Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyan Putinin Qələbə paradından niyə qaçdı? – TƏHLİL

20-06-2020, 12:34   
 

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya getməkdən imtina etdi və buna səbəb kimi koronavirus pandemiyasını bəhanə gətirdi. Bu, son günlər erməni baş nazirin bir-birini izləyən ikinci bəhanəsidir: iyunun 1-də onun koronavirusa yoluxduğu və faşizm üzərində qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirakının sual altına düşdüyü haqqında məlumat yayıldı. Lakin koronavirusa yoluxmuş digər xəstələrdən fərqli olaraq, Paşinyan bir neçə gün sonra “sağaldı” və Moskva səfərinə hazırlıq başlandı. İyunun 19-da səfərə bir neçə gün qalmış o, epidemiyanı bəhanə edərək səfərdən imtina etdi.

Bu imtinanın altında hansı səbəblər yatır? Sual ritorik deyil və proseslərin ardıcıl inkişafı maraqlı məqamları ortaya çıxarır.

İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı oldu. Liderlər ikitərəfli münasibətlərdən tutmuş Azərbaycan-Rusiya sərhədində yaranmış (Ermənistan mediasının şişirdərək, iki ölkənin münasibətlərində “böyük böhran” kimi təqdim etməyə çalışdığı) insidentə qədər müxtəlif mövzuları müzakirə etdilər, həm problemin həlli ilə bağlı razılıq əldə olundu, həm də Azərbaycan lideri hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını bildirdi. Azərbaycan müdafə naziri Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti və 75 hərbi qulluqçu ilə paradda təmsil olunacaq. Rəsmi məlumatda “Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib” deyə qeyd olunur.

Azərbaycan və Rusiya liderlərinin söhbəti birbaşa telefon təması ilə baş tutdu.

Və bir gün sonra – 19 iyunda Paşinyan Moskvaya getməkdən imtina etdiyini açıqladı. Burada erməni baş nazirin Azərbaycan liderinə bənzəmək, özünü daxili auditoriyada “müstəqil siyasətçi” kimi göstərmək cəhdi açıq görünür. Hərçənd, ən diqqətçəkən məqam Paşinyanın səfərdən imtina ilə bağlı Putinə məktub yazmasıdır. Böyük ehtimalla Nikol Rusiya liderinə zəng etməyə cəhdlər edib, lakin istəyinə nail ola bilməyib. Paşinyanın ötən ilin oktyabrında İrəvanda keçirilən Avrasiya İqtisadi Birliyinin toplantısı zamanı Putinlə təkbətək söhbət etməyə nail olmaq üçün sərxoş halda hava limanına qədər gəlməsi və Vladimiri zorla qucaqlaması onun Rusiya prezidentinə yarınmaq üçün hər şeyə əl atdığını təsdiqləyir. İndi Moskvaya səfərdən imtina etdiyini “quru məktubla” bəyan etməsi Putinin Paşinyanın zənglərinə cavab vermədiyindən və erməni baş nazir məktub yazmaq məcburiyyətində qalmasından qaynaqlanır. Paşinyanın Ermənistanda Rusiyanın dəstəklədiyi siyasətçiləri “edam kötüyünə” çıxarması, son olaraq da Sarukyanın həbsi Putinin dəstəyi niyə qaldırmadığını anlamağa imkan verir.

Əslində Ermənistanda baş verən son hadisələr və faşizm üzərində qələbənin 75 illiyi münasibətilə hərbi paradın keçirilməsi fonunda Nikolun Moskvaya getməkdən imtina etməsinin səbəblərini aydınlaşdırır, təbii ki, o, bu imtinanı telefonda Putinə demək, üzrxahlıq etmək istəyərdi, lakin rəsmi məktub yazmaqdan başqa əlindən heç nə gəlmədi.

Və mövcud səbəblər Paşinyanın hər vəchlə təmas qurmaq istədiyi Putinlə məhz indi görüşməkdən qorxduğunu göstərir.

Birinci səbəb: “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyanın deputatlıq toxunulmazlığının ləğvi və həbs edilməsi Ermənistanda pandemiyanın yaratdığı etiraz abu-havasının siyasiləşməsi ilə nəticələndi. Hazırda Paşinyanın yanında təkcə kiçik qüvvə ilə “Ermənistan Milli Komitəsi” partiyasının lideri Levon Ter-Petrosyan qalıb, bir neçə il öncə yaradılan, zəif elektorata malik “Sasna srer” partiyası isə Nikolu qismən dəstəkləyir. Digər böyük siyasi qüvvələr – parlamentdə ikinci və üçüncü böyük fraksiya olan “Çiçəklənən Ermənistan”, “İşıqlı Ermənistan”, Respublika və Daşnaksütyun partiyaları, o cümlədən, Milli Təhlükəsizlik Xidmətinin keçmiş sədri, “Vətən” partiyasının lideri və Paşinyanın yerinə potensial namizəd Artur Vanesyan hakimiyyətə qarşı birləşib. Buna paralel olaraq, pandemiyanın yaratdığı tibbi, sosial və iqtisadi böhran narazı elektoratın artması ilə nəticələndi. İki il öncə Paşinyanın hakimiyyətə gəlməsi üçün küçələrdə yatan insanlar bu gün açıq şəkildə ona qarşı çıxır. Misal üçün, iyunun 15-də hökumət binasının önündə keçirilən aksiyanın iştirakçısı, Ararat şəhərindən olan Tatevik Avetisyan adlı qadın belə deyirdi: “Mən uşaqlarımı küçələrə çıxardım, biz küçədə ona görə gecələyirdik ki, o, hakimiyyətə gəlsin və biz yaxşı yaşayaq. Amma bu gün mən yaxşı heç nə görmürəm”. Bu narazılıq fonunda Paşinyanın siyasi repressiyaları gücləndirməsi, polis zorakılığını artırması faktiki olaraq, onun hakimiyyəti üçün təhlükə yaradır. Onun Moskvaya getmək qorxusunun səbəblərindən biri məhz budur: Devrilmək. Ermənistanda mövcud vəziyyət Paşinyanın ölkədə olmadığı vaxt müxalifətin, eləcə də hakimiyyət daxilindəki narazıların kütləni küçələrə çıxararaq, Nikolu devirmək ssenarisini istisna etmir.

İkinci səbəb: Moskvada Putin Paşinyandan Ermənistandakı siyasi repressiyalara görə cavab istəyəcəkdi. Deputatlıq toxunulmazlığı ləğv olunan Sarukyanın Moskva ilə yaxın əlaqələri sirr deyil. Bununla yanaşı, keçmiş prezident Robert Koçaryana qarşı açılan cinayət işi, digər keçmiş prezident Serj Sarkisyanın da təzyiq altında olması Rusiyanın xoşuna gəlmir və Moskva bunu açıq mətnlə dəfələrlə dilə gətirib. Sarukyana – Rusiyanın Ermənistanın aktiv siyasətində dəstəklədiyi mövcud fiqura qarşı atılan addımlar da rəsmi Moskvanı qəzəbləndirməmiş deyil. Bu baxımdan, Paşinyan Putinə bunun cavabını verməkdən çəkindiyi üçün Moskvaya getmədiyini deyə bilərik.

İyunun 18-də Robert Koçaryanın girov qarşılığında azad edilməsi – cinayət işinə xitam verilməyib, sadəcə olaraq, haqqında həbs-qəti imkan tədbiri dəyişdirilib – Paşinyanın Sarukyanın həbsinə qarşı Rusiyanın münasibətini yumşaltmaq gedişi idi. Bu məqam həm də erməni baş nazirin iyunun 18-nə qədər Moskva səfərinə hazırlaşdığını, imtina qərarını iyunun 19-da verdiyi ehtimalını gücləndirir: Nikol Sarukyanı həbsə atdıqdan sonra Koçaryan haqqındakı həbs qərarını dəyişdirməklə Moskva səfəri öncəsi Rusiyaya “müsbət mesaj” vermək istəyirdi. Lakin sonra səfərdən imtina etdi. Bu iki amildən qaynaqlana bilər:

a) Qeyd etdiyimiz kimi, erməni baş nazir Azərbaycan liderini sadə dillə desək “təkrarlamaq” üçün bunu etdi. Prezident İlham Əliyev iyunun 18-də Vladimir Putinlə telefon söhbətində paradda iştirak edə bilməcəyini bildirdi. Mümkündür ki, Paşinyan İlham Əliyevlə Putinin telefon danışığı haqqında rəsmi xəbər yayılandan sonra getməmək qərarına gəlib. Bununla həm daxili auditoriyada “müstəqil siyasətçi” imicini yaratmaq, həm də anti-Rusiya mövqeyində olanların “Moskvaya niyə getdi” ittihamlarından yayınmaq istəyir. Burada “Sasna srer” partiyası və ətrafındakı digər qatı millətçilərin iyunun 11-də yayımladıqları çağırış yada düşür. Ermənistan mediasında yayımlanan çağırışda Paşinyanın Moskvada keçiriləcək hərbi paradda iştirak etməməsi üçün 8 tezis irəli sürülmüşdü:

- Rusiya Ermənistandan qaçan dövlət cinayətkarlarına sığınacaq verir;
- Ermənistanda dövlət əleyhinə olan gücləri və mafiya qruplaşmalarını dəstəkləyir;
- Azərbaycanı Ermənistana qarşı silahlandırır;
- Qarabağı Ermənistan üçün müharibə meydanına çevirmək istəyir;
- Ermənistanın sərvətlərini mənimsəyir;
- Qazın qiymətini ardıcıl şəkildə artırmaqla Ermənistanı boğmağa çalışır;
- Gümrü hərbi bazasında Ermənistan vətəndaşlarının həyatına qəsd edən hərbiçiləri gizlədir;
- Böyüklüyündən, yaxud kiçikliyindən aslı olmayaraq, bütün məsələlərdə Ermənistana qarşı saymazyana və aqressiv münasibət sərgiləyir;


Çağırışçılar bu tezisləri irəli sürərək, Paşinyandan Moskvaya getməməyi tələb edirdilər.

Daxili siyasətdə təklənən Paşinyanın ona qismən dəstək verən “Sasna srer” və ətrafındakı millətçilərin dəstəyini itirməmək üçün paradda iştirakdan imtina etməsi istisna deyil. Ölkədəki mövcud siyasi vəziyyət də onun üçün kiçik dəstəyin belə vacib olduğunu göstərir.

b) Səfər öncəsi Sarukyanın həbsi və daxildəki digər siyasi proseslərlə bağlı Rusiyadan mənfi siqnallar alıb və yeganə çıxış yolunun Putinlə üz-üzə gəlməmək olduğunu anlayıb.

Üçüncü səbəb: Moskvada hərbi parad faşizm üzərində qələbənin 75 illiyinə həsr olunub və adını daşıdığı babasının nasistlərin sırasında döyüşməsi faktı Nikol Paşinyanın paradda iştirakı ilə bağlı gülünc vəziyyət yaradır. Paşinyan paradda iştirak üçün 75 erməni hərbiçini Moskvaya göndərsə də babasının düşmənlərini alqışlamaq istəmir. Eyni zamanda, bu faktın onun Moskvada Rusiyanın hərbi və siyasi rəhbərliyi tərəfindən soyuq qarşılanacağına zəmin yaratdığını da anlayır.

Ermənistanın baş nazirinin Moskva səfərindən qəfil imtina etməsinin arxasında hər üç səbəb mövcuddur, hərçənd, bununla Rusiyanın ona qarşı onsuz da pis olan mənfi münasibətini daha da sərtləşdirəcək...

Asif Nərimanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar