Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı qızılsatanlarının toy həsrəti: “Aylardır xaricdən mal gətirmirik...” - AMMA EHTİYACDAN QIZILLARINI SATANLAR ÇOXALIB

4-09-2020, 15:04   


Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulması, bir yandan da virusun yayılmasının qarşısını almaq məqsədilə qızıl-zinət əşyaları satılan mağazaların cəmləndiyi iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməməsi zərgərlik məmulatları bazarına ciddi təsir göstərib.
Nazirlər Kabineti yanında Operativ Qərərgah avqustun 10-dan etibarən zərgərlik məmulatlarının istehsalına icazə verib, o cümlədən kiçik zərgərlik mağazaları fəaliyyətə başlayıb.
Virtualaz.org-un reportyorları paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən zərgərlik mağazalarına baş çəkiblər, pandemiya dövründə zərgərlik bazarının vəziyyəti ilə maraqlanıblar. Qızılsatanlarla söhbətlərimizdən bəlli oldu ki, hazırda alver getməsə də əslində qızıl-zinət əşyaları bahalaşıb. Çünki dünya bazarında qızılın bahalaşması Azərbaycan bazarına da təsir göstərib. Hazırda “İtaliya qızılı” kimi tanınan 750 əyarlı qızılın qramı 95-110, “Türkiyə qızılı” kimi tanınan 585 əyarlı qızıl isə 75-85 manata təklif edilir. Satıcılar onu da deyirlər ki, hazırda qızıl alandan öz zinət əşyalarını ehtiyac üzündən satanlar çoxdur. Qızıl almaq istəyənlər isə əsasən əmanət kimi saxlanılan “beşlik”, “onluq” qızıl məmulatlarına və yaxud qızıl külçələrə üstünlük verirlər.
“Aylardır, xaricdən mal gətirmirik...”
Metronun “28 May” stansiyasının yaxınlığında 10-a yaxın zərgərlik mağazası fəaliyyət göstərir. Mağazalardan birinin Rasim adlı satıcısı deyir ki, avqustun 10-dan, yəni dükanı açandan bu yana bir dənə də olsun bahalı qızıl-zinət əşyası sata bilməyib. Ara-sıra alver olur, hədiyyə kimi çəkisi az olan üzük, sırğa, ya da qolbaq alırlar. Brilyant qaşlı dəstlərə isə ümumiyyətlə əhəmiyyət verən, baxan yoxdur.
Başqa bir satıcı isə deyir ki, alver olmadığından mağazanın yarısını icarəyə verib, uzun müddətdir xaricdən mal gətirilmir, əllərində olan qızılların hamısını satışa çıxarıblar. Satıcı etiraf edib ki, alver olmasa da qiymət bahalaşıb. Bu da bir tərəfdən satışı zəiflədir.

Pandemiya ucbatından qızıllarını satışa çıxaranlar
Adil adlı satıcı 585 əyarlı qızılın qramını 85 manatdan təklif edir. Halbuki, qonşu mağazada həmin qızılın qramı 75 manatdan satılır. Satıcı and-aman edir ki, yalnız köhnə dəbli, işlənmiş qızıllar ucuz qiymətə satılır.
”Bayaq gördüyünüz o qadın 60 qramadək qızılını satırdı. Başqa mağazalarda qramına 55 manatdan təklif ediblər. Deyir ki, çarəsiz vəziyyətdədir. Pandemiyaya görə oğlu işləmir, buna görə də qızıllarını satmaq məcburiyyətindədir. Köhnə dəstləri sata bilmirik, alan yoxdur. Nə olsun ki, vaxtikən bu dəstlərə bir ətək pul verib” – bunu isə 28 Mall Ticarət Mərkəzi ilə üzbəüz qızıl alqı-satqı mağazasındakı satıcı deyib. Satıcı əlavə edib ki, son 10-15 gündə az qala hər gün öz qızıl-zinət əşyasını satmağa gətirənlər var: ” Qızılı adətən toyda-bayramda alırlar. Neçə müddətdir toy da yoxdur. Bundan sonra icazə verilsə belə məhərrəmlik ayına görə toy olmayacaq. Amma əlimizdən heç nə gəlmir. Camaat necə, biz də elə”.

“Beşlik” və “onluq” qızılları alıb ehtiyat kimi saxlayırlar
Çoxları qızılı etibarlı yığım vasitəsi kimi alırlar. Onlar da yalnız “beşlik” və “onluq”lara üstünlük verirlər. “Beşlik” və “onluq”ların qiyməti isə qulplu və qulpsuz olması ilə müəyyənləşdirilir. Məsələn, qulpsuz “beşlik” 500 manat, “onluq” isə 1000 manatdır.
Yaşlı satıcı deyir ki, pandemiya dövründə qızıl külçə almaq istəyənlər daha çox olub. Çünki, qızıl puldan daha etibarlıdır. İnternetdəki elan saytlarında həm qızıl külçələr, həm də müxtəlif zinət əşyalarını nisbətən ucuz qiymətə təklif edirlər. Satıcı deyib ki, onsuz da pandemiyaya görə bazarda durğunluq var. Bir yandan da alqı-satqı saytları qiymətləri öldürür.
Satıcılar pandemiyanın tez bir zamanda bitəcəyini, toyların başlayacağı günləri səbisizliklə gözləyirlər...
Ülviyyə Xudiyeva
İnarə Rafiqqızı
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar