Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SƏRT KARANTİN DÖVRÜ İLƏ BAĞLI QƏRARLAR AÇIQLANdI - VİDEO (Yenilənib)

20-06-2020, 12:40   



 "Hələ uzun müddət bu vəziyyətdə yaşamağa hazır olmalıyıq"

Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Bu dəfəki mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev iştirak edirlər.

Qeyd edək ki, sabahdan xüsusi karantin rejimi yenidən sərtləşdirilir. Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərar imzalayıb.

“Son 2 həftədə nəticəni görə bilmədik...”

Y. Qarayeva məlumat verib ki, yeni yoluxmalar artıb, ölüm sayı 143-ə çatıb: "Biz qısa qapanma edilmiş son 2 həftədə nəticəni görə bilmədik, tam əks nəticə ilə qarşılaşdıq. Biz istəyirik sosial məsafəni azaldaq. Xahiş edirəm bunu başa düşəsiniz".

Y.Qarayeva əlavə edib ki, indiyədək 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



Cavan və orta yaşlı xəstələr arasında ağırlaşmalar var

Bunu da Y.Qarayeva bildirib. Onun sözlərinə görə, virus yaş, sərhəd, sosial təbəqə tanımır: "Virus mutasiya edir, bu gün simptomları olmayan xəstələr çox azdır. Bugünkü xəstəlik mart ayındakı xəstəlikdən fərqlidir. İndi virus daha ağır xəstəliyə səbəb olur. Virusun mutasiyası davam edir. Hər bir kəs özünü və bu yolla öz ətrafını qorumalıdır”.

Sistem belə işləyəcək

Tədbirdə “E-TEBİB” mobil tətbiqi təqdim olunub. Mobil tətbiq blutuz bağlantısı ilə işləyəcək. Bildirilib ki, istifadəçinin statusu göy rəng olarsa, demək həmin şəxs virusa yoluxmayıb və virusa yoluxanla ünsiyyətdə olmayıb, sarı rəng həmin şəxsin virusa yoluxan adamla ünsiyyətdə olduğu deməkdir. Qırmızı rəng həmin şəxsin virusa yoluxduğunu göstərir, yaşıl rəng isə həmin istifadəçinin artıq test verib neqativ nəticə aldığını bildirəcək.

Ülvi Mehdiyev isə bildirib ki, “icaze.e-gov.az-dan icazə yalnız işə gedib-gəlmək üçündür. icaze.e-gov.az portalı fəaliyyətinə icazə verilmiş qurumlar və əməkdaşlar üçündür. Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcəklər.


Ölkədaxili uçuşlar zamanı bileti göstərməklə evə gedib-gəlmək mümkündür

Ü.Mehdiyev bildirib ki, insanlar bilet əsasında hava limanına gedə və geri qayıda biləcəklər. "İki həftə ərzində beynəlxalq və yerli uçuşlar da olacaq. Həmin sərnişinlər sərhəd xidmətindən keçərkən pasportlarına ştamp vurulur. Bunun əsasında aeroportdan rahat evə gedə biləcəklər. Ölkədaxili uçuşlar zamanı da insanlar bilet əsasında hava limanına gedə və qayıda biləcəklər.

Onun sözlərinə görə, SMS icazə xidmətlərindən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər.

Yaxın qohumların dəfnində iştirak üçün 102-dən icazə alınacaq

Bu dəfə dəfndə iştirak etmək istəyənlər 102-dən icazə almalıdılar. Ü.Mehdiyev bildirib ki, vətəndaşlar xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonunun ərazisində dəfn mərasimlərində DİN-in 102 xidmətindən icazə aldıqdan sonra iştirak edə biləcəklər.

Kamran Əliyev isə bildirib ki, xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonunun ərazisində hərəkət qaydalarına riayət olunmasına nəzarət DİN tərəfindən həyata keçiriləcək.

Onun sözlərinə görə, artıq ikinci gündür Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayanların rayonlara getməsi müəyyən olunub. Onlardan 5 000-ə yaxını müəyyən edilib.

K.Əliyev bildirib ki, torpaq yolla rayona getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən istifadə ediləcək. Bu karantin rejiminin pozulmasıdır: "Maşın postdan keçirsə, əgər həmin avtomobil növbəti mərhələdəki postda görünmürsə, bu, karantin rejiminin pozulması kimi qiymətlənliriləcək".

K.Əliyev SMS icazə ilə bağlı da danışıb. Bildirib ki, aprel və may aylarında bəzi vətəndaşlar çölə çıxıb, yalnız polisi görəndə SMS icazə üçün mesaj göndəriblər. Belə hallara yol verilməməlidir. Doğrudur, mesaja cavab qısa müddətdə gəlir, ancaq mesaja cavab gecikən zaman və bu hal aşkarlananda vətəndaşlar inzibati məsuliyyətə cəlb olunacaqlar.

Y.Qarayeva təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, son həftələr koronavirus testi neqativ çıxmış, yaxud hələ cavabı çıxmamış ikitərəfli pnevmoniya olan xəstələr çoxdur: "Son həftələr aktiv xəstə sayından da çox koronavirus testi neqativ çıxmış, yaxud cavabı açıqlanmamış ikitərəfli pnevmoniyalı xəstələrimiz var. O xəstələr artıq keçən həftədən koronavirus xəstəsi kimi xəstəxanalara qəbul olunurlar.

1 kodundan istifadə edənlər həmin gün 2 kodundan da istifadə edə bilərlər

Ü.Mehdiyev bildirib ki, tibbi zərurətlə bağlı SMS icazə alacaq şəxslər zəruri ehtiyacla da bağlı müraciət edə bilərlər. Amma vətəndaşlar bundan sui-istifadə edirdilər. Hətta keçən dəfə bəzi vətəndaşlar dəfnlə bağlı 3 kodundan da istifadə edirdilər. İndi vətəndaşlar gün ərzində tibbi xidmətlə bağlı 1 kodundan istifadə edirsə, gün ərzində 2 kodundan da istifadə edə bilərlər. Lakin vətəndaşlar belə hallardan sui-istifadə etməməlidirlər. Belə hallar aşkarlananda polisə müraciət ediləcək.

 Son günlər ailədaxili yoluxma halları qeydə alınır

“Biz keçən dəfə qapanmalar etdik. Amma bizim “narıncı” zonada yaşayan vətəndaşlarımız “sarı” zonaya getdilər”.  Bunu da Yaqut Qarayeva deyib.

“Təbii ki, istirahət etmək lazımdır. Amma virusun yayılması məsələsini nəzərə almalıyıq. Son günlər qeydə alınan yoluxma halları ailəiçi yoluxmalardır. Bir ailədə yaşayan nənə, baba və s. şəxslərdə yoluxma halları müşahidə olunur”, - o bildirib.


Koronavirusdan sağalan şəxslərdən test götürülməsinə başlanılıb

Yaqut Qarayeva deyib ki, koronavirusdan sağalanların yenidən yoluxması sualına cavab vermək çox çətindir. 

“Bu gün biz xəstəliyi keçirən şəxslərdən test götürməyə başlamışıq. Yəni ki, yoluxub sağalan şəxslərin immunetinin müəyyənləşdirilməsi üçün test edirik. Bunun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, - o bildirib.

"Uzun müddət bu vəziyyətə yaşamağa hazır olmalıyıq"

Yaqut Qarayeva əhalini məsuliyyətli olmağa çağırıb.  O, hələ uzun müddət belə şəraitdə yaşayacağımızı bildirib. 

"Vətəndaşlar yoluxma az olan rayonlara səfər etdilər. Bu da həmin bölgələrdə yoluxmaları artırdı. Hər kəs istirahət istəyir, biz də yorulmuşuq. İnanmasanız da belədir, biz uzun müddət bu vəziyyətdə yaşamağa hazır olmalıyıq"- deyə qeyd edib.  

Bu şəxslərin SMS icazədən istifadəsi mümkün olmayacaq

“Evdə müalicəsi tövsiyə olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq”.Bunu  Ülvi Mehdiyev  deyib.

“Çünki onlar evdə müalicə alırlar və hansı ki, onlar özünütəcrid rejimindədirlər. “Həmin şəxslərin siyahısı TƏBİB tərəfindən bizə təqdim edilib. Onlar SMS yazsa belə, onlara cavab mənfi olacaq”, - o bildirib.

Karantin rejimində ən çox tibbi arayış verilən rayonun adı açıqlandı

Kamran Əliyev bildirib ki, iyunun 18-də təxminən 200-ə yaxın tibbi arayışla Bakıya istiqamətinə gələn şəxslər olub. 

“Ən çox arayış Siyəzən rayonu ərazisindən verilib. Burada şəxslərə müalicə və müayinəsi ilə bağlı arayışlar verilib. Yaxşı olar ki, arayışda göndərilən bir tibb müəssisəsinin də adı qeyd olunsun”, o bildirib.

Avtobus sərnişinlərinin yalnız 30-40 faizi maskadan istifadə edir

Kamran Əliyev deyib ki, bir çox sahələrdə fəaliyyət dayandırılıb. İctimai nəqliyyatın hərəkəti üçün ayrıca zolaqların ayrılmasını biz də istəyərdik, amma Bakıda bu zolaqların yaradılması bütün küçələrdə mümkün deyil.

Onun sözlərinə görə, sərnişinlərin avtobusda olarkən maskadan istifadə etməsi vacibdir: "Xahiş edirik ki, ictimai nəqliyyata minən şəxslər mütləq tibbi maskalardan istifadə etsin. Sərnişinlərin təxminən 30-40 faizi maskadan istifadə edir. Polis bütün avtobusları bir-bir saxlayıb cərimə edəsi deyil. Vətəndaşlar məsuliyyətli olmalıdır”.

Rayonlara gedənlər  məsuliyyətə cəlb olunacaqlar

Kamran Əliyev deyib ki,  icazəsi olmayan şəxslər rayonlara getməsinlər: "Amma buna baxmayaraq, bəziləri getməyə cəhd göstərdilər. Əlbəttə ki, torpaq yolla gedənlər də olub”.

"Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Hazırda torpaq yolla, yaşadığı yeri icazəsiz tərk edərək rayonlara gedənlərlə bağlı araşdırma aparılır. Amma bundan sonra keçməyə cəhd göstərənlər xüsusi texniki vasitələrlə müəyyən olunacaq və məsuliyyətə cəlb olunacaqlar”, - o bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar