək onlara təqdim edib və evdə bunlardan başqa pul, qızıl olmadığını bildirib.
Cinayət törətdiyim silahı könüllü olaraq polisə təqdim etsəm də, yalan ifadə əsasında, kobud şəkildə evimə soxularaq edilən hədə-qorxu nəticəsində həyat yoldaşım hazırda ürək xəstəsidir, 5 yaşlı oğlumun isə psixoloji durumu zədələnib”.
Rafət Nərimanov yazır ki, Nizami Qasımovun ona saxlamaq üçün 100 min ABŞ dolları verməsi və konfliktə də bunun səbəb olması barədə deyilənlər tam əsassızdır: “Çünki mənim onunla heç bir qohumluq və dostluq əlaqəm olmayıb və təbii ki, pulu mənə verməsi ilə bağlı heç bir sübut və şahid yoxdur. Buna baxmayaraq, mənə Cinayət Məcəlləsinin 228.1, 228.2, 179.3.2, 29.120.2.4, 29.120.2.5, 29.120.2.6-cı maddələri ilə cinayət işi açıldı.
Halbuki tibbi ekspertiza Nizami Qasımovun səhhəti ilə bağlı vəziyyəti yüngül xəsarət kimi qiymətləndirib. Mənim törətdiyim cinayət işinin istintaqı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan istifadə etməklə əmlaka ziyan vurmaq və bədənə yüngül xəsarət yetirmək) maddəsi ilə aparılmalı idi”.
Rafət Nərimanov zərəçəkənin əsassız ifadəsi, hüquq mühafizə oqranları və məhkəmə sistemində çalışanlarla qohumluq əlaqələri kimi qanunazidd faktorlar nəticəsində oan Cinayət Məcəlləsinin ağır maddələrinin tətbiq edildiyini və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum olunduğunu bildirir: “Haqq etdiyim cəza verilərdisə, bu məni qətiyyən incitməzdi. Lakin haqsız cəza və azyaşlı uşaqlarımın, ailəmin-doğmalarımın durumu məni ciddi şəkildə narahat edir”.
Məktubunda məhbus əlaqədar orqanlara özünün və doğmalarının yazdığı çoxsaylı məktublara nəhayət reaksiya verilməsini arzu edir: “Özəlliklə, ölkəyə yeni baş prokuror təyin edilməsinə, cənab Prezidentin qanunçuluğa, hüququn aliliyinə dair çağırışlarına, imzaladığı sənədlərə, bu mövzuda tapşırıqlarına çox ümidliyəm. Qoy haqsızılıq aradan qaldırılsın, qanun gücün, güclünün yox, haqqın, haqlının yanında olsun!”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar