Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqtisadiyyatın “xilas paketi”ndə nələr var? - “100 milyon yox, 100 milyonlar ayrılmalıdır"

4-08-2020, 17:34   


İqtisadiyyatın “xilas paketi”ndə nələr var? - “100 milyon yox, 100 milyonlar ayrılmalıdır"

“İqtisadi paketlə əlaqədar yeni təkliflər təqdim edilib”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:
“Yaxın günlərdə İqtisadiyyat Nazirliyi, aidiyyəti strukturlar tərəfindən vergi ödəyicilərinə və muzdlu işçilərini ixtisara salmamış və dövlət tərəfindən müəyyən olunmuş qanun çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bu şərtlər tətbiq olunacaq”.
H.Hacıyev əhaliyə sosial müavinətlərin verilməsi ilə bağlı vurğulayıb ki, hazırda bununla bağlı müzakirələr davam etdirilir:
“Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq”.
Azərbaycan artıq uzun müddətdir ki, pandemiya və karantin şəraitindədir. Bu müddət ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatına, o cümlədən də onun tərkib hissəsi olan biznes sektoruna ciddi zərbələr dəyib. Bu müddət ərzində dövlət tərəfindən özəl sektora və əhaliyə müəyyən yarımlar edilsə də, bunlar qənaətbəxş hesab edilmir. 6-cı ayda hələ də dəstəklə bağlı təkliflərdən danışılır.
İqtisadi paketlə bağlı hansı təkliflərdən söhbət gedir?
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamsında bildirib ki, həmin təkliflərlə bağlı rəsmi məlumat yoxdur:
“Yeganə bilinən məsələ odur ki, parlamentdə büdcə dəyişiklikləri ilə bağlı məsələ müzakirəyə çıxarılacaq və dəyişikliklərdə təqribən 100 milyon manatlıq biznesə dəstək nəzərdə tutulur. Əslində 100 milyon manat çox kiçik bir məbləğdir. Vergi və gömrük qanunvericiliyində müəyyən dəyişikliklərə ehtiyac var, amma bu yetərli deyil. Vergi güzəşti o zaman yetərli olur ki, biznesin fəaliyyəti olur, amma güzəşt tətbiq etməklə onun az olan gəlirlərinin özündə saxlanmasına qərar verilir. İndiki halda restoranların, kafelərin, turizm obyektlərinin və s. gəlirləri onsuz da yoxdur, onlara vergi güzəştinin tətbiq edilməsinin ciddi əhəmiyyəti də olmayacaq. Ona görə də yeni paketdə problemlərin dərinliyinin ciddi şəkildə ölçəcək bir yanaşmaya ehtiyac var”.
İqtisadçı deyir ki, indiki halda biznesin əsas problemləri icarə haqları, kredit faizləri, ucuz və uzunmüddətli kreditlərə çıxış imkanlarının məhdud olması ilə bağlıdır:
“Təəssüf ki, həmin 100 milyonluq paketdə bütün bunların əhatə olunacağını söyləmək mümkün deyil. Azərbaycanda kiçik və orta sahibkarlıq pandemiyadan əziyyət çəkir, karantin tədbirləri 6-cı aydır ki, davam edir və bu aylar ərzində biznesə dəstək üçün çox kiçik həcmli addımlar atılıb ki, əsasən də bu addımlar aprel-may aylarını əhatə edib. Ondan sonra isə hansısa ciddi dəstək addımı atılmayıb.
Bu da iş yerlərinin qapadılmasına, müflüs olanların sayının artmasına gətirib çıxarır. Bu durum gələcəkdə daha ciddi problemlərin yaranmasına səbəb olacaq. Çünki orta və kiçik sahibkarlığın sıradan çıxması daha sürətlə baş verir, nəinki onun bərpası. Sentyabrdan sonra karantin rejimi tamam aradan qalxsa belə, həmin sahələrin bərpası üçün zaman - ən azı 1 il lazım olacaq. Həmin 1 il ərzində belə biznesə dəstək lazımdır ki, onlar sıradan çıxmasınlar. Burada söhbət 100 milyon manatdan yox, 100 milyonlarla manat dəstəkdən getməlidir”.
6-cı aydır karantində olan Azərbaycan üçün indi biznesə dəstəklə bağlı proqramların hazırlanmasından, təkliflərdən danışmaq gecikmiş addım sayılmırmı?
Natiq Cəfərli deyir ki, bunlar çox gecikmiş addımlardır:
“Hələ mart ayında, ölkədə karantin elan olunmamışdan əvvəl təşkilatımız tərəfdən hökumətə müəyyən təkliflər səsləndirilmişdi. Biz israrla vurğulayırdıq ki, nə qədər tez və əhatəli proqramlar qəbul olunsa, ziyanın qarşısının alınması asan olur və ucuz başa gəlir. Təəssüf ki, gecikmələr bu gün də davam edir, xüsusilə də problemli kreditlər, icarə haqları, vətəndaşlara yardımlarla bağlı çox ciddi gecikmələr və səhvlər var. Aprel-may aylarında cəmi 600 min insana, iyun ayında isə cəmi 284 min nəfərə 190 manat ödənildi. İyul-avqust ayları üçün isə heç bir qərar yoxdur.
Vətəndaşlara maddi yardımla bağlı ciddi paketin hazırlanması təəssüf ki, gözlənilmir. Biznesə də aprel-may aylarında müəyyən güzəştlər olundu, 2019-cu il vergilərinin bir hissəsi geri qaytarıldı, bəzi biznes sahələrində çalışanlara – 307 min vətəndaşa maaş dəstəyi göstərildi. Amma bu sahədə 100 minlərlə qeyri-leqal çalışanlar kənarda qaldı. Və ya rəsmən qapadılmayan sahələrə heç bir dəstək olmadı. Axı onların də fəaliyyətində ciddi problemlər – müştəri qıtlığı, dövriyyələrində azalmalar var. Məsələn mebel istehsalı və satışı ilə bağlı qadağa yox idi, amma toylar olmadığından o sahədə dövriyyə dəfələrlə aşağı düşüb”.
Xatirə Nəsirova
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar