Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baş redaktor NKOQ-nin KİV-ə aşağılyacı münasibətini gündəmə gətirdi

22-06-2020, 13:05   


Xəbərin çap versiyası


Baş redaktor NKOQ-nin KİV-ə aşağılyacı münasibətini gündəmə gətirdi


"İş həftəsinin başlamasını da nəzərə alsaq, Mətbuat Şurası da daxil olmaqla müvafiq ictimai və rəsmi qurumlar bu məsələnin çox qısa müddətdə həllinə nail olmalıdır”.



Bunu tanınmış jurnalist, "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Operativ Qərargahın sərt karantin rejimində statdankənar jurnalistlərin fəaliyyətinə icazə verilməməsi qərarına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın NKOQ) son karantin rejimi və icazə sistemi haqda qərarında kütləvi informasiya vasitələri (KİV) nümayəndələri ilə bağlı tələblər çox müzakirə olunur:

"Yalnız redaksiya ilə əmək müqaviləsi əsasında işləyən jurnalistləri, media nümayəndələri üçün e-icazə.qov.az portalına müvafiq məlumatları yükləməklə evdən çıxış icazəsi əldə etmək olur. İcazə redaksiyalarla əmək müqaviləsi olmadan əməkdaşlıq edən ştatdankənar müxbirlərə şamil edilməyib. Bu da ştatdankənar qaydada jurnalist fəaliyyəti göstərən həmkarlarımızın narazılığına və normal fəaliyyət göstərə bilməməsinə səbəb olur. Bunu jurnalistlər arasında ayrı-seçkilik, hətta mətbuata aşağılayıcı münasibət kimi şərh edənlər də var.

Bir çox həmkarlarımız haqlı olaraq Mətbuat Şurasının bu məsələyə münasibət bildirməsini istəyir, problemin həlli üçün kompetent müdaxilə tələb edir. Mən Mətbuat Şurasının İdarə Heyətində təmsil olunsam da, Mətbuat Şurası adından mövqe bildirə bilmərəm. Təkcə ona görə yox ki, orda qərarların qəbulunda söz sahibi olaraq illərlə formalaşmış çoxluğa daxil deyiləm, həm də ona görə ki, Mətbuat Şurasının mövqeyini onun sədri ifadə edir. Konkret olaraq, bu məsələ ilə bağlı İdarə Heyətində heç bir müzakirə olmayıb və qərar da qəbul edilməyib. Bəlkə MŞ-nin hansısa Komissiyasında bu məsələyə baxılıb. Ancaq mən Mətbuat Şurasının heç bir komissiyasının üzvü olmadığım üçün bundan da məlumatım yoxdur. Buna görə Mətbuat Şurasının sədrinə və İH üzvlərinə NKOQ-ın tətbiq etdiyi bu icazə sisteminin KİV nümayəndələrinə münasibətdə tətbiqinin praktik tərəfləri, məhdudiyyətlərlə bağlı onlayn rejimdə olsa da, müzakirə keçirməyi və problemin həllinə yardımçı olmağı təklif edirəm”.

Bahəddin Həziyev qeyd edib ki, bu icazə sistemi yalnız redaksiyalarla əmək müqaviləsi olan jurnalistlərə hərəkət sərbəstliyi verir:

"Çünki məhz əmək müqavilələri elektron hökumət portalında qeydiyyatdadır. Yəni belə çıxır ki, redaksiyalarla əmək müqaviləsi olanların jurnalist statusu tanınır, ştatdankənar əsasda əməkdaşlıq edənlərin statusu tanımır. Düşünürəm ki, bu, qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanunun müvaviq maddəsi ilə ziddiyyət yaradır. Həmin maddə (Maddə 49. Jurnalistin statusu) belədir:

"Jurnalistin bu qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir:

1) Kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirlərinə;

2) Kütləvi informasiya vasitəsinin məlumat toplaması, hazırlaması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə.

Beləliklə, qanun təkcə redaksiyalarla əmək müqaviləsi olanların deyil, belə müqavilə bağlamadan da əməkdaşlıq edənlərin jurnalist statusunu tanıyır.
Ancaq dövlətin əmək bazarı ilə bağlı elektron məşğulluq sistemində yalnız əmək müqavilələri qeydiyyatdan keçir. Biz hələ karantin ilk dəfə tətbiq ediləndə bu məsələyə münasibətimizi bildirmiş, təklifimizi də yazmışdıq. Təklif ondan ibarətdir ki, redaksiyalarla öz VÖEN əsasında mülki-hüquqi müqavilə (xidmət müqaviləsi) bağlayaraq əməkdaşlıq edən jurnalistlərə də iş icazəsi verilsin. Bunun üçün həmin mülki-hüqiqi müqavilələrin elektron qeydiyyat qaydasını da tətbiq etmək olar. Çünki redaksiyalarla ştatdankənar əsasda əməkdaşlıq edən jurnalistlərin də sayı az deyil. Jurnalistin işi məlumat toplamaq, hazırlamaq və yaymaqdır ki, bu da, onun cəmiyyəti məlumatlandırmaq kimi mühüm vəzifəsindən irəli gəlir. Media ictimai nəzarət instrumentidir. Karantin və bu çərçivədə tətbiq olunan qadağalara necə əməl olunmasına, bu rejimi təmin edən qurumların, o cümlədən, tibb və polis işçilərinin, eləcə də, fəaliyyətinə icazə verilmiş sahələrin fəaliyyətinə ictimai nəzarət lazım deyilmi?! Təbii ki, elə karantinin özünə də ictimai nəzarət lazımdır. Bunu da jurnalistlər təmin edir. Bu baxımdan, NKOQ bu ictimai nəzarət imkanlarını məhdudlaşdırmalı deyil, tam həcmdə təmin etməlidir. Ən başlıcası, NKOQ-ın qərarlarının hüquqi qüvvəsi qanunun hüquqi qüvvəsindən üstün deyil”.

Jurnalist bildirib ki, Mətbuat Şurası da daxil olmaqla müvafiq ictimai və rəsmi qurumlar bu məsələnin çox qısa müddətdə həllinə nail olmalıdır:

"Bir daha vurğulayıram ki, ştatdankənar müxbirlərin KİV ilə mülki-hüquqi müqavilələrinin elektron qeydiyyatını tətbiq etməklə bu problemi təkcə bu pandemiya dövrü üçün deyil, başqa bütün situasiyalar üçün birdəfəlik həll etmək lazımdır. Başqa bir formada hüquqi həll modeli tapmaq da olar. Qısası, jurnalistlərə qarşı ayrı-seçkilik və məhdudiyyət sayıla bilən bugünkü icazə modelinə KİV baxımından yenidən baxmaq və media mənsublarına daha geniş fəaliyyət imkanı yaratmaq lazımdır”.(Qaynarinfo)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar