Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

30-06-2020, 20:42   

 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən KİV nümayəndələri üçün növbəti brifinq keçirilir.

Virtualaz.org bildirir ki, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva iştirak edirlər.

Pandemiyanın nə vaxt başa çatacağı bilinmir

Hikmət Hacıyev bildirib ki, koronavirus müharibə kimi qəbul edilməlidir. Hazırda dünya miqyasında koronavirusla vəziyyət ürəkaçan deyil. Dünyada pandemiyanın nə vaxt başa çatacağı bilinmir. Koronavirus dünya miqyasında fəsadlara yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr, konfiktlər mövcud idi. Burada ən başlıca məqam isə insanların həyatıdır.

H. Hacıyev deyib ki, bu pandemiyanın nə zaman başa çatacağı, virusa nə zaman qalib gələcəyimiz barədə məlumat yoxdur: “Koronavirus dünyada mövcud olan aclıq, yoxsulluq və digər problemləri də ağırlaşdırır. 1933-cu il böhranından bu yana görünməmiş qlobal tənəzzül proqnozlaşdırılır. Dünyada virusa yoluxan 500 mindən artıq insan həyatını itirib”.

Xüsusi karantin rejimi uzadıla bilər

Prezidentin köməkçisi deyib ki, xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var: “5 iyula qədər Azərbaycanda xüsusi karantin rejimi uzadılıb. Daha 2 həftə xüsusi karantin rejiminin uzadılması barədə rəy var. Bununla bağlı məlumat veriləcək”.

Prezidentin köməkçisi çarter reysləri haqda

H.Hacıyev bildirib ki, Bakı-İstanbul-Bakı istiqaməti üzrə çarter uçuşları reallaşdırılır. Digər istiqamətlər üzrə çarter reyslərinin təşkil edilməsi nəzərdən keçirilir.

H.Hacıyev qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur. İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur.

Prezident köməkçisi onu da bildirib ki, bu gün Dağıstandan Azərbaycana daha 250 nəfər gətirilib: “Onlar xüsusi ayrılmış avtobuslar vasitəsilə sərhədi keçiblər. Rusiyadan gətirilənlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib. Onlar ilk olaraq müvafiq tibbi yoxlamadan keçiriliblər”.

Hikmət Hacıyev deyib ki, qarşıdakı 15 gündə COVID-19-la bağlı BMT BA-nın xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir.  Qlobal xarakter daşıyan koronavirus pandemiyasına qarşı qlobal fəaliyyət formalaşdırılmalı idi: “Virusa ilk yoluxmanın qeydə alındığı 6 aydan artıq müddətdə qlobal səviyyədə həmrəylik tam formalaşdırılmayıb. Ona görə də Prezident İlham Əliyev tərəfindən qlobal həmrəylik təşəbbüsü göstərilib. BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Problemlə mübarizədə qlobal həmrəylik olmalıdır”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq. Simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur. Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması planlaşdırılır. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır. Onlar evdə təcrid olunmalıdılar: “Bir çox vətəndaşlarımızda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər. Buna görə də özbaşına müalicə olunurlar.  COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”, - Zeynalov  bildirib.

Xəstəxanaların işi daha səmərəli olacaq

Nadir Zeynalov bildirib ki, poliklinikalar koronavirusla mübarizəyə qoşulandan sonra xəstəxanaların işi daha səmərəli olacaq. Koronavirusu simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müşahidə və müalicəsi poliklinikaların üzərinə qoyulur. O əlavə edib ki, poliklinikalar yükün bir qismini üzərinə götürəndən sonra xəstəxanaların işinin daha səmərəli olacağı gözlənilir. Xəstəliyin ağırlaşmalarını görmək istəmiriksə, poliklinikalara tez müraciət etməliyik.

Evdə müalicə necə olacaq?

N.Zeynalov bildirib ki, ev şəraitində müalicə olunanlar evi tərk etməmək barədə iltizama qol çəkirlər. Koronaviruslu xəstə sahə həkimi ilə telefonla əlaqə saxlayacaq və ona ev şəraitində nəzarət həyata keçiriləcək.

Özünü narahat hiss edən şəxslərin polikliniklara gəlməsinə ehtiyac yoxdur

Bunu isə N.Zeynalov bildirib. Əlvə edib ki, istər təcili yardım işçiləri, istərsə də xəstəxana işçiləri xəstəliklə mübarizə aparırlar. Bununla yanaşı, koronavirus infeksiyası ilə yanaşı digər xəstəliklər də var: “Hazırda özünü narahat edən şəxslərin polikliniklara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər. Ona görə də həmin şəxslər bununla bağlı sahə həkimləri ilə əlaqə saxlaya bilər. Həmin şəxslərin müayinəsi sahə həkimlərinin nəzarəti altında həyata keçiriləcək”.

Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb

Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb. Məlumatlar bu məntəqələrə çatdırılacaq, xüsusi həkim briqadası evə gələrək analiz götürəcək. Testin nəticəsi çıxana qədər evdə təcrid olma və digər təlimatlar veriləcək. Əgər testin nəticəsi müsbət çıxarsa, yüngüldürsə, müalicə sahə həkiminin nəzarəti altında aparılacaq. Yüngül xəstələrin durumu ağırlaşarsa, təcili yardıma məlumat veriləcək və həmin xəstələr xəstəxanalara çatdırılacaq. Zeynalov əlavə edib ki, yayılmanın sürətini azaltmaq üçün insanların təmasını azaltmaq lazımdır: “Əgər əlamət olan insan poliklinikaya gələcəksə, onu ordan uzaqlaşdırmayacaqlar. Orada həmin insanın vəziyyəti qiymətləndiriləcək, lazım olsa test götürüləcək və xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaq”.

Ev şəraitində müalicəsi olunan xəstələrin statistikasının aparılmasına başlanır

Bunu Zeynalov deyib. Qeyd edib ki, xəstəxanada müalicə almış xəstələr evə buraxılarkən onlar sahə poliklinikalarında qeydiyyata götürülür və müalicələrini davam etdirirlər. Hazırda Bakı və Bakı ətrafındakı qəsəbələrdə iki minə qədər belə xəstə qeydə alınıb.

Yaqut Qarayeva isə məlumat verib ki, artıq koronavirus xəstələri SMS-lə icazə alıb, çölə çıxa bilmirlər. Hər hansı şəxs test veribsə, cavab çıxana qədər sölə çıxmamalı, sosial məsuliyyət hiss etməlidir.

SMS icazə ilə bağlı müzakirə gedir

Yaqut Qarayeva bildirib ki, son zamanlar testə bağlı müraciətlər çox olur. “Bu gün kliniki simptomları olan, eləcə də yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edilir. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”,-Qarayeva deyib.

Onun szölərinə görə, test cavablarının gecikməsi halı yoxdur, əksinə yoluxma sayının artması prosesə təsir göstərir: “Karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. SMS icazəsi ilə bağlı qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də yəqin müzakirə olunacaq”.

Testlərin cavabı e-təbib vasitəsilə açıqlanacaq

Bunu isə Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür e-təbib mobil tətbiqi tətbiq olunur. “İnsanlara artıq bir neçə gündür SMS getmir. e-təbib üzərindən testlərin cavabları açıqlanacaq. SMS-lə bağlı müəyyən çatışmazlıqlar olub ki, bunlar da aradan qaldırılıb”,-Qarayeva deyib.

Cəlilabad xəstəxanasının həyətindəki tibbi tullantılarla bağlı açıqlama verildi

Y.Qarayeva deyib ki, COVID-19 xəstəxanalarda olan tibbi tullantıların məhv edilməsi ilə bağlı məsələ daim diqqətdədir. Tibbi tullantılarla bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həyətində çəkilən görüntülər araşdırılıb və təkrar olunmaması üçün tədbirlər görülüb. Qeyd edək ki, görüntülərdə tibbi tullantıların həyətə atıldığı yer alıb.

Hadisələrin pis gedişatı üçün variantlar hazırlanıb

Y.Qarayeva məumat verib ki, hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb.

Onun sözlərinə görə, yoluxanların sayının pik həddə çatmasını gözləmirlər. “Prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq. Amma biz əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın. Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”

Ülviyyə Xudiyeva

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar