Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

QƏLƏBƏ PARADINA KİMLƏR VƏ NİYƏ GƏLMƏDİ? –Belarus prezidenti tədbirdə heç kimlə kəlmə kəsməyib

26-06-2020, 09:40   

Kirill Krivoşeyev

“Kommersant”, 24.06.2020

 

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Moskvadakı paradda BMT-yə üzv olan 6 ölkənin: Serbiya, Belarus, Moldova, Qazaxıstan, Özbəkistan və Tacikistanın rəhbərləri iştirak ediblər. Qırğızıstan prezidenti Sooronbay Jeenbekovın mərasimdə iştirakı son anda ləğv olunub. Bundan əlavə, Qırmızı Meydanda qismən tanınmış iki dövlətin – Abxaziya və Cənubi Osetiyanın rəhbərləri, həmçinin  (Bosniya və Herseqovinanın tərkibindəki) Republika Srpska prezidenti Milorad Dodik də iştirak edib.

“Kommersant” paradın gedişində liderlərin qarşılaşdığı əngəlləri və Rusiya prezidenti Vladimir Putinin dəvəti qəbul edərək hansı məqsədlərə nail ola biləcəklərini təhlil edib.

Qələbə Paradında çıxış edən Vladimir Putin “dünyada sülhü müdafiə edən hər kəsə ehtiram göstərmək üçün Moskvaya gələn müxtəlif ölkələrdən olan dostları, qonaqları” salamlayıb.

“Heç vaxt müttəfiqlərimizin Qələbənin yaxınlaşmasına verdiyi töhfəni unutmayacağıq… Planetin bu gün üzləşdiyi çağırışlar qarşısında da ən böyük dəyərin – insanın, xəyallarının, sevinclərinin, ümidlərinin dinc, sakit, konstruktiv həyatı davam etdirmək olduğunu bilirik, – deyə prezident davam edib. – Biz millətlər arasında dostluq və etimadın gücləndirilməsinin nə qədər vacib olduğunu başa düşürük və beynəlxalq gündəlikdəki ən aktual mövzularda dialoqa və əməkdaşlığa açığıq. Bunların arasında mürəkkəb, sürətlə dəyişən, birləşmiş dünyanın ehtiyacı duyduğu ortaq etibarlı bir təhlükəsizlik sisteminin yaradılması da var. Yalnız birlikdə onu yeni təhlükəli viruslardan qoruya bilərik”.

Əvvəlcə Kreml ən azı postsovet ölkələrinin bütün liderlərinin (Gürcüstan və Ukrayna istisna olmaqla) iyunun 24-də keçiriləcək paradın qonağı olacağına və ən yaxşı halda, Fransa və Xorvatiya prezidentləri Emmanuel Makron və Zoran Milanoviçin onlara qoşulacağına ümid etsə də, tədbir ərəfəsində siyahı ciddi şəkildə qısalıb.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Moskvaya səfərlərdən imtinanı karantin tədbirləri ilə izah ediblər. Xorvatiya prezidenti Zoran Milanoviç və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov daha qeyri-adi səbəblər gətiriblər.

Xorvatiya liderinin təyyarəsi xarab olub. Cənab Berdıməhəmmədov xaricdən qayıdanların hamısı üçün məcburi olan 2 həftəlik karantinə alınacağı və öz ad günündə qohumlarını qəbul edə bilməyəcəyindən qayğılanıb.

Türkmənistan prezidentinin 63 yaşı tamam olur, rəvayətə görə, İslamın banisi Məhəmməd peyğəmbər bu qədər yaşayıb, buna görə də, 63 yaş müsəlmanlar üçün müqəddəs sayılır.

Moskvaya gələn liderlərin son siyahısına 10 ad daxil edilib. Onlardan ikisi: Aslan Bjaniya və Anatoli Bibilov, qismən tanınmış Abxaziya və Cənubi Osetiyanı, Milorad Dodik isə Bosniya və Herseqovinanın bir hissəsi olan Republika Srpskanı təmsil edirlər. Bu ölkənin konstitusiyasına görə, ölkə serblər, xorvatlar və bosniyalılardan bir nümayəndənin daxil olduğu Rəyasət Heyəti tərəfindən idarə olunur.

Qalan qonaqlar BMT-yə üzv ölkələrin liderləridir: Serbiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan. Düzdür, onlardan biri, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov artıq Moskvaya gəldikdə, tədbirdə iştirak etməkdən imtina etməyə məcbur olub.

Qırğızıstan Prezidenti Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və bir təhlükəsizlik işçisində Rusiya Federasiyasına gəldikdən sonra COVID-19 aşkarlanıb.

Bundan sonra prezident Jeenbekov başda olmaqla, bütün Qırğızıstan nümayəndə heyəti geri dönüb və paraddakı xarici liderlərin sayı doqquza enib.

Bir çox qonağın Moskvaya parad olmadan da gəlməsi üçün səbəblər var idi. Məsələn, Serbiya prezidenti Aleksandr Vuçiçin partiyası ötən Bazar günü keçirilən parlament seçkilərində qələbə qazanıb və Kosovo probleminin həlli yolunda irəliləməyə qərar verib. Bu məsələdə Moskvanın mövqeyi əhəmiyyətli rol oynayır, buna görə də, dünən cənab Vuçiç Vladimir Putini bu məsələdə “dişə vurub”.

“Prezident Putinin mövqeyini və təhlilini eşitmək mənim üçün çox vacib idi, səmimi və mehriban görüşümüz oldu. Biz bütün əsas məsələlər, Kosovo və Metoxiya, bölgədəki vəziyyət, dünyadakı vəziyyət, iqtisadi əməkdaşlıq haqqında danışdıq”. Bunu Serbiya prezidenti “Twitter”-də yazıb. Artıq iyunun 27-də Vaşinqtonda Kosovo problemi müzakirə ediləcək.

Bundan əlavə, Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüş keçirib. Bu görüş bir neçə ay müddətinə planlaşdırılmış və əsas məqsədi Özbəkistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) ilə müşahidəçi statusu almasına hazırlıqdır. Ancaq prosedur hələ tamamlanmayıb, üstəlik, Aİİ mövzusu, Şavkat Mirziyoyevin mətbuat xidmətinin mesajında ümumiyyətlə qeyd edilməyib. Bunun əvəzində, prezidentlərin 12 milyard dollar dəyərində yeni layihələri müzakirə etdiyi deyilir.

“RİA Novosti”-nin verdiyi məlumata görə, paraddan sonra Vladimir Putin bir daha “ayaq üstə” Şavkat Mirziyoyev, eləcə də Qazaxıstan, Özbəkistan, Moldova və Tacikistandakı vəzifədaşları ilə danışıb. Eyni zamanda, agentliyin bildirdiyinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko “bütün bu müddət ərzində gözdən itib” və “heç kimlə ünsiyyət qurmayıb”.

Bu arada, üç oğlu ilə Moskvaya gələn Aleksandr Lukaşenkoya Vladimir Putinlə isti münasibət nümayiş etdirmək faydalı olardı.

Xatırladaq ki, iyunun 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Minskə səfəri zamanı cənab Lukaşenko iddia edib ki, Rusiya ilə Belarus arasındakı münasibətlərə adı çəkilməyən “Rusiya oliqarxları” badalaq vururlar: onlar gələcək prezident seçkilərində cənab Lukaşenko əleyhdarlarına gizli şəkildə himayədarlıq edirlər.

Parad zamanı Aleksandr Lukaşenko yüksək səviyyəli qonaqlarla kəlmə kəsməyib. “Vətənin paytaxtına gəlmişik! Qalib gələcəyik, dözərik, xəstələnməyin!” – deyə o, tribunalardan gələn alqışlara cavab olaraq qışqırıb.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar